Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Heydər Əsədov fəaliyyətiylə KTN-nin ləğvini zərurətə çevirir...

Heydər Əsədov fəaliyyətiylə KTN-nin ləğvini zərurətə çevirir...


2-05-2017, 11:58
Heydər Əsədov fəaliyyətiylə KTN-nin ləğvini zərurətə çevirir...
Ekspertlər bildirirlər ki, əgər ölkədə taxılı əkinçi-fermerlər becərirsə, heyvanları çobanlar saxlayırsa, əkini traktorçular əkirsə, pambığı pambıqçılar yığırsa, daha ildə Dövlət Büdcəsindən yüz milyonlarla manat xərc çəkib belə bir nazirliyi saxlamaq heç kimə lazım deyil...

(3-cü yazı)

...Prezident İlham Əliyevin son illər aforizmə çevrilmiş “Neft tükənməz deyil!” məşhur sözünün həm də hərfi mənası o deməkdir ki, neft nə vaxtsa tükənə bilər, amma Azərbaycanın ənənəvi iqtisadi sahələri mütləq qaydada inkişaf etdirilməlidir. Təsadüfi deyildir ki, Prezident sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilmişdi. Bu isə o deməkdir ki, dövlət başçısı Azərbaycanın ərzaq təhlükəsizliyinin nə qədər mühüm amil və vacib şərt olduğunu qiymətləndirir və bu istiqamətdə nə mümkündür edilir...
Əsas ərzaq məhsullarını xaricdən alan və Dövlət büdcəsindən təkcə bu il kənd təsərrüfatına 822 milyon manat vəsait ayırmış bir ölkəyə Kənd Təsərrüfatı Nazirliyi lazımdırmı?

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin neçə yaşı var, bilmirik. Amma bilirik ki, çoxdur... Yaşın çoxluğu həm də çoxlu təcrübəyə malik olmaq mənasını verir. Amma bizim Kənd Təsərrüfatı Nazirlyinin fəaliyyəti indiki halda onu deməyə əsas verir ki, belə bir nazirlik artıq arxivə verilməlidir. Niyə? Bu sualla bağlı söhbət etdiyimiz ekspertlər və sahə mütəxəssisləri birmənalı olaraq bildirdilər ki, əgər bir neçə il əvvəl Dövlət büdcəsinə qənaət rejimi ilə bağlı aparılan idarəetmə islahatlarının nəticəsi kimi Torpaq Komitəsinin, Sənaye və Energetika Nazirliyinin, Dövlət Tender Agentliyinin və s. ləğvi zamanı ilk növbədə Azərbaycan Kənd Təsərrüfatı Nazirlyi ləğv olunmalı idi. Bunun isə əsaslı səbəbi var. Məlum olduğu kimi, SSRİ dağılandan sonra artıq bütün kolxoz və sovxozlar ləğv edildi, torpaqlar və aqrar stukturlar özəlləşməyə verildi. Onların bazasında əvvəllər fermer təsərrüfatları yaradıldı... İndi Azərbaycanda taxıl, üzüm, pambıq, meyvə, barama, ət, çay, tərəvəz və s. istehsalı ilə birbaşa olaraq həmin fermer təsərrüfatları və ya özəl sahədə çalışan, bu nazirlikdən asılı olmayan fermerlər məşğul olurlar. Elə isə, bu boyda nazirliyi saxlamaq və ildə bu sahəyə yüz milyonlarla manat pul ayırmaq, sonra isə subsidiyaların katibəli məmurlar tərəfindən necə dağıdılmasına təəssüf hissi ilə baxmağa dəyərmi??? Mən hələ hər il xaricdən nə qədər ərzaq məhsulları idxal edildiyini demədim. Təsəvvür edirsinizmi, Kənd Təsərrüfatı Nazirlyinin əfəlliyi üzündən (Dövlət Gömrük Komitəsinin rəsmi məlumatıdır) təkcə 2016-cı ildə ölkəyə 38 milyon 622.41 min dollar dəyərində 33 min 592 ton ət idxal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19 milyon 858.44 min dollar çoxdur. Və ölkəyə gətirilən süd, kərə yağı və süddən hazırlanmış digər yağlar, meyvə-tərəvəz, çay, buğda, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, xüsusi olaraq deyək ki, kartof, soğan və s. ən çox idxal olunan məhsullar siyahısındadır, bu istiqamətli idxal ilbəil artmaqdadır.

Bəs belə bir nazirliyin katibəli və xidməti maşınlı, imtiyazlı aparatının saxlanması üçün hər il dövlət büdcəsindən milyonlar xərcləməyə dəyərmi?

Bəli, ölkə rəhbərliyi bu il də dövlət büdcəsinin qənaətli olmasına xüsusi nəzarət mexanizmi hazırlanmasına göstəriş verdi. Əslində, bu layihə neçə illərdir davam edir. Gərəksiz və bir-birini təkrarlayan idarəetmə strukturları təkmilləşdirilir, bir sıra dövlət müəssisələri və nazirlik, komitə, şirkət strukturları ləğv olunaraq özəlləşməyə çıxarılır... Amma hələ elə strukturlar var ki, gərəksizliyi göz qabağında olsa da, ləğvi reallaşdırılmır... “Təzadlar” hələ iki il əvvəl belə bir proqnozlu araşdırma yazısı ilə çıxış etmiş və təkliflər irəli sürmüşdü. Bun ə dərəcədə ədalətlidir ki, Azərbaycan xalqının mili sərvəti olan başıbəlalı “qara qızıl”ı satıb “ağ qızılı” belə becərə bilməyən bir nazirin idarəetmə aparatına hər il milyonlar xərclənsin?! Budur, apardığımız araşdırma bizi əməllicə şoka saldı. Məsələn, gəlirləri 15 milyard 955 milyon manat, xərcləri isə 16 milyard 600 milyon manat olan bu ilin (2017) dövlət büdcəsindən ordu quruculuğuna 1 milyard 615 milyon manat, əhələ də taxılı xaricdən alan Kənd Təsərrüfatı Nazirliyinin məşğul olmalı kənd təsərrüfatına isə 822 milyon manat vəsait ayrılıb. Yaxşı, dövlət torpaqlarımızı işğal altında saxlayan ermənilərlə mübarizəyə pul ayırsın, yoxsa heydər Əsədovun nazirliyinə???
Budur, dövlət budcəsinin bu nazirliyə ayrılan vəsaitləri görün nazirliyin hansı strukturlarına rəhbərlik edən idarə rəislərinə paylanır/: apardığımız araşdırma göstərir ki, Kənd Təsərrüfatı Nazirliyinin strukturu belədir: nazir, nazirin 4 müavini, nazirliyin Maliyyə və mühasibat uçotu şöbəsi, Hüquq, kadr və yerli orqanlarla iş şöbəsi, Beynəlxalq əməkdaşlıq şöbəsi, Bitkiçilik, Lisenziyalaşdırma, İnvestisiya, Texniki siyasət, Torpaqdan istifadəyə nəzarət, İnformasiya texnologiyalarının tətbiqi, Mətbuat xidməti, Kənd təsərrüfatına dövlət dəstəyi, Statistika, İstehsalat müəssisələri ilə iş, KTN yanında Kənd təsərrüfatının layihələndirilməsi və kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidməti, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi, KTN yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, KTN yanında Bitki Sortlarının Qeydiyyatı Dövlət Xidməti, “Aqrolizinq” ASC, Azərbaycan Dövlət Aqrar Universiteti, Aqrar Elm Mərkəzi, KTN yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti, Dövlət Kənd Təsərrüfatı Muzeyi, Kənd Təsərrüfatı Kitabxanası, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu, Regional Aqrar Elm Mərkəzləri- Gəncə Regional Aqrar Elm Mərkəzi, Beyləqan Regional Aqrar Elm Mərkəzi, Kürdəmir Regional Aqrar Elm Mərkəzi, Tərtər Regional Aqrar Elm Mərkəzi, Quba Regional Aqrar Elm Mərkəzi, Şəki Regional Aqrar Elm Mərkəzi, Salyan Regional Aqrar Elm Mərkəzi, Lənkəran Regional Aqrar Elm Mərkəzi...

Baytar həkimlər mal-qara məhv olandan sonra fermerlərə “başsağlığı”, mal-qaranın ruhuna “fatihə” verməklə məşğuldur...

Siyahını uzadıb uzun-uzadı vaxt almaq fikrində deyilik. Amma bəzi suallara birgə cavab tapmaq fikrindəyik ki, əgər ilbəil bölgələrimizdə bütün sahələrdə geriləmə varsa, rayonlarda bu qədər regional elm mərkəzləri kimə lazımdır? Elm Mərkəzi ondan ötrüdür ki, kənd təsərrüfatına aid problemlərin həllinin elmi yolları axtarıb tapsın, hər il böyük zəhmət hesabına fermerlərin əkdiyi kartof, taxıl, pambıq, üzüm... sahələrinə düşən xəstəliklərin səbəbi aydınlaşdırısın və məhsuldarlığın intensiv və elmi yolları tapılıb yerlərdə tətbiq edilsin. Biz isə əksini görürük: kartof sahələrini qurd basır, taxıl sahələrini sürmə götürüb gedir, alaq otları imkan vermir, heyvanlarımız brüsülyoza tutulur, keçi və davarlarımızı qotur basır, ev quşları və broylerlərdə on minlərlə quş gözəgörünməz xəstəliklərdən tələf olur. Bu tərəfdə isə Elm Mərkəzlərinin dirnektorları xidməti maşınlarında kef çəkir. Ən pisi odur ki, bəzən yanğınsöndürənlər ev yanandan sonra gəlib “Alovu söndürdük” dedikləri kimi, əksər hallarda da baytar həkimlər mal-qara xəstəliklərdən tələf olandan sonra gəlib fermerlərə “başsağlığı” verib “Ölümün səbəbini laborator müayinələr nəticəsində aşkar etdik” kimi çarəsiz və yersiz bəyanatlar verirlər. Heyvanlar, meyvə-tərəvəz məhv olandan sonra fatihə vermək kimə lazımdır?

Nazir Heydər Əsədovun rəhbərlik etdiyi kənd təsərrüfatı hər il dövlət büdcəsindən nə qədər vəsait alır?

Nazirliyin idarəetmə strukturlarından o da bəlli olur ki, nazir Heydər Əsədovun iki müavini (Nazir müavini İlham Quliyev və Seyfəddin Talıbov) və bir aparat rəhbəri (İlham Bayramov) var... Bəs nazirlik dövlət büdcəsində hansı vəsaitlərə iddialıdır? Budur, 2016-cı ildə təkcə kənd təsərrüfatı sahələrinə Dövlət büdcəsindən 570 milyon 384,1 min manat pul ayrılıb. 2017-ci ilin dövlət büdcəsindən konkret olaraq nazir Heydər Əsədovun sərəncamına verilmiş vəsaitlərə gəlincə, budur, Büdcənin “Ümumi dövlət xidmətləri” qrafasında göstərilir ki, bu il Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin ümumi dövlət xidmətləri 12 milyon 148 min 706,0 manat olub. Şübhəsiz ki, bura nazirin və müavinlərinin, ayrı-ayrı idarə rəislərinin, elmi-tədqiqat institut və elm mərkəzləri rəislərinin xidməti maşınlarının, maaşlarının və s. Məsrəfləri aiddir. Yəni, birbaşa idarəetmə xərcləri bu qədərdir. Məsələn, təsəvvür edin ki, bütün Azərbaycanı idarə edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 2017-ci ildə ümumi dövlət xidmətləri xərci 76,4 milyon manatdır, təkcə bərbad vəziyyətdə olan eənd təsərrüfatımızın nazirinin isə idarəetmə aparatına 12, 2 milyon manat pul ayrılıb.

Nazirliyin strukturlarının məsrəfləri və olmayan fəaliyyət...

Bu il həm də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin ayrı-ayrı strukturlarının da büdcədən alacaqları təəssüf hissi oyadır. Təsəvvür edin, bu gün Azərbaycan fermeri “öz əlim, öz başım” prinsipi ilə fəaliyyət göstərdiyi halda, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə 584, min manat ayrılıb. Eyni qaydada, əsasən qəssablara arayış verməklə məşğul olan Nazirliyin Dövlət Baytarlıq Nəzarəti Xidmətinə 533,9 min, nazirliyin Dövlət Fitosanitar Nəzarəti Xidmətinə 370,9 min, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə isə 421 min manat pul ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyi hansı elmlə məşğul olur?

Dövlət büdcəsinin “Elm xərcləri” bölümündə gülməli də olsa, Kənd Təsərrüfatı Nazirliyinə 2017-ci ildə 12 milyon 131,2 min manat pul ayrılıb. Amma sual yaranır: əgər ilbəil kənd təsərrüfatı sahələrində məhsuldarlıq aşağı düşürsə, Azərbaycana xarici ölkələrdən ərzaqlar daşınırsa, Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat müəssisələri və regional elm mərkəzləri kimə və nəyə lazımdır??? Məsələn, nazirliyin Elmi-Tədqiqat Əkinçilik İnstitutu var. Nazirliyin özünün rəsmi saytında gülməli frazalara rast gəldik. Məsələn, əkinçilik institutu barədə bölmədə yazılır ki, “...SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il tarixli 2117 saylı qərarı ilə Azərbaycan EA-nın nəzdində Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu yaradılmışdır. İnstitut 1950-ci ilin oktyabırından fəaliyyət göstərir. Institutun modernləşmə ilə əlaqədar sturukturuna 3 şöbə (bitki seleksiyası; bitki fiziologiyası və biotexnologiya; davamlı əkinçilik və bitki diversifikasiyası) 4 laboratoriya (torpaq və bitki analizləri; dənin keyfiyyəti; xəstəlik və zərərvericilərə nəzarət; ilkin toxumçuluq və toxumun keyfiyyəti) və s. vardır. Institutun tərkibinə elmi-istehslat xarakterli tədqiqat işlərinin aparılması məqsədilə Tərtər, Qobustan, Zaqatala və Cəlilabad bölgə təcrübə stansiyaları, Şəki dayaq məntəqəsi və Abşeron yardımçı təcrübə təsərrüfatı daxildir. Hazırda Əkinçilik İnstitutunda 304 nəfər çalışır ki, onun da 100-ü elmi işçidir, onlardan 1-i akademik, 5-i elmlər doktoru və 53-ü elmlər namizədidir”.

Nazirliyin Əkinçilik İnstitutu nə işlə məşğuldur?

Daha sonra məlum olur ki, sən demə, “Respublikanın müxtəlif bölgələrinə uyğun aparılan dərin kompleks elmi işlərin nəticəsində təcrübi seleksiya məsələləri müvəffəqiyyətlə həll olunaraq müxtəlif kənd təsərrüfatı bitkilərinin 94 sortu yaradılmış və rayonlaşmaq üçün Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdir. Onlardan 52-i rayonlaşmış və patentləşdirilmişdir. Bura payızlıq bərk buğdanın 16, yumşaq buğdanın 13, arpanın 5, tritikalenin 1, vələmirin 1, çovdarın 1, qarğıdalının 4, noxudun 4, mərciməyin 2, lobyanın 1, tütünün 4 sortu daxildir”.
Bəs hanı həmin o yüksək məhsuldar toxum sortlar ki, Azərbaycanda ötən il taxılın orta məhsuldarlığı 30 sentner olmuşdur. Əgər bu rəqəm də doğrudursa... Və Azərbaycan təkcə ötən il xaricdən təxminən 300 milyon dollarlıq taxıl idxal etmişdir...

Nazir Heydər Əsədovun idarəetmə aparatı fermerlərə konsert verir?

Daha bir gülməli məsələ: 2017-ci ilin Dövlət Büdcəsinin “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsinin “Mədəniyyət və incəsənət sahəsində fəaliyyət” qrafasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 345 min 298,0 manat pul ayrılıb. Nə qədər araşdırma apardıqsa, bu vəsaitin təyinatını tapa bilmədik. Adətən, Sovet dönəmində nazirlik bölgələrdə qabaqcıl təsərrüfatların (o vaxt hamı qabaqcıl olardı) “Məhsul bayram”larını təşkil edərdi, konsertlər verilərdi. Hətta belə mədəni-kütləvi tədbirlər kolxozlarda belə keçirilərdi. Bəlkə indi də nazirliyin hansısa mahnı və ya rəqs ansamblı bölgələrdə fermerlərə konsertlər verirlər, xəbərimiz yoxdur...

Kənd təsərrüfatının mühafizəsinə 40 milyon manata yaxın vəsait?

Təəccüblü bir rəqəm: məlum olur ki, bu il ölkənin kənd təsərrüfatının mühafizəsinə külli miqdarda pul ayrılıb. Təkcə Kənd Təsərrüfatı Nazirliyinin özünə 10 milyon 820 min manat!
Yenə də sual yaranır: əgər fermerlər əkin-biçin sahələrini, heyvanlarını və ya quşlarını, bağ sahələrini ziyanvericilərdən mühafizə etmək üçün rayonlardakı baytar apteklərindən ciblərinin pulu ilə herbisidlər alırlarsa, bəs dövlət büdcəsindən bu təyinat üçün ayrılan pul hara gedir? Heyvandarlıq sahəsində isə vəziyyət lap dözülməzdir. Heyvandarlıqla məşğul olan fermerlərlə edilən söhbətimiz bizi lap məyyus etdi. Şəkinin Baş Göynük, Sabirabadın Novruzlu, Ağdamın Ergi qəsəbəsinin, Ağcabədinin Muğanlı... kəndinin heyvandarları ilə söhbətimizdən məlum oldu ki, fermerlər istər mallarının süni mayalanmasında, istərsə də bəzi xəstəliklərə qarşı dava-dərmanı bazarlardan öz pulları ilə alırlar və onlar yekdilliklə “Biz son 20 ildə hansısa baytar həkimlərin qapımıza gəlib problemlərimizlə maraqlanıb dərman verdiyinin şahidi deyilik”, -dedilər.

Baytarlıq Xidmətinin rəisi Azər Süleymanova büdcədən 25,4 milyon manat niyə verilib?

Başqa bir maraqlı məsələ: bu il dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə kənd təsərrüfatının mühafizəsi adı altında nə az, nə çox- 25 milyon 346,3 min manat vəsait ayrılıb. Görəsən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov bu qədər vəsaitlə hansı mühafizə tədbirləri görüb və harada, hansı kəndin hansı fermer təsərrüfatında?
Eyni təyinatla bu il büdcədən Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə 1 milyon 617 min, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə 4 262 361,0 manat pul ayrılıb. Və bir məsələni qeyd edək ki, bu il həm də Maliyyə Nazirliyi kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsini təmin etmək məqsədilə 1 milyon manat pul alıb...

Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində Kənd Təsərrüfatı Nazirliyinə bel bağlamaq olarmı? - Prezidentdən nazirə etiraz...

Əvvəlki araşdırma yazılarımızda qeyd etdik: Azərbaycan dövləti əhalinin ərzaq təminatı məqsədilə fermerlərə yüz milyonlarla manat subsidiya, ucuz qiymətə texnika, gübrə, toxum və s. verir ki, təki kənd təsərrüfatı sahələrində irəliləyiş olsun. Amma sonradan məlum olur ki, subsidiya və yardımlar bəzi məmurların şəxsi qazanc mənbəyidir. Görün vəziyyət nə yerdədir ki, hətta Prezident İlham Əliyev 2015-ci il “Kənd təsərrüfatı ili” elan etdi, əlindən gələni etdi, amma yenə də arzulanan nəticə söz olaraq qaldı. Nəhayət, Prezident nazir Heydər Əsədova faktiki olaraq etibar etmədiyini dilə gətirdi. Belə ki, 2016-cı ildə Nazirlər Kabinetinin illik hesabatında nazir Heydər Əsədov hesabat çıxışında kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin səbəbini quraqlıqla əlaqələndirəndə, Prezident İlham Əliyev dözmədi və nazir Heydər Əsədova iradını bu şəkildə bildirdi: “İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Nəticə çıxarın...”.

Heydər Əsədov Prezidentin tənqidlərindən niyə nəticə çıxarmadı?

Cənab Prezident bu sözləri ürək ağrısı ilə 2015-ci ilin nəticələrinə xitabən demişdi. Bəs konkret olaraq nazir Heydər Əsədov bu sözlərdən nəticə çıxardımı? Bu suala cavab almaq üçün gəlin ötən ilin statistik rəqəmlərinə diqqət yetirək (nəzərə alaq ki, təkcə ötən il dövlət büdcəsindən kənd təsərrüatına yarım milyard manatdan çox vəsait xərclənib): budur, Dövlət Gömrük Komitəsinin rəsmi arayışından məlum olur ki, eləcə 2016-cı ildə Azərbaycan təkcə 38 milyon 623 min dollarlıq 33 min 591ton ət idxal edib. Niyə? Bəs ayrılan subsidiyalar, ucuz damazlıq heyvanlar, dövlətin digər güzəştləri necə oldu? Bəs Prezident İlham Əliyevin ciddi nəticə çıxarmaq üçün söylədiyi ciddi iradlar??? Bu nə dərəcədə insaflıdır ki, dövlətin bu qədər qayğısına baxmayraq, hətta 2015-ci ildə xaricdən ət idxalı 19 milyon 859 min dollarlıq idi. Nazir Əsədovun rəhbərlik etdiyi nazirlik isə nəticə çıxarmaq, iş görmək əvəzinə, növbəti ildə ət idxalını 2 dəfə çoxaldıb. Təsəvvür edirsinizmi, ötən il ölkəyə gətirilən süd, kərə yağı və süddən hazırlanmış digər yağlar, meyvə-tərəvəz, çay, buğda, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər də ilbəil artmaqdadır. Buna nə ad vermək olar???
Kənd təsərrüfatımız ildən-ilə büdcəni dağıdır...

Rəsmi statistika təsdiqləyir ki, məsələn, 2011-ci ildə büdcədən ayrılan 376 milyon manat birbaşa kənd təsərrüfatına verilib. Məsələn, 2012-ci ildə kənd təsərrüfatının mühafizəsinə 385,4 milyon, 2013-cü ildə 408,3 milyon, 2014-cü ildə 427,9 milyon, 2015-ci ildə isə bu xərclər 568,7 milyon manat olub. 2017-ci ilin dövlət büdcəsində isə bu sahəyə ayrılan maliyyə vəsaiti 479,2 milyon manatdır. Bu qədər vəsaitin əvəzində, hələ bir yüz milyonlarla dollar vəsait xərcləyib ölkəyə xaricdən kənd təsərrüfatı məhsulları daşıyırıq.
Yeri gəlmişkən: bu gün təkcə Bakı kəndlərində mal-qara və ya ev quşları saxlayanlar kəpəyin bir kq-nı 50 qəpiyə alırlar. Niyə? Ona görə ki, un dəyirmanlarımız kəpəyi kütləvi surətdə İrana satırlar. Niyə?
***
Nəhayət, bir vacib məsələ barədə: araşdırarkən məlum olur ki, bu il Dövlət büdcəsindən ölkənin suvarma sistemlərinin yenidən qurulmasına və digər meliorasiya işlərinə kömək üçün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 201,4 milyon manat vəsait ayrılıb. Hamı bilir ki, su təsərrüfatı kənd təsərrüfatına lazımdır. Elə isə, dövlət həm də bu qədər vəsaiti kənd təsərrüfatında əkinçilik üçün ayırır. Amma yenə də ortada məhsuldarlıq yoxdur, nazir isə quraqlıqdan danışır... Və Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə bu il ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə 190,2 milyon manat pul ayrılıb. Bax bu vəsait, əslində, ölkənin Kənd Təsərrüfatı Nazirliyinə olan son etimadsızlıqdır. Çünki Dövlət başçısı 2015-ci ilin nəticələrinə görə xəbərdarlıq edir, 2016-cı ildə bu xəbərdarlıq nəticə vermir... Və Prezident artıq görür ki, bu gedişlə ölkənin ərzaq təhlükəsizliyi təhlükə altında qala bilər, ona görə də özü çıxış yolunu tapır-Dövlət büdcəsi bu təhlükənin qarantı olur...
***
Bütün yuxarıda qeyd edilənləri nəzərdən keçirib sonda aidiyyəti dövlət qurumuna və bu sahədə maraqlı olanlara bir sual ünvan edirik: dövlət büdcəsindən hər il yarım milyarddan çox vəsait alan, amma ortaya lazımi nəticəni qoymayan Kənd Təsərrüfatı Nazirliyi lazımdırmı?

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu

Geri qayıt