Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İlham Əliyev həmin ordeni alacaq...

İlham Əliyev həmin ordeni alacaq...


17-07-2019, 16:52
İlham Əliyev həmin ordeni alacaq...
17 iyul Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindən olan Şah İsmayıl Xətainin doğum günüdür.

Azərbaycan hökmdarı Şah İsmayıl Səfəvilər dövlətinin banisi və ilk şahı olub. Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi məhz Şah İsmayıl Xətainin hökmdarlığı dövründə istifadə olunub.

1993-cü ildə eks-prezident Əbülfəz Elçibəyin fərmanı ilə “Şah İsmayıl” ordeni təsis edilib. 1993-cü il dekabrın 6-da Milli Məclis “Şah İsmayıl” ordeninin statusunu və təsvirini təsdiq edib. Orden özü statusuna görə olduqca ali hərbi təltif hesab edilir. Azərbaycanın ali hərbi ordeni olan “Şah İsmayıl” ordeni ilə Silahlı Qüvvələrin ali zabitləri, hərbi hissə və birləşmələrinin komandirləri təltif edilməlidir. Azərbaycanın ali ordenlərindən olan bu orden uzun illərdir ki, heç bir təltif siyahısında yer almır. Ölkənin ali hərbi ordeni statusunda olan “Şah İsmayıl” ordeni ilə indiyə qədər kimlərin təltif olunduğu məlum deyil. Orden Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətə, ordunun təşkilində və möhkəmləndiriməsində xüsusi xidmətə, görkəmli sərkərdəlik fəaliyyətinə, fövqəladə halların nəticələrini aradan qaldırmasında xüsusi xidmətlərinə görə verilir.

“Şah İsmayıl” ordeninin taxılma statusu onun ali hərbi mükafat olduğunu bir daha sübut edir. Belə ki, Milli Məclisin təsdiqlədiyi “Ordenlərin taxılması qaydaları haqqında” Qanuna görə, “Şah İsmayıl” ordeni “İstiqlal” ordenindən sonra taxılır. Bu, “Heydər Əliyev” ordenindən sonra 3-cü ordendir. "Şah İsmayıl" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "İstiqlal" ordenindən sonra taxılır. “Şah İsmayıl” ordeni düzgün səkkizgüşəli ulduz şəklindədir və gümüşdəndir. Ulduzun mərkəzində üzü qızıl suyuna salınmış lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Ordenin arxa tərəfində “Şah İsmayıl” yazılıb. Ondan aşağıda nömrəsi həkk edilib.

Maraqlıdır, görəsən, “Şah İsmayıl” ordeninin 26 il ərzində kiməsə verilməməsinin səbəbi nədir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən tarixçi Dilavər Əzimli ordenin bu günə qədər heç kimə verilmədiyini və Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər də verilməyəcəyini bildirib:

İlham Əliyev həmin ordeni alacaq...

“1993-cü ildə “Şah İsmayıl” ordeni Əbülfəz Elçibəyin dövründə yarandı və Heydər Əliyevin dövründə tamamlandı. Bu ordeni Heydər Əliyev dönəmində də, ondan sonrakı dövrdə də heç kimə verməyiblər. Təqdim olunmama səbəbi ərazi bütövlüyünün bərpa olunmamasıdır. Hesab edirəm ki, Şah İsmayılın adına olan orden Azərbaycanın ərazi bütövlüyü bərpa olunanda ilk olaraq Ali Baş Komandana təqdim olunmalıdır. Əminəm ki, Qarabağı biz geri alandan, ərazi bütövlüyümüzü bərpa edəndən sonra bu ordenlə hərbi rütbəli şəxslər təltif olunacaqlar. Bu orden Azərbaycanda ən yüksək məqamlı ordendir. Ona görə də öz statusunu saxlayır və qəhrəmanını gözləyir”.


Geri qayıt