Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İslahat AzTV-yə çatdı: Dövlət Televiziyası ləğv edilir?

İslahat AzTV-yə çatdı: Dövlət Televiziyası ləğv edilir?


16-01-2019, 15:28
İslahat AzTV-yə çatdı: Dövlət Televiziyası ləğv edilir?
Azərbaycan Prezidenti İlham Əliyevin struktur islahatları ilə bağlı cəmiyyətimiz üçün olduqca mühüm fərmanlarının dərhal ardından Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu vəsifəsindən azad etməsi və yeni sədr təyin etməməsi bu qurumda da ciddi islahatların aparıla biləcəyi barədə şərh və mülahizələr doğurub.

Bu barədə Axar.az-a danışan media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli deyib ki, Azərbaycan Dövlət Televiziyasının ümumiyyətlə ləğv edilərək, onun bütün maddi-texniki imkanlarının İctimai yayıma verilməsi mümkündür. Ekspertin sözlərinə görə, bu proseslə dövlətin yükünü azaltmaq olar, həmçinin, dövlət televiziyasının ləğvi beynəlxalq öhdəliyimizdir:

“Məsələni həm də son günlər aparılan struktur islahatları çərçivəsindəki bəzi qurumların ləğv olunma prosesi ilə birgə qiymətləndirdikdə də bu nəticəyə gəlmək olur. Azərbaycan Dövlət Televiziyası ilə İctimai Televiziyanın yayım funksiyası faktiki olaraq üst-üstə düşən xidmətlərdir. Amma İctimai kanal dünyanın hər yerində bu və ya digər formada qəbul olunan formatdır. Hətta 2001-ci ildə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdə Azərbaycanda dövlət yayımından imtina edib, onu ictimai yayıma çevirməsi ilə bağlı konkret öhdəlik vardı. Azərbaycan İctimai kanal yaratdı, ancaq dövlət kanalından da imtina etmədi. Hesab edirəm ki, hazırda dövlət kanalı büdcəmiz üçün əlavə yükdür”.

Ə.Məmmədli vurğulayıb ki, dövlət büdcəsindən hər il 35-36 milyon manat vəsait Azərbaycan Dövlət Televiziyasına ayrılır:

“Amma əvəzində İctimai kanala hər il 10-15 milyon manat aralığında vəsait xərclənir. Yəni faktiki olaraq eyni funksiyanı daha az maliyyə ilə icra edən, əvəzində beynəlxalq aləmdə də normal qəbul edilən kanalımız olduğu halda daha çox xərc aparan “alternativə” ehtiyac qalmır”.

Ekspert bildirib ki, gec-tez Azərbaycan dövləti büdcəyə artıq yük olan bu kanaldan imtina edəcək.

Geri qayıt