Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ceyhun Bayramov Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi

Ceyhun Bayramov Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi


24-12-2019, 11:23
Ceyhun Bayramov Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi
Məlumat verildiyi kimi ötən həftə Təhsil naziri Ceyhun Bayramov Şəki şəhəri 11 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimində iştirak edib. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovanın da iştirak etdiyi tədbirdə nazirə dördmərtəbəli və beş korpusdan ibarət yeni məktəbdə 38 sinif otağı ilə yanaşı məktəbəhazırlıq qrupu otağı, hər cür avadanlıqlarla təchiz olunmuş fizika, kimya, biologiya, texnologiya, informatika, hərbi hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt zalı, idman zalı və 80 yerlik yeməkxana olduğu barədə məlumat verilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xəttlərinin çəkildiyi, binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana quraşdırıldığı da nazirin diqqətinə çatdırılıb.

Həmin gün C.Bayramov eyni zamanda Oğuz rayonu Padar kənd tam orta məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanışlıq olub. Ümumi təhsil müəssisəsində yaradılan şəraitlə tanışlıq zamanı nazirə bildirilib ki, Oğuz rayonu Padar kənd tam orta məktəbi 460 şagird yerlikdir, tədris binasında 24 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, texnologiya otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana və oxu zalı, informatika, məktəbəhazırlıq otağı, 72 yerlik yeməkxana, idman zalı yerləşir. Məktəb binasının istiliklə təmin olunması üçün təbii qazla işləyən müasir tələblərə cavab verən qazanxana və nasosxananın quraşdırılması barədə nazirə məlumat verilib. Lakin bölgəyə bu səfərində Ceyhun Bayramovun digər kənd məktəblərinin problemləri barədə nə dərəcədə məlumatlandırılıb?

Aktualinfo.org-un ötən həftə elə nazirin səfər etdiyi zonada olan orta məktəblərin acınacaqlı vəziyyəti ilə bağlı dərc etdiyi geniş yazıda hər şey öz əksini tapmışdı. Redaksiyanın Şəki,Oğuz,Qəbələ rayonlarının orta ümumtəhsil məktəblərinə ayrılmış dövlət vəsaitlərinin təyinatından kənar xərclənilməsinə dair çaldığı həyəcan təbilinin səsi geniş yayıldı. Amma çox təəsüf ki,bu səs nə Təhsil nazirinin,nə də sözügedən rayonların təhsil şöbələrinin müdirlərinin qulağına çatmadı.

Biz ötən yazımızda da qeyd etmişdik. Bir daha da qeyd edirik ki, bu gün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən işlər sayəsində ölkə ərazisində qazlaşdırılmamış çox az sayda kənd qalıb. Bölgələrdə aparılan bu quruculuq işləri kənd orta məktəblərindən də yan keçməyib. Kəndlərdə artıq orta məktəblər təbii qazla işləyən və müasir tələblərə cavab verən qazanxanalar vasıtəsi ilə qızdırılır. Nazir Ceyhun Bayramova bölgədə açılışında iştirak etdiyi orta məktəblərdə də qazanxana sisteminin qurulduğu barədə məlumat verildi. Dövlət büdcəsindən bu məqsədlərlə ayrılan milyonlarla vəsaitin hara xərcləndiyı görəsən naziri heç düşündürübmü? Bölgəyə səfəri zamanı istilik sistemi olmayan orta məktəblərə bir nazir kimi baş çəkməyən Ceyhun Bayramov üçün bu bəlkə də maraqlı olmayıb. Amma uşaqları soyuqdan donan kənd sakinləri üçün çox maraqlı olardı. Ceyhun Bayramova da onda maraqlı olardı ki, kənd orta məktəblərində odun yanacağının dövlətin ayırdığı vəsaitlərlə deyil, valideynlərdən toplanan pullar hesabına alındığını öz qulaqları ilə eşidəydi. Elə orta məktəblərin dezinfeksiya və dezinseksiya olunması barədə olan məlumatları da həmçinin. Yaxşı olardı ki,Ceyhun Bayramov bir nazir kimi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin fəaliyyəti ilə də yaxından bir maraqlanaydı. O,mərkəzin ki,müdiri Təhsil Nazirliyində Daxili Nəzarət şöbəsinin müdiri İlqar Mahmudovun dayısı oğludur. Hansı ki cəmi bir il əvvəl həmin vəzifəni özü tuturdu və dayisı oğlu Araz Babayevə təhvil verməzdən öncə büdcə pullarını özü talayırdı.

Aktualinfo.org ötən yazıda qazanxana sistemi olmayan orta məktəblərin isidilməsi üçün dövlət tərəfindən hər il külli miqdarda vəsaitin ayrıldığı barədə məlumat vermişdi. Amma bu vəsaitlərin hara sərf olunduğu barədə heç bir məlumat əldə edə bilməmişdi. Məsələn əldə etdiyimiz məlumatlara görə Şimal-Qərb zonasının ən bötük rayonu olaraq Şəkidə qazlaşdırılmamış çox az sayda kənd qalıb. O cümlədən də Oğuz və Qəbələ rayonlarında.Təhsil Nazirliyinin sözügedən rayonları əhatə edən edən 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi bu rayonlardakı orta məktəblərin qızdırılmasına odun yanacağının alınması üçün verdiyi sifarişin dəyəri 208 900 manat olduğu bəllidir. Bəs bu rayonlarda qazanxana sistemi olmayan neçə məktəb var? Ayrılan bu vəsaitlər hesabına neçə və hansı kənd orta məkəbləri üçün nə qədər odun yanacağı alınıb? Göstərilən məbləğə neçə kənd orta məktəbinə qazanxana sistemi quraşdırmaq olardı?

Qeyd edək ki, Şimal -Qərb zonasının Şəki,Oğuz Qəbələ rayonlarını əhatə edən 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 22.07 2019-cu ildə odun yanacağının alınması üzrə elan etdiyi tenderi “KRESPO” Məhdud Məsuliyyətli Cəmiyyəti qazanıb. 208900 manat dəyərində odun yanacağının satınalması nizamnamə kapitalı cəmi 2 manat olan bir MMC-yə həvalə olunub. MMC Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində tenderdə qalib olduğu gündən üç ay əvvəl,yəni 01.04 2019 -cu ildə vergi uçotuna alınıb. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi ev 4 göstərilən MMC-nin qanuni təmsilçisi Emil Elçin oğlu Mehdizadədir. Mərkəzin 17.04 və 14.06 2019-cu ildə derafizasiya, dezinseksiya və dezinfeksiya işləri üzrə elan etdiyi digər tenderləri isə “PROF-DEZ” MMC qazanıb. Hər bir tenderə 91804.83 manat büdcə vəsaiti ayrılıb. Bu MMC də Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Sabunçu rayonu,Bakıxanov qəsəbəsi ev 15 olan MMC-nin qanuni təmsilçisi Rəhimov Yusif Əlimədəd oğludur. Reyster tarıxındən son çıxarışı 2008-ci ildə olan bir MMC ilə ümumi dəyəri 183609.66 manatlıq bir müqavilə bağlanarkən dövlət satınalmaları haqqında qanunun tələblərinə burada nə dərəcədə riayət olunub?

Yuxarıda qeyd etdiyimiz kimi,son vaxtlar rayonlarda və kəndlərdə yeni qaz xətlərinin çəkilməsi ilə əlaqədar məktəblərə odun yanacağının alınması üçün külli miqdarda dövlət vəsaitinin ayrılmasına ehtiyac qalmır. Ona görə də 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun yanacağının alınması ilə bağlı elan etdiyi tenderlərdə qanun pozuntularına yol verilməsi qənaətinə gəlməmək olmur. İsitmə sistemi quraşdırılmamış məktəblərdə isə odun yanacağının valideynlərin hesabına alınması heç kimə sirr deyil.Bəs bir neçə ay ərzində rayon məktəblərinə odun yanacağının alınması və dezinfeksiya işlərinin aparılması məqsədi ilə ayrilmış 400 000 manat civarında dövlət vəsati necə olub? Biz bir mətbuat orqanı olaraq Azərbaycan Respublikasının Hesablama Palatasından və Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən bu vəsaitlərin təyinatı üzrə xərclənib,xərclənməmməsinə aydınlıq gətirilməsi üçün yoxlamaların təşkil olunmasını tələb edirik.

Geri qayıt