Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Neçə illərdir Azərbaycan səhiyyəsi süni nəfəs aparatına qoşulub...

Neçə illərdir Azərbaycan səhiyyəsi süni nəfəs aparatına qoşulub...


28-11-2016, 10:16
Neçə illərdir Azərbaycan səhiyyəsi süni nəfəs aparatına qoşulub...
Son 15-20 ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının şəxsi təşəbbüsü və göstərişi ilə ölkə səhiyyəsinin inkişafına kifayət qədər maliyyə vəsaiti ayrılıb. Millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci xanımı hörmətli Mehriban Əliyevanın təşəbbüsü ilə son illər müasir Avropa standartlarına cavab verən yeni xəstəxanalar tikilib, təmirsiz vəziyyətdə olan xəstəxanalar yenidən qurulub. Eyni zamanda yeni tikilmiş və qurulmuş xəstəxanalar Avropa standartlarına uyğun tibbi avadanlıqlarla təchiz olunub. Yəni tibb ocaqlarımız müasir aparatura və cihazlar sarıdan dünyanın heç bir xəstəxanasından geri qalmır, desək yanılmarıq. Səhiyyəmizin isə dünya standartlarına cavab verməsi üçün qalır yüksək savadı olan peşəkar kadrlar, yüksək mütəxəssis korpusu. Yəni səhiyyəmiz müasir aparatura sarıdan tam təchiz olunub. Çatışmayan isə yüksək səriştəli mütəxəssis heyətidir. Azərbaycanda səhiyyə mütəxəssislərini hazırlayan yeganə təhsil ocağı isə Azərbaycan Dövlət Tibb Universitetidir. Ona görə yeganə yazırıq ki, özəl ali məktəblərin çoxunda texniki baza olmadığı üçün tibb mütəxəssisi hazırlamağa icazə verilmir. Deməli, səhiyyəmizin vəziyyətinin belə acınacaqlı durumda olmasına görə ilk növbədə məsuliyyəti Azərbaycan Dövlət Tibb Universitetinin rəhbərliyi və uzun illər bu təhsil ocağına rəhbərlik etmiş akademik Əhliman Əmiraslanov daşıyır. Bu aksiomadır. Bunun müzakirəyə ehtiyacı yoxdur. Məlumat üçün qeyd edək ki, Əhliman Əmiraslanov 1992-ci ildə o zamankı prezident Əbülfəz Elçibəyin sərəncamı ilə Azərbaycan Dövlət Tibb Universitetinə rektor təyin olunub. Və 2015- ci ildə öz seçimi ilə Milli Məclisin üzvü olduğu üçün rektor vəzifəsindən imtina edib. Yəni düz 24 il bu təhsil ocağına rəhbərlik edib. Yəni Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə edəndən 2015-ci ilədək Əhliman müəllim Azərbaycan Dövlət Tibb Universitetinin rəhbəri olub, bir sözlə, cənab Əmiraslanovun rektorluq stajı müstəqilliyimizin yaşı qədərdir. Bu müddət ərzində cənab Əmiraslanov milli səhiyyəmizin inkişafı üçün nə edib..? Ki, bu gün ölkə səhiyyəsi hətta adi xəstəliklərin nəinki müalicəsində aciz qalır, hətta diaqnoz qoya bilmirlər. Axı, yuxarıda qeyd etdiyimiz kimi ölkə başçısının və birinci xanımın səyi nəticəsində ölkə səhiyyəsi demək olar ki, tam təchiz olunub. Bəs səhiyyəmizin savadlı mütəxəssislər sarıdan kasad olmasının səbəbi nədir..? Görəsən 25 il ali təhsil ocağına rəhbərlik edən cənab Əmiraslanova nə mane olub ki, bu gün savadlı tibb işçilərinin sayı az qala barmaq sayı qədərdir. Axı, Əhliman müəllim dövlət və hökumət tərəfindən hər cür qayğı ilə əhatə olunub. Cənab rektora ölkənin ali mükafatları, orden-medalı verilib. Əhliman Əmiraslanov artıq neçənci dəfədir ki, millət vəkili olur, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Azərbaycan Milli Elmər Akademiyasının biologiya elmləri bölməsinin akademik-katibi, Azərbaycan Dövlət Tibb Universiteti onkologiya kafedrasının müdiri, Azərbaycan Dövlət Tibb Universitetinin onkoloji klinikasının direktorudur. O, həm də Azərbaycan Dövlət Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasına rəhbərlik edir. Üstəlik 25 illik rektor stajı… Adama daha bundan artıq hansı vəzifəni vermək olar ki, biz az millətin sağlamlığı üçün düşünsün. Adam nə qədər ancaq öz şəxsi mənafeyi üçün çalışar..? Bir az da cəmiyyət üçün çalşsan dünya dağılmaz ki… Əgər 25 illik rektorluq müddətində hər il çox yox, 5-10 savadlı mütəxəssis hazırlansaydı, ölkədə kifayət qədər olmasa da zəruri hallar üçün tibb mütəxəssisləri olardı… Görəsən, cənab Əmiraslanov bilmir ki, onun rəhbərlik etdiyi Onkoloji Klinikada zavallı xəstələrin dərisini soyurlar, cibinə girirlər və əvəzində heç bir müsbət müalicədən söhbət gedə bilməz… Azərbaycan Dövlət Tibb Universiteti Əmiraslanovun rəhbərlik etdiyi 25 il müddətində nəinki inkişaf etməyib, əksinə geri gedib. Sovet dövründə bu təhsil ocağında pis-yaxşı səhiyyənin hər sahəsi üzrə savadlı mütəxəssislər yetişdirilirdi. Ancaq Əmiraslanovun rektor təyin olunması ilə bu təhsil ocağı öz nüfuzunu büsbütün itirdi. Bu gün Azərbaycan Dövlət Tibb Universitetinin dünya tibb ali məktəblərinin reytinq cədvəlində adı yoxdur. Bu ali məktəbdə gənc, perspektivli mütəxəssislər özünə yer tapa bilmədiyi üçün ölkəni tərk edib başqa ölkələrə üz tuturlar. 20-30 ildən artıq Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri olan şəxslər isə öz yerlərindən tərpənmək istəmirlər. Savadları isə 30-40 il əvvəlin səhiyyəsi səviyyəsindədir Cənab Əmiraslanv özü isə nə qədər vəzifə tutur. Axı, bu vəzifələri icra etmək ən azı bir insanın fiziki imkanları xaricindədir. Rektor olduğu 25 il müddətində Əhliman müəllim az da olsa universitetə yenilik gətirə bilmədi. Əksinə elə bir biabırçı mühit yaratdı ki, nəinki perspektivli kadrlar ölkəni tərk etdi, eyni zamanda xəstə vətəndaşlarımız xarici ölkələrə üz tutmalı oldular. Heç bir elmi potensialı, səriştəsi olmayan şəxslərin kafedralara rəhbərlik etməsi səbəbindən universitetdə kadr hazırlığı heç bir müasir tələblərə cavab vermir. Əhliman Əmiraslanov rektor olduğu müddətdə ali təhsil ocağında xoşagəlməz monopoliya yaradaraq ancaq özünə yaxın şəxsləri müxtəlif vəzifələrə təyin edib. Əmirasalanovun rəhbərlik etdiyi Onkoloji Klinikada vətəndaşlar günlərlə Ultra Səs Müayinəsindən ( USM ) keçmək üçün növbə gözləyirlər. Klinikada xəstələrə qarşı olan xoşagəlməz münasibət, əsəbilik, rüşvətxorluq kimi hallar xəstələrdə sağalmağa da ümid yeri qoymur. Klinikada müayinə və əməliyyat üçün alınan böyük məbləğdə pula görə heç “çek” də verilmir. Bəli, əlacsız xəstəliyə düçar olmuş xəstələr Əhliman Əmiraslanov üçün sözün geniş mənasında gəlir mənbəyidir. Cənab millət vəkili bu xəstələrə biznes obyekti kimi baxır ki, bu da insanlığa yaraşan hal deyil. Cənab Əmiraslanovun digər biznes sahələrindən biri də Azərbaycan Dövlət Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasıdır. Vətəndaşların yaxşı yadında olar ki, bu klinikanın açılışında ölkə başçısı İlham Əliyev cənabları iştirak edərək həkimlərə millətimizin sağlamlığı yolunda uğurlar arzulamışdı. Ancaq keçmiş rektor bu klinikanı da öz bazarına çevirdi. Xəstə klinikaya daxil olan kimi heç bir müayinə-filan olmadan kassaya yönəldilir. Kassada isə Əmiraslanovun müəyyən etdiyi tariflər-qiymətlər dünyanın heç bir yerində yoxdur. Dövrü mətbuatda Əhliman Əmiraslanovun Azərbaycan Dövlət Tibb Universitetində yaratdığı dözülməz şəraitlə bağlı hətta tələbələrin şikayət dolu müraciətləri də dərc olunub. Tələbələr haqlı olaraq yazırlar ki, dövlətimizin pul ayıraraq tikdiyi klinikanı (Tədris-Cərrahiyyə Klinikası) rektor Əhliman Əmiraslanov muzeyə çevirib. Tələbələr klinikaya həftədə bir dəfə bir neçə dəqiqəlik sanki baxmaq üçün girirlər, əsas təcrübəni isə M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasına gedirik: “Bizi universitetimizin qonşuluğunda yerləşən və müasir tələblərə cavab verən yeni klinikaya göndərmək əvəzinə, tələbələri olduqca bərbad vəziyyətdə olan klinikaya göndərirlər. Sinif otaqlarımız acınacaqlı vəziyyətdədir. Heç bir şəraitimiz yoxdur. Gedib bir-iki saat sinifdə oturub gəlirik. Yol uzaq olduğundan çox vaxt müəllimlərimiz də dərsə gəlmir. Bu barədə bir neçə dəfə yığışıb universitetin rektoruna yazılı müraciət etmişik. Amma nə cavab almışıq, nə də ki problemin həlli istiqamətində hər hansı bir iş görülüb”. Bu da tələbələrin öz rektorlarına münasibəti. Bu cür münasibətlə necə yüksək səviyyəli tibbi mütəxəssis hazırlamaq olar..? Əhliman Əmiraslanovun birbaşa nəzarətində olan kilinikalarda yığılan və heç bir sənəddə əks olunmayan külli miqdarda pulla bağlı söhbət düşəndə...cavab belə olur:” Elə bilirsiniz hamısı bizə qalır..? Nə qədər pulu nazirliyə və digər vəzifəli şəxslərə veririk”. Bəli, bu da Əmiraslanov kimilərin sonuncu bəhanəsidir. Səhiyyəmizin acınacaqlı durumda olmasını göstərmək üçün Azərbaycan Dövlət Tibb Universitetində, daha doğrusu Əhliman Əmiraslanovun klinikasında təcrübə keçən bir stajyorun yazdıqlarına nəzər salaq: “Burda heç bir təcrübədən söhbət gedə bilməz. Tələbələr təcrübə vaxtı ancaq kart oynamaqla, kompüter oyunları ilə boş-boşuna başını qatır, vaxtını öldürür”. Bu qayda ilə necə tibb mütəxəssisi hazırlamaq olar, cənab Əmiraslanov..? Axı, bir gün bugünkü bu savadsız tələblərin, gələcəyin savadsız həkimlərinin qabağına sənin övladın, doğmaların da düşə bilər. Bunu sən düşünmürsən..? Dünyanın işini bilmək olmaz. Cənab, Əhliman Əmiraslanov! Sənə valideynlərin ad qoyanda gözəl ad qoyublar: Əhliman, yəni əhli-iman, iman əhli. İmanı olanlar isə can üstə olan, ümidsiz xəstələrlə belə davranmaz. Biz başa düşürük ki, Əhliman müəllimin başı səhiyyə obyektlərini özəlləşdirməyə, klinikalara sahib çıxmağa qarışıb. Yəni Əhliman müəllim özünü müəllim, həkim, alim, rektor kimi aparmaqdan daha çox biznesmen kimi aparır. Və nə qədər mümkünsə qamarlamağa, sahib çıxmağa çalışır. Ancaq bunun da bir sonu olacaq. Bir məsələni qeyd etməyi də vacib hesab edirik. Bizim Əhliman Əmiraslanovun personası ilə heç bir işimiz yoxdur. Sadəcə, ölkə səhiyyəsinin acınacaqlı durumu bizi məcbur edir ki, problemi ictimailəşdirək. Ancaq yazdıqlarımız o demək deyil ki, biz problemi ancaq Əhliman Əmiraslanovda görürük. Bəli, səhiyyə sistemi böyük stukturdur. Və bu sistemin başında cənab nazir Oqtay Şirəliyev dayanır. Görəsən, Oqtay Şirəliyev 10 ildən artıq nazir olduğu müddətdə səhiyyənin acınacaqlı durumu ilə bağlı hansısa müsbət addım atıbmı..? Bu gün minlərlə vətəndaşımız müayinə və müalicə üçün uzaq ölkələrə, Avropaya, Türkiyəyə, İrana, Rusiyaya, hətta qonşu Gürcüstana üz tutur. Axı, dünyada maliyyə böhranı olduğu bir zamanda bu ölkədən xarici valyuta axını deməkdir. Bu pullar niyə əcnəbi ölkələrin hesabına daxil olmalıdır. Axı, bizim ölkədə də bu xəstələrin müayinə və müalicəsi üçün kifayət qədər şərait yaratmaq olardı. Ölkə başçısının və birinci xanımın bu istiqamətdə yetərli təşəbbüsləri var, hər cürə dəstək verirlər. Bəs cənab nazir özü hansı addımları atıb..? Əlbəttə nazir olduğu 10 ildən artıq müddətdə cəmiyyət cənab Oqtay Şirəliyevdən hansısa bir təşəbbüs eşitməyib. Hətta millət vəkillərimiz hərdən parlamentdə səhiyyəmizin acınacaqlı durumu ilə bağlı məsələ qaldırırlar, ancaq cənab nazir susmağında davam edir. Cənab nazir nə qədər susacaq..? Axı, bu gün apteklərdə dərmanların qiymətləri od tutub yanır. Xəstə, təqaüdçü, işləyən, işləməyən hamı dərmanların qiymətinin yüksək olmasından şikayətlənir. Bu ölkənin milyonlarla manat vəsaiti xaricə axır. Görəsən, bircə nəfər əcnəbi müayinə, yaxud müalicə məqsədilə ölkəmizə gəlirmi, cənab Şirəliyev..? Hər gün mətbuatda gənc ana və uşaq ölümləri ilə bağlı məlumat yayılır. Artıq qiymətlərin çox yüksək, xidmətin aşağı olması səbəbindən ( həm də ölüm riski ) Azərbaycan xanımları dünyaya uşaq gətirməyə qorxurlar, cənab nazir… Bəlkə qesəriyyə əməliyyatlarından bəhs edək..? Doğum evlərinə daxil olan kimi ehtiyac oldu-olmadı zavallı qadınları kəsib-doğrayırlar. Bəlkə rentgen kabinetlərində fenlə qurutmaq barədə sizə məlumat verək, cənab nazir..? Rayonlardakı xəstəxanalarımızda isə vəziyyət daha dözülməzdir, cənab Şirəliyev. Həkimlər adi xəstəliyə görə xəstələri Bakıya göndərirlər, çünki peşəkar həkimlər yoxdur. Bakıdakı səhiyyənin vəziyyəti isə hamıya məlumdur. Rayon mərkəzi xəstəxanalarına ayrılan dövlət vəsaitinin çoxunu nazirlik götürüb, az hissəsini xəstəxanalara verir. Ancaq sənədlərdə bu başqa cür əks olunur. Bəlkə, bunları cənab nazir bilmir..? Sözün qısası Azərbaycan səhiyyəsi reanimasiyalıqdır.

Geri qayıt