Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Orta məktəbdir, amma nazirlik qədər problemi var...

Orta məktəbdir, amma nazirlik qədər problemi var...


5-09-2016, 10:11
Orta məktəbdir, amma nazirlik qədər problemi var...
Qəzetimizin 27.08.2016-cı il tarixli sayında dərc etdiyimiz “Nuranə Mirzəyeva “epoxası”nın sonu çatdı” başlıqlı məqalədə biz artıq Bakının Sabunçu rayonunda yerləşən 170 saylı məktəbin keçmiş direktorunun tutduğu vəzifədən azad olunması barədə xəbər vermişdik. Lakin qeyd etmək istərdik ki, bizim qarşımıza qoyduğumuz məqsəd heç də bu və ya digər şəxsin vəzifədən kənarlaşdırlmasına nail olmaq deyil. Daha doğrusu, bu məsələ heç bizim səlahiyyətimizə aid də deyil. Bizim məqsədimiz, barəsində yazdığımız hər hansı müəssisə və ya təşkilatın fəaliyyətində mövcud olan problemin həllinə nail olmaqdır. Təəssüflər olsun ki, 170 saylı məktəbə rəğmən bu məqsədimizə nail olduğumuzu hələ ki, söyləyə bilmərik. Belə ki, keçmiş direktor Nuranə Mirzəyevanın bu məktəbdən getməsi, hələ mövcud problemlərin həlli demək deyil. Xüsusən də, bu vəzifənin müvəqqəti olaraq, direktorun təlim-tərbiyə işləri üzrə müavini Qəzənfər Kərimova tapşırıldığını və məhz bu şəxsin direktor kimi təsdiq olunma ehtimalının yüksək olması barədə gəzən söz-söhbətləri nəzərə alsaq, 170 saylı məktəbin problemlərinin həllini hələ bundan sonra da çox uzun müddət gözləyə bilərik. Həm də nəticəsiz olaraq...

Bu ehtimalı əsaslandıran səbəblər isə kifayət qədərdir. Bu səbəblərə aydınlıq gətirmək üçün isə, ilk növbədə belə bir suala cavab vermək lazımdır. Qəzənfər Kərimov keçmiş direktorun vaxtında öz vəzifə funksiyalarından başqa, məktəbdə daha hansı işləri icra edirdi? Əgər xatırlayırsınızsa, mövzuya dair dərc etdiyimiz ötən yazılarda biz bu məsələyə artıq bir neçə dəfə toxunmuşduq. Misal kimi, bir müddət bundan əvvəl 170 saylı məktəbdən aldığımız məlumatlardan birində təqdim olunmuş açıqlamanı yada salmaq olar: “Direktor yenidən müəllimləri iclasa toplamışdır. Bu dəfə isə o, qəzetinizlə bağlı problemin alternativ həlli yolunu tapdığını bildirmiş və bu məqsədlə müəllimlərdən 50-100 manat arasında pul yığılacağını bəyan etmişdir. Müəllimlərin maaşları kartlarına yeni köçürüldüyündən, direktorun müavini Qəzənfər Kərimov artıq müvafiq siyahı da tutmuşdur...”

Və yaxud da, ötən dərs ilinin sonlarına yaxın aldığımız başqa bir məlumatda da Qəzənfər müəllimin adı heç də müsbət mənada hallanmır: “Nuranə Mirzəyevanın son zəng münasibətilə XI sinif şagirdlərindən əlavə pul yığımları tələb etməsi bir çox valideynlərin ciddi narazılıqlarına səbəb olmuşdu. Belə ki, tədbirdə iştirak edəcək hansısa xüsusi qonaqlar üçün “süfrə açmaq” bəhanəsilə şagirdlərdən əlavə 100 manatın yığılmaı valideynlərin səbr kasalarını daşdırmışdı. Üstəlik də, direktor bu pulu verməkdən imtina edənləri attestatsız qoymaqla hədələyirdi. Həmçinin bir müddət əvvəl XI sinif şagirdlərindən vinetka (xatirə albomu) bəhanəsilə hərədən 50 manat məbləğində pul tələb olunması da, şagirdlərin növbəti dəfə narazılıqlarına səbəb olmuşdu. Həm də əksər şagirdlər öz etirazlarını bir başa bu pul yığımlarını həyata keçirən təlim-tərbiyə işləri üzrə müavin Qəzənfər Kərimova ifadə etmişdilər...”

Bu kimi misalları hələ çox gətirmək olar. Və bütün bu açıqlamalardan gəlinən nəticə budur ki, Qəzənfər Kərimovun keçmiş direktorun vaxtında icra etdiyi əsas vəzifələrdən biri də, məktəbdəki qeyri-qanuni pul yığımlarını təşkil etmək və həyata keçirmək olub. Belə olan vəziyyətdə, çətin ki, bu şəxsin direktor vəzifəsinə təyin olunacağı halda 170 saylı məktəbdə hansısa mütərəqqi dəyişikliklərə yer olsun.

Hər halda ümid edirik ki, Təhsil Nazirliyinin rəhbərliyi belə bir qərarı qəbul etməklə, 170 saylı məktəbin kollektivini necə deyərlər, yağışdan qurtarıb, yağmura salmayacaq.

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.

Geri qayıt