Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Tikinti şirkəti insanlara zülm edir

Tikinti şirkəti insanlara zülm edir


19-03-2019, 16:49
Tikinti şirkəti insanlara zülm edir
Mənzil Tikinti Koopartivləri (MTK) ilə vətəndaşlar arasında qalmaqal daima gündəmdə olan məsələdir. Hansısa MTK-nın bir mənzili bir necə adama satması, başqa biri mənzil sahiblərindən yüksək kommunal haqqı yığması, yaxud da binanı tikməmişdən öncə ərazidə olan evlərin sahibləri ilə razılaşma zamanı vətəndaşları narazı salırlar. 10 ailənin “Hürriyyət”ə şikayət etdiyi “Aİ 1” MTK da məhz ev sahibləri ilə razılaşmada onların hüquqlarını pozub.

Belə ki, sözügedən MTK N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Əhmədbəy Ağaoğlu küçəsinin kəsişməsində, 794-cü məhəllədə sözün həqiqi mənasında 10 ailənin gününü qara edib. Hazırda həmin evlərdə yaşamaq çox çətin və təhlükəlidir. Ona görə ki, ümumi həyətdir, bir-birinin içində olan evlərin bəzilərinin damları sökülüb, digəri sökülməyib, ancaq evlər bitişik olduğu üçün o birinin də evinə yağış yağanda su tökülür. Eyni zamanda başqa bir qonşunun evi tam sökülüb, digər qonşu tozun içində yaşayır. Yəni sözügedən ünvanda yaşamaq həqiqətən dözülməzdir.

“Biz ədalətli şəkildə kompensasiya ödənilməsini istəyirik”

“Hürriyyət”ə şikayət edən Emin Mehdiyev dedi ki, 2013-cü ilin sonlarında “Aİ 1” MTK tərəfindən onlara bildiriblər ki, burada çoxmərtəbəli bina tikiləcək: “Həmin vaxtı qonşulardan hamının “kupça”larının surətini alıb, dedilər ki, gəlib evlərinizi alacağıq. Sonra belə oldu ki, hər iki həyətin, yəni Əhmədbəy Ağaoğlu küçəsinə və Əliəşrəf Əlizadə küçəsinə çıxan həyətlərin yarısını alıb, indiki gördüyünüz 16 mərtəbəni tikdilər, qalan 10 qonşu ilə qiymətdə razılaşmadıqları üçün məhkəməyə verdilər. 4 ilə 16 mərtəbəli binanı tikdilər. 4 il ərzində nə uşaqlar, nə qocalar, nə xəstələr, nə də özümümüz burada rahat yaşaya bildik.

Nərimanov Rayon İcra Hakimiyyətindən tutmuş hər yerə müraciət etmişik. Bu həftə Prezident Aparatına qəbula yazılmışam. Bak şəhər icra başçısı Eldar Əzizovun qəbuluna yazılmışam, indi zəng gözləyirəm. Qonşular tərəfindən neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə, Nazirlər Kabinetinə, Fövqalədə Hallar Nazirliyinə, Prezidentə, Birinci vitse-prezidentə, Baş Prokurorluğa, Ali Məhkəməyə ərizə təqdim olunub. Hələ tam cavab gəlməyib. Bilmirik, bu “Aİ 1” MTK-nın arxasında hansı şəxs durur ki, bizim narazıçılığımızı susdurub. İndi də oturmuşuq evimizdə, gözləyirik ki, gəlib bizimlə danışarlar. Bunlar camaatı öz ayağına çağırırlar, deyirlər ki, bizim qiymət budur. Məhkəməyə yazıblar ki, şirkət bankdan külli miqdarda kredit çəkib. Guya, biz bunu yubadırıq, evimizi ona satmırıq, şirkət də artıq xərcə düşür və guya, məhkəmədə öz haqlarını müdafiə edir. Halbuki, bu şirkət işi başlayanda “kupça”ların surətlərini götürəndə birinci gəlib, buradakı sakinlərin fikrini öyrənməliydi ki, ay qardaş, bu evi neçəyə verirsən, danışıq etməliydi, sonra gedib lazım olan vəsaiti bankdan çəkməliydi. İndi də deyir ki, mən sizə 1 kvadrata 1500 manatdan artıq pul verən deyiləm. Bizimlə razılaşmadan gedib, bankdan pul götürüblərsə, bunun bizə dəxli yoxdur. İndi mən soruşuram ki, məhkəmə bu şirkətin ərizəsini necə götürüb? Şirkət qazanc əldə etmək üçün bu işi başlayıb. Necə olur ki, 3-4 nəfərin qazanc əldə etmək hüququ var, amma 10 ailənin hüququ tapdalanır?! Fevralın 28-də biz məhkəməyə çağırılmışdıq. Mənim iki uşağım Türkiyədə universitetdə oxuyur, onlar məhkəmədə iştirak etmək üçün oradan bura gəldilər, amma bunlar öz ərizələrini geri çəkdilər. Sonrdan ayın 12-si saat 12-də mənə məktubla xəbərdarlıq oldu ki, saat 1-də məhkəmədir, təzədən gəlin. Məhkəməyə getdik, birinci iddia ərizəsində nə var idisə, şirkət həmin iddia ərizəsini irəli sürüb. Məhkəmədə bizə dedilər ki, sizə evin kavdratından əlavə 15% veririk. Martın 12-də hazırlıq məhkəməsində biz də məhkəmə sədrinin qarşısında o şirkətin nümayəndəsinə dedik ki, sən bura qazanc əldə etməyə gəlmisən, 16 mərtəbəli kompleks tikirsən, biz isə ədalətli şəkildə kompensasiya ödənilməsini istəyirik. Biz müraciət etdik ki, hazırda ev bazarında bu ərazidə evlər neçəyədir, həmin qiymətə uyğun kompensasiya istəyirik. Şirkət rəhbərinin nümayəndəsi deyəndə ki, siz buradan qazanc əldə edirsiniz, mənə qayıtdı dedi ki, sənə nə var, mən buradan nə qazanc əldə edirəm. Elə məhkəmənin sədri də həmin şirkətin tərəfini saxladı”.

“Heç Bayılın qiymətini bura vermir”

Şikayətçi Cəlal Vəliyev isə dedi ki, onun evi balacadır: “Çöldən ölçəndə 46 kvadratdır, 3 ailəyəm, iki oğlum evlidir, şirkət 46 kvadrata da 15 faiz əlavə verir. Oğlumun biri “narxoz”u qurtarıb, əsgərlikdə travma alıb, işləyə bilmir. Özüm də 3 dəfə infakt keçirmişəm, deyirəm, heç olmasa elə bir kavdrat ver ki, heyvanxanadakı qəfəs boyda olsun, biri burada, biri orada, mən də burada yaşayım. Mən hara gedim? Burada evin qiyməti neçəyədir ki? Heç Bayılın qiymətini bura vermir”.

“Cavid mənimlə barmaqla danışır”

“Aİ 1” MTK-nın hərəkətlərindən əsəblərini cilavlaya bilməyən Temza Qarayeva isə bildirdi ki, bina tikilən zaman kommunal xidmətlər dayandırılıb: “Mənim kanalizasiyamı, suyumu, işığımı, qazımı kəsdilər. Mənim ünvanım yoxdur. Baxın, yolumu necə kəsiblər. Poşt mənə məhkəmənin göndərdiyi bildirişi gətirə bilmir. Çünki ünvanım yoxdur. 5 ildir mən şəxsiyyət vəsiqəmdə başqa ünvandayam, bu, məni başqa ünvandan məhkəməyə verib. Gördüyünüz kimi, bu binanı tikib, buradan yolumu kəsib. İndi də mənim şəxsi, “kupça”lı evimdir. Gəlsin, mənimlə razılıq aparsın ki, nə istəyirsən. Cavid mənimlə barmaqla danışır. Bilmirik o, MTK-da nəçidir, heç özünü təqdim etmir. Biz bilmirik bu şirkət kimindir, bizim evimizi alan kimdir, o, bizi neçə dəfə ofislərinə çağırır. Gedəndə ofisdə 5-6 nəfər oturur, hərə bir söz deyir, adam da belə karıxır, qalır. Deyir, mən deyən olmalıdır, evinizdən iyi gəlir, quşdamında, zibilikdə yaşayırsınız, yəni bizi təhqir edir. O, kimdir məni təhqir edir? Mən iyili evdə yaşamıram, mənim evim mənə xoşdur. Mənim şəxsi evimdir, istəyərəm bir kvadratı 5 mindən, istəyərəm də 1500 manatdan sataram, sən gəlib, mənimlə razılaşmalısan. O, mənim istədiyimi verməlidir, vermirsə, o kimdir məni məhkəməyə verir? Mən evimdə otururam, məni necə məhkəməyə verə bilər? Mən cinayət, yoxsa oğurluq eləmişəm, məni məhkəməyə verir? Məhkəməyə nə deyib, verə bilər? Həmin Cavid mənim oğluma deyir ki, bax, mən səndən həm fiziki, həm də maddi cəhətdən güclüyəm. Mən səninlə rinqə çıxıram ki, sən fiziki cəhətdən güclü olduğunu göstərirsən?! Axı, sən kimsən?”

“Deyirəm, niyə belə etmisən, deyir, yaxşı edirəm, kefim belə istəyir”

Cəmil Aslanov isə qeyd etdi ki, şirkət qonşunun evinin damını sökın zaman onun mənzilinə ciddi problem yaradıb: “Tikinti şirkətinə zəng etmişəm ki, evimə yağış yağır, deyir, belə də olmalıdır. Deyirəm ki, qonşunun evinin damını sökmüsən, mənim evimə yağır. Deyirəm, niyə belə etmisən, deyir, yaxşı edirəm, kefim belə istəyir. Mən şəhid ailəsiyəm, bu ev də 1941-45- illər müharibə veteranın evidir, özüm də ikinci qrup əliləm, həm də qaçqınam. Bunları da mənə deyən elə həmin o Cavddir, deyir, ürəyin hara istəyir get şikayət elə, bu belə də olmalıdır”.

“Burada bizə heyvan qədər hörmət qoymurlar”

Allahverdi Məmmədalıyev isə “Hürriyyət”in diqqətinə çatdırdı ki, burada yaşayanların 90 faizi Qərbi Azərbaycandan olan qaçqınlardır: “Geridə qalanı da Qarabağ qaçqınıdır, əksəriyyəti də şəhid ailəsidir, Qarabağ döyüşçüsüdür. Mən özüm də Qarabağ döyüşçüsüyəm. Amma burada bizə heyvan qədər hörmət qoymurlar. O, mənimlə insan kimi danışsa, bəlkə dediyindən aşağı qiymətə evi verərəm”.

“İnsanla insan kimi rəftar etmək söhbəti yoxdur”

Nizami Qədimov da nəzərə çatdırdı ki, o Ağdam rayon qaçqınıdır: “Bizim bu problemə görə şikayət etmədiyimiz yer qlamayıb. Kim gəlirsə, puldan verib, yola salırlar. Bu tikinti şirkətinin arxasında hansısa nazirdir, məmurdur, bilmirik, amma kimsə durur. Bunlara elə bir meydan verib ki, qabağına keçəni tapdalayırlar. İnsanla insan kimi rəftar etmək söhbəti yoxdur. El bir danışq tərzi olar ki, bəlkə də o evi ona pay verərik. Hər şey danışıqdan asıldır. O, insan adamla elə rəftar edir ki, danışmaq belə istəmirik. Biz özümüz hamımız ziyalı ailəsindənik, küçə adamları deyilik. Onlar indi 5-3 qəpik görüblər, biz əzəldən bunu görmüş adamlarıq. Dünən acından ölən bizmlə gəlib elə rəftar edir ki, elə bil, dünyanın yiyəsidir, biz heç kimik.

Nərimanov polis rəisindən tutmuş Prezidentə kimi yazmışıq, amma baxan yaxdur. Bu bina tikiləndə daş uçurdu, başımıza gəlirdi, uşaqlar həyətə çıxa bilmirdi, uşağı həyətdən məktəbə aparıb-gətimək üçün şətirdən istifadə edrdik ki, uşağın başına daş düşər. Neçə dəfə kiçik daş parçaları düşüb, uşağı zədələyib. Bir dəfə Bakı Şəhər İcra Hakimiyyətindən gəlmişdilər, istədim irəli durub danışam, bunlar tez cumdular ki, “qurban olum, Nizami, buna heç nə demə, biz səni 3-5 günə köçürürük”. Çünki tikinti gedən yerdə yaxın məsafədə yaşayışa icazə yoxdur. Onları yola verəndən sonra yenə öz aləmlərindədirlər”.



Geri qayıt