Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Samir Şərifovun daha bir işçisi hədəfə çevrilir

Samir Şərifovun daha bir işçisi hədəfə çevrilir


12-11-2016, 16:52
Samir Şərifovun daha bir işçisi hədəfə çevrilir
Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda İmişli rayonu Maliyyə idarəsində yer almış çeşidli qanun pozuntularına dair açıqlamalar təqdim olunur. Bildirilir ki, qurumun rəhbəri Rəhim Rəhimov tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, törədilən müxtəlif maliyyə maxinasiyaları və sairə bu kimi neqativ hallara davamlı olaraq yol verilir. Aldığımız məlumatlar əsasında hazırladığmız ötən materiallarda da artıq qeyd olunmuşdu ki, bu gün İmişli rayonunun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri heç də tam həcmdə ünvanyönlü xərclənmir. Belə ki, Rəhim Rəhimov rəvac verdiyi müxtəlif maxinasiyalar vasitəsilə bu vəsaitlərin külli-miqdarda mənimsənilməsinə yol açır. Məlumatlarda həmçinin vurğulanırdı ki, Rəhim Rəhimov rayonda fəaliyyət göstərən əksər idarə, müəssisə, habelə büdcə təşkilatları rəhbərlərinə qəti tapşırıq verib ki, onun icazəsi olmadan işə bircə adam belə qəbul edilməməlidir. Eyni zamanda da hamıya xəbərdarlıq edilib ki, bu qadağanı pozan məmurun rəhbərlik etdiyi qurum maliyyə idarəsi tərəfindən ciddi və obyektiv yoxlamaya məruz qoyulacaq. Başqa sözlə desək, Rəhim Rəhimov faktiki olaraq rayonda işədüzəltmə xidmətlərində əsil monopoliya əldə edib. Bunun isə, birbaşa maliyyə məsələlərinə aid olan bir səbəbi var. Məlumdur ki, rayonlarda bir çox büdcə təşkilatlarının rəhbərləri öz qohumlarının adını “ölü canlar” qismində işə yazdırıb, sonra da onların əmək haqqlarını mənimsəyirlər. O cümlədən İmişli rayonunun müəssisə və qurumları da belə maxinasiyalardan xali deyillər. Maliyyə idarəsinin müdiri isə, bundan xəbər tutduqdan sonra həmin işə götürənlərə şərik olmaq qərarına gəlib. Belə ki, açıqlamalara görə İmişlinin maliyyə şefi müəssisə rəhbərlərinin bu yolla mənimsədikləri əmək haqlarının yarısını özünə istəyir. Əks təqdirdə, Rəhim Rəhimov yoxlama aparacağı ilə qarşı tərəfi hədələyir.

Digər tərəfdən isə, bu yaxınlarda rayonda baş vermiş daha bir hadisə bunu deməyə əsas verir ki, bu məmurun törətdiyi qanunsuzluqlar təkcə onun vəzifə səlahiyyətləri dairəsinə sirayət etmir. Bu barədə yayımlanan məlumatda deyilir: “İmişli rayon Maliyyə idarəsinin Rəhim Rəhimov həmin idarənin baş mühasibi Aqil Məmmədovun oğlunun toyunda dava salıb. Həmin olayın yeni təfərrüatları məlum olub. Belə ki, açıqlamaya görə, rayon mərkəzində “Nərgizim” şadlıq sarayında keçirilən toy məclisində Rəhim Rəhimov sərxoş vəziyyətdə “disko” rəqsi edərkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbəsinin baş mühasibi Kərim adlı şəxsin onun yersiz hərəkətlərinə irad bildirməsindən qəzəblənərək, ona çoxsaylı fiziki xəsarətlər yetirib. Mənbənin verdiyi məlumata görə, İmişli rayon Maliyyə Şöbəsinin müdiri Rəhim Rəhimova həmin toyda iştirak edən oğlu da yaxından kömək edib. Bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan Kərimi dərhal rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimin ilkin yardımından sonra müalicəsini ambulator şəraitdə davam etdirən baş mühasib İmişli Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Polis Şdarəsində Rəhim Rəhimov haqqında bədənə xəsarət yetirdiyi üçün xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Qəribədir ki, Rəhim Rəhimov hadisədə bilavasitə iştirak edən oğlunu hələ ki, özü haqqında açılan cinayət işindən yayındıra bilib. Lakin məsələ ilə bağlı faktı təsdiq edən polis əməkdaşı bunun müvəqqəti xarakter daşıdığını bildirib. Redaksiyamıza məlumat verən mənbə bildirdi ki, Rəhim Rəhimov hadisədən sonra demək olar ki, iş yerinə gəlmir. Mənbə əlavə olaraq qeyd etdi ki, rayonun baş maliyyəçisi döyərək xəsarət yetirdiyi şəxsin şikayətinin geri götürülməsi üçün mümkün olan bütün vasitələrdən isitfadə edir. Onu da bildirək ki, olayda adı çıkilən R.Rəhimov dəfələrlə bir çox qalmaqalların iştirakçısı olub...”

Lakin bu hadisənin davamı olduqca gözlənilməz istiqamətə yönəlmiş oldu. Belə ki, sözügedən qalmaqaldan sonra Rəhim Rəhimov tutduğu vəzifədən kənarlaşdırlmışdı. Əslində bunun baş verəcəyi heç kimdə şübhə də doğurmurdu. Əksinə, keçmiş idarə müdirinin məsuliyyətə cəlb olunacağı da gözlənilirdi. Amma təxminən 20-25 gün bundan əvvəl Rəhim Rəhimov gözlənilmədən yenidən öz vəzifəsinə bərpa olundu. Belə məlum olur ki, bu məmurun himayədarları hətta ona qarşı açılmış cinayət işinin bağlanmasına da nail olublar. Odur ki, bundan sonra Rəhim Rəhimovdan növbəti “sensasiyon” xəbərlər gözləməyə tam əsasımız var...

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququnu tanıyırıq.

Geri qayıt