Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Astara sakinləri işıq və qaz yoxluğundan şikayətçidir:

Astara sakinləri işıq və qaz yoxluğundan şikayətçidir:


9-12-2016, 08:12
Astara sakinləri işıq və qaz yoxluğundan şikayətçidir:
Dekabrın 8-də Astara rayonunun Şiyəkəran kənd sakinləri Həbib Həbibov, Yunus Qulamov, Xurşid Quliyev, Ramin Hüseynov, Bəhruz Hüseynov, Şahib İbrahimov Qafqaz Xəbər Agentliyinə müraciət ediblər. Onlar bir aydan çoxdur kənddə qaz və işığın fasilələrlə verildiyini, hər gün ən az 5-6 saat ərzində qazda və elektrik enerjisindən məhrum olduqlarını bildiriblər.

Həmçinin, sakinlərin sözlərinə görə, eyni problem kənd məktəbində də yaşanır və uşaqlar dərs keçə bilmirlər: “Dəfələrlə müvafiq idarələrə, hətta Astara Rayon İcra Hakimiyyətinə də müraciət etmişik. Lakin hər dəfə müxtəlif bəhanələrlə bizi arxayınlaşdırırlar, heç bir tədbir görmürlər. Qaz gəldiyi vaxtda da təzyiq çox zəif olur. Qaz idarəsində işləyən fəhlələrdən də eşitmişik ki, qazın təzyiqini azaltmağı birbaşa regional idarənin rəhbərliyi tapşırıb. Qazı villalara, restoranlara verirlər, amma biz kasıblara qıymırlar.

Cənab Prezidentə müraciət hazırlayıb, kənd sakinləri arasında imzalatdırmışıq. Sizdən də xahiş edirik ki, bu problemi ölkə rəhbərliyinin və müvafiq dövlət qurumlarının diqqətinə çatdırasınız”.

Qafqaznews olaraq, Lənkəran Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Elşən Nağıyevlə əlaqə saxladıq. Sakinlər əvvəlcədən bu şəxslə danışdıqlarını desələr də, E.Nağıyev məsələdən məlumatsız olduğunu dedi: “Orda hər hansı bir problem olmamalıdır. Qaz verilməsi tələbat üzrə təmin olunur, Astaranın heç bir kəndində problem yoxdur. Amma sakinlər şikayətçidirsə, əlaqə nömrəsi verin, mən bu dəqiqə Astaradakı qəza xidmətinə tapşırım, aydınlaşdırsınlar”.

“Azəriqaz” İstehsalar Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev də bölgələrdə qaz təminatında ciddi problemlər yaşanılmadığını bildirdi: “Hər hansı problem olduqda da, təcili tədbir görürük”. İ.Kərbəlayev mütləq məsələni nəzarətdə saxlayacağına və tezliklə Şiyəkərandakı problemin aydınlaşdırılıb həll ediləcəyinə söz verdi. Astara İşıq İdarəsinin rəisi Alim Qəmbərli isə həmin kənddə ümumiyyətlə hər hansı şikayət olmadığını bildirdi.

“Siz bir gəlin, özünüz baxın. Burda nə problem ola bilər? Hər gün işıq fasiləsiz verilir. Əgər işıq verilməsi kəsilibsə, deməli, təmir gedir. Bu gün güclü külək olmuşdu, bəzi problemlər yaranmışdı. Onu da həll etdik. Başqa problem yoxdur. Son bir ayda bir saat belə işıq verilməsini dayandırmamışıq”.

“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev də bizim informasiyaya həssas yanaşaraq, dərhal digər dəstəyi qaldırdı və aiddiyyatı üzrə şəxslərə məlumat verdi. “Bölgələrdə əhalinin elektrik enerjisiylə təminatını tam həyata keçiririk. Vətəndaşlar yerlərdə hər hansı laqeydlik gördükdə “Qaynar xətt”ə müraciət etsinlər”, – deyə Tanrıverdi Mustafayev Qafqaznews-a bildirdi. Təəssüflər olsun ki, Astara RİH-də zənglərimizə cavab verən olmadı.

Geri qayıt