Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Adil Vəliyevin viran qoyduğu Sabunçu...

Adil Vəliyevin viran qoyduğu Sabunçu...


5-12-2019, 12:52
Adil Vəliyevin viran qoyduğu Sabunçu...
Nədənsə adından Sibir soyuğunu canıma ötürdüyüm Sabunçu həmişə mənim üçün ölüm düşərgəsindən başqa bir yer olmayıb. Gözdən - könüldən uzaq düşmüş bu yerləri “tanrının qəsdən unutduğu” mübarək bir parça məmləkət də adlandırmaq mümkün. Sabunçu ağır bir aha, bir kibrit çöpünə də alışmağa hər an hazır durub bəkləyən özü boydaca neft çəlləyidir.

Bir-iki il bundan əvvəl, qollarımı içirməyib məhəllədəki zibil tığını təmizləməyə başlayanda, Balaxanı Neftin külüng, paya, zopa sevər əməkdaşlarının dediyinə görə, bir vətəndaş olaraq, sən demə, mən səhv iş tutmuşam. Nəyə görə canlını zəlilliyə götürən bu siçovullu, ilan-çayanlı, mışovullu zibilliyi gözəlləşdirmişəm? İkincisi, bu ərazilər guya Neft Şirkətinin balansındaymış! (Qızın iki adaxlısı varmış) Qanuna görə, bu yerlərdə daşı daş üstə qoymaq cinayətdir! Mən də əməkdaşlara bildirməli olurdum ki, zibillik təmizləmək cinayətdirsə, bəs Sabunçu ərazisində minlərlə neft buruqlarını gecəylə yoxa çıxarmaq, yəni “axtalayıb burmaq”, sonra da yerində tikintilərə icazə vermək, 2-3 mərtəbələr ucaltmaq Azərbaycan Respublikasının hansı qanunuyla tənzimlənir? Təbii ki, cavab yoxdur! Yalnız bir cavab vardı: onu rəisdən soruşun! İndi elə burdanca o rəis kimdirsə, ondan soruşuram....

Sabunçu tərəflər mənim üçün ona görə ölüm məskənini, zülm düşərgəsini xatırladır ki, burda yaşayan insanların heç birinin fiziki cəhətdən sağlam olması mümkün deyil. Üstəlik, Sabunçudakı üfunət və xarabalıqların, kanalizasiyaların, mazut gölməçələrinin məharətindən uşaq ölümü respublikada kəllə-çarxa vurub çıxır! Gecələr Utariti, sabahlara yaxın Ülkər ulduzunu zillətində, zifriliyində boğan üstüaçıq mazut sellərinin məhəllələrin, küçələrin, evlərin arasıyla gurul-gurul axıb getməsindən bu qədər dövlət qurumlarının, idarələrinin heç biri illərdir narahatlıq keçirmir. Bu qədər vətən övladının can çəkişməsinə tüklərini tərpətmir, di gəl, “neft-neft”, deyib, “ərazi - ərazi” deyib, bar-bar bağırmaqdan qürur hissi keçirənlərimiz bəs deyincədir. Dünyada hansı nəsnə, məhşəri nəfəsində aparıb gətirən insandan qiymətli və əvəzsizdir, qafil!

Neft, torpaq insandan mahiyyətcə nə qədər qiymətli ola bilər ki! Bu gün üz tutduğunuz inkişaf edən Qərb dövlətlərinin ilk və son idealı insan, fərd, onun azadlığı və hüquqları deyilmi? Milləti, insanı, can potensialı olmayan hansı torpaqdan və yurddan danışmaq mümkün?! Yaxşı ki, bəzi nadürüstlərin şərin pərvazlanıb qanad çaldığı əllərinə “qanun” dedikləri düşüb. İstənilən qanunun vazkeçilməzliyi və prinsipi insana, onun həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etməlidir! Bu qədər bəsit! Yanlış məmurların davranışları fonunda insanı cinayətə sürükləyən qanunun mahiyyətini, şəxsən anlaya bilmirəm!

*
Hələ mən Sabunçu rayonun “Anaşkin” adlanan küçəsinin (məhəlləsinin) rəzalətindən danışmıram. Koroğlu körpüsünü keçib Hava limanı deyə yola düzəldiyində, yolun sağında yaşıllıqlar göz oxşayır deyilmi? Lütfən bu yolun sağ üzü, yəni o yaşıllıqların arxasına keçib bir oradakı yaşayışa, həyata, küçəyə, evlərin çölə açılan qabı-bacasına bir göz atın, baxın görün hansı rəzilliklə qarşılaşacaqsınız.

Adil Vəliyevin viran qoyduğu Sabunçu...

İlin-günün bu çağında paytaxtın göbəyində küçələrimizə verilən adlardan birinə baxın: ANAŞKİN. Bu yurdda hər evdə az qala şəhid xatirəsi olmamış deyil. Mən ailələr tanıyıram ki, övladının Qarabağda şəhid olmasına belə sənət düzəldə bilmir. Qarabağda erməni gülləsinə tuş gələn övladının hər hansı bir sənədini düzəltməkdə zülmlər çəkir. Onların adları kimin xoşuna gəlmir ki? Olmazdımı bu küçələrin adını o gənclərin adıyla bəzəyək? Görünür, millətini əsir-yesir etmiş bir imperiyanın uğrunda can vermiş kommunistin, Anaşkinin adı görünür, bu məmləkətdə çoxlarının könlünü - gözünü oxşayır.

Bu “Anaşkin” adlı məhəllə mərkəzi yola olduqca yaxındır. Yolun kənarı boyunca yaşıllaşdırılmış bir hasar arxada hansı vəhşətin olduğunu görməyə imkan vermir. Böyük elektrik xətləri yerlə gedir.

Adil Vəliyevin viran qoyduğu Sabunçu...

Məhəllənin uşaqları top dalınca qaçdıqları vaxt o xətlərin üstündən hər gün min dəfə ötüb keçirlər. Böyük qaz borularının yaxınlığındakı zibil qalaqları kiminsə bir atəşindən qopan çınqılla bütün şəhəri alt - üst edə bilər. 5 metr o üzdə SOCAR-ın benzin məntəqəsi də bu mənzərənin tam tərkib hissəsində yer alır desəm, dəhşətə gələrsiniz. Hər tərəfdən axıb gələn kanalizasiya, ya yeraltı sular illərdir, yaxında yaşayan evlərin zirzəmilərində çarhovuz yaradır.

Adil Vəliyevin viran qoyduğu Sabunçu...

Evlərin divarları o sulardan, zirzəmi gölməçələrindən qapqara rəngiylə adamın canına oxuyur. Kimə müraciət edirsən et, xeyri yoxdur, mütləq günahı bir başqa qurum və təşkilatda görürlər. Sonucda hər kəs bu ağır topu bir - birinin üzərinə atır. Olan da insanlarımıza olur.

Adil Vəliyevin viran qoyduğu Sabunçu...

Bir məsələni vurğulamaq istəyirəm: rahat və mədəni, səliqəli düzəndə yaşamaq hər bir Azərbaycan insanının haqqıdır. Digər tərəfdən dövlətimizin imkanları bu nizamın tərtiblənməsi üçün kifayət qədər imkanlara sahibdir. Təmiz, səliqəli, abadlaşdırılmış şəraitdə insanların yaşamasının həlli istiqamətində hörmətli dövlət başçısı dəfələrlə göstərişlər verir, çıxışlarında vurğulayır.

Adil Vəliyevin viran qoyduğu Sabunçu...

Beləliklə, gerçəkdən, Sabuçuda gördüklərimin, şahidi olduqlarımın çoxunu yazmıram. Hələlik bunların yetərli olduğunun qənaətindəyəm.
Bakı Post

Geri qayıt