Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Yaxşı ki, bunlar TARİXİ qələmə almırlar...

Yaxşı ki, bunlar TARİXİ qələmə almırlar...


15-07-2016, 11:20
Yaxşı ki, bunlar TARİXİ qələmə almırlar...
Rəsmi məlumatlara görə, bu gün Şamaxı rayonunda Diaqnostika Mərkəzi, 131 çarpaylıq Rayon Mərkəzi Xəstəxanası (RMX), 15 çarpaylıq Göylər kənd xəstəxanası, 14 həkim, 20 tibb məntəqəsi və təcili və təxirə salınmaz tibbi xidmət şöbəsi fəaliyyət göstərir. Mərkəzi xəstəxana üzrə 114 həkim və 279 orta tibb işçisi çalışır. Bununla belə, artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Şamaxının səhiyyə sisteminin acınacaqlı durumda olması barədə açıqlamalar təqdim olunur. Müxtəlif şikayət ərizələri ilə bizimdovr.az-a müraciət edən rayon sakinləri üz-üzə qaldıqları problemlərin həllini gözləməkdə, rayon səhiyyəsinə rəhbərlik edən Elxan Məmmədov isə, bu problemləri dərinləşdirməkdə davam edirlər.

Bu xüsusda redaksiyamıza təqdim olunan açıqlamalarda yerli sakinlərin xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərin olduğu göstərilir. Mənbələr bildirirlər ki, dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Daha sonra əldə etdiyimiz məlumatlarda isə qeyd olunmuşdu ki, baş həkim Elxan Məmmədov müxtəlif qanun pozuntuları törətməyə hələ tələbə vaxtlarından alışqandır. Məhz bu səbəbdən də tələbəlik dövründə bir neçə illik məhkumluq cəzası almış Elxan Məmmədov Tibb Universitetində təhsilini 12 ilə başa vurmuşdur. Lakin bu məqam da ona son nəticədə Şamaxı rayon səhiyyəsinin rəhbərliyinə gəlməyə mane olmamışdır. Digər tərəfdən də iddialara görə, Şamaxı RMX-da həm xəstələrə, həm də tibbi personala şamil olunan “ölü canlar” təcrübəsi geniş tətbiq olunur. Birinci halda xəstəxanada əslində olmayan pasientlərə saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərman preparatları mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, mənbələrin iddialarına görə bu “xəstəlik tarixləri”nin əksəriyyəti həm də pensiya almaq üçün məqsədli şəkildə açılır. Tibbi personala aid olan maxinasiyalara gəlincə isə, mənbələr bildirirlər ki, bu halda baş həkimin işi daha asan olur. Belə ki, Şamaxının paytaxta ən yaxın rayonlardan biri olması səbəbindən buranın xəstəxanasında “işləmək” həvəsində olan həkimlər kifayət qədərdir. Əslində isə, bu həkimlər sadəcə adlarının Şamaxı RMX-nın ştat cədvəlinə yazdıraraq, dövlət müəssisəsində stajlarını təmin deirlər. Faktiki isə onların əksəriyyəti Bakının özəl klinikalarında çalışırlar. Elxan Məmmədov isə bu “yaxşılığın” müqabilində həmkarlarının maaş kartlarına və aylıq yazılan məvaciblərinə sahib çıxır. Təbii ki, bütün bu özbaşınalıqlar Şamaxı RMX-da xəstələrə göstərilən tibbi xidmətlərin də aşağı səviyyədə olmasını şərtləndirən amillər kimi çıxış edirlər. Nəticə isə, çox acınacaqlı olur.
Digər tərəfdən isə, məlumatlarda RMX-nın doğum şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Şikayətçilər bildirirlər ki, şöbənin müdiri Nəzakət Abdulrəzəqova doğuş üçün konkret qiymətlər müəyyənləşdirib. Belə ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Şöbə müdiri isə deyir ki, yığdığı pulların bir hissəsini RMX-nın baş həkimi Elxan Məmmədova çatır.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt