Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Nazirlik bura müdaxilə etməlidir...

Nazirlik bura müdaxilə etməlidir...


2-11-2016, 11:21
Nazirlik bura müdaxilə etməlidir...
Qəzetimizin 28.10.2016-cı il tarixli sayında dərc etdiyimiz “Sumqayıt şəhər 1 saylı Doğum Evində “özəl” qaydalar” sərlövhəli tənqidi materialda bu dövlət tibb müəssisəsində bir müddət əvvəl baş vermiş rəhbərlik dəyişməsindən və bu əsasda doğum evində cərəyan edən bəzi proseslərdən bəhs olunmuşdu. Yazıda biz göstərmişdik ki, xüsusilə son bir il ərzində qəzetimizin redaksiyasına Sumqayıt şəhər bu tibb müəssisəsinin fəaliyyətində müşahidə olunan neqativ hallara dair davamlı olaraq məlumatlar daxil olmaqda idi. Elə həmin məlumatlar əsasında da qəzetimizdə bir neçə tənqidi material dərc olunmuşdu. Dərc etdiyimiz yazılarda biz hər dəfə Səhiyyə Nazirliyinin diqqətini Sumqayıt şəhər 1 saylı Doğum Evində baş verənlərə cəlb etməyə çalışırdıq. Nəhayət, bir neçə ay bundan öncə sözü gedən doğum evinin rəhbərliyində dəyişiklik baş verdi. Müəssisənin keçmiş baş həkimi Sevda İsgəndərli tutduğu vəzifədən azad olunaraq, onun yerinə, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Təranə Rəcəbli baş həkim vəzifəsinə təyin edildi. Lakin, Təranə Rəcəblinin təyinatından sonra keçən müddət ərzində Sumqayıt şəhər 1 saylı Doğum Evindən ara-sıra aldığımız məlumatlarda, bu yeniliyin hələlik müəssisənin fəaliyyətinə heç bir müsbət təsirini göstərmədiyi vurğulanırdı. Son vaxtlar isə, artıq redaksiyamıza Təranə Rəcəblinin fəaliyyətilə bağlı konkret şikayət ərizələri daxil olmağa başladı. Mənbələr öz açıqlamalarında bildirirlər ki, Təranə xanımın bundan əvvəl rəhbərlik etdiyi “Real” özəl tibb mərkəzində tətbiq etdiyi idarəçilik sistemi, 1 saylı Doğum Evinin keçmiş baş həkimi tərəfindən tətbiq olunan üsullardan elə də fərqlənmirdi: “Ümumilikdə Təranə Rəcəblinin bu müəssisəyə baş həkim təyin olunması ilə demək olar ki, doğum evində heç nə dəyişməyib. Təranə xanım özü ilə köhnə iş yerindən üç gənc xanım da gətirib. Onlardan biri katibədir. Digər ikisi, Turanə və Sevinc adlı qızlar isə, xəstəxanada yalnız pul yığmaqla, gəlib-gedənlərin sayına nəzarət etməklə məşğuldurlar. İndi bizim müəssisədə adi doğuş üçün 350 manat, qeysər əməliyyatı üçün də 650 manat pul ödəmək tələb olunur. Bu məqsədlə qəbul şöbəsində Solmaz adlı bir işçi oturub və daxil olan pasiyentlərdən pulu alıb, sonra da Turanəyə və ya Sevincə təhvil vermək məhz onun funksiyasına aiddir. Təsəvvür edin ki, ay ərzində bizim doğum evinə 150-200 nəfər pasiyent gəlir...” Qeyd etdiyimiz kimi, bu açıqlamalar artıq son dərc etdiyimiz materialda yer almışdı. Dünən isə, redaksiyamıza Sumqayıtdan növbəti məlumatlar daxil olub. Açıqlamalardan birində mənbə iddia edir ki, doğum evində təxminən bir həftə bundan öncə anadan olmuş körpəni, uşağın səhhətində problemin olmasına baxmayaraq, artıq bir neçə gündür ki, xəstəxanaya köçürülməsini qəsdən əngəlləyirlər: “Oktyabrın 14-ü anadan olmuş körpənin valideynlərindən 350 manatı alıblar. Amma uşağın səhhətində problem var. Bununla belə, Təranə Rəcəbli körpənin xəstəxanaya köçürülməsini əngəlləyir. Çünki burda qaldığı hər günə görə valideynlərdən 25 manat pul alırlar. Bunun dünyaya yeni göz açmış körpə üçün hansı acı nəticələrə yol aça biləcəyi isə, heç kimi maraqlandırmır...”

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Geri qayıt