Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Masallıda təhsil sistemi iflic durumdadır...

Masallıda təhsil sistemi iflic durumdadır...


13-07-2016, 11:10
Masallıda təhsil sistemi iflic durumdadır...
Dərc etdiyimiz yazılarada biz dəfələrlə belə bir fikri vurğulamışıq ki, bu gün ölkənin təhsil sistemi rüşvətxorluq və korrupsiyanın daha çox müşahidə olunduğu sahələrin siyahısında hələ də ilk yerlərdən birini saxlamaqdadır. Təhsil sisteminin fəaliyyətini təmin edən və ya bu fəaliyyətə hər hansı formada nəzarəti həyata keçirən bir çox struktur bölmələrinin başında bu gün hələ də rüşvət və korrupsiya çirkabına bulaşmış məmurlar durmaqda davam edirlər. Bu dayanıqlı idarəçilik piramidasının əsaslarında radikal dəyişikliklər həyata keçirilmədikcə isə, heç bir islahatlar proqramı gözlənilən nəticələri verməyəcək. Elə Masallı Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti də bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə artıq aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Bu barədə redaksiyamıza Masallıdan daxil olan məlumatlarda xəbər verilir.

Həmin məlumatlar əsasında bundan əvvəl dərc etdiyimiz yazılarda da biz qeyd etmişdik ki, redaksiyamıza müraciət edən Masallı sakinləri rayonun təhsil sistemində dərin kök salmış korrupsiya hallarından narazılıqlarını ifadə edirlər. Aldığımız məlumatlarda iddia olunur ki, Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov tərəfindən hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əmək haqqlarına əl qoyulması, rayonda fəaliyyət göstərən məktəblərin işinə yersiz müdaxilələr edilməsi bir çox xoşagəlməz nəticələrə səbəb olur. Tədris prosesinin təşkili məsələlərində səriştəsizlik nümayiş etdirən RTŞ rəhbərliyinin tətbiq etməyə çalışdığı üsullar isə, nəticə etibarı ilə tədris proqramının şagirdlər tərəfindən mənimsənilməsində, tətbiq olunan pedaqoji metodikaların səmərəliliyinin artırılmasında problemlər yaradır. Həmçinin bizimdovr.az-a təqdim olunan açıqlamalarda Tariyel Əkbərovun Masallı məktəblərində müqavilə üzrə işləyən müəllimlərə qarşı irəli sürdüyü ultimatumdan bəhs edilir. Bildirilir ki, RTŞ-nin müdir əvəzi əmək müqavilələrini yeniləmək niyyətində olan müəllimlərdən 1000-2000 manat arası (tədris etdikləri dərs saatlarının sayına müvafiq olaraq) ödəniş etmələtini tələb edib. Bundan başqa, təqaüd yaşına çatmış müəllimlərin və məktəb direktorlarının da diqqətinə çatdırılıb ki, onlar hər növbəti bir il üçün 1000 manat ödəməklə əmək fəaliyyətlərinin müddətini uzada bilərlər. Və nəhayət, daha bir yenilik də yalnız direktorlar üçün tətbiq olunub. Belə ki, bundan sonra hər bir məkəb direktoru hər ay RTŞ müdirinə əlavə olaraq 100 (yüz) manat məbləğində aylıq haqq ödəməlidir ki, bu ödənişlərin də Tariyel Əkbərovun katibəsi Pəri xanım tərəfindən yığılacağı elan edilib.

Məlum olduğu kimi, 2015-2016-cı tədris ilinin sonlarında Masallı Rayon Təhsil Şöbəsinin rəhbərliyində müəyyən dəyişiklik edilmişdir. Bu dəyişiklik nəticəsində RTŞ-nin keçmiş müdiri Astan İbişov vəzifəsindən kənarlaşdırılmış, şöbəyə müvəqqəti rəhbərlik müdir müavini Tariyel Əkbərova həvalə edilmişdir. Aldığımız açıqlamalarda isə iddia olunur ki, bu kadr dəyişikliyinin Masallı təhsilinə hər hansı müsbət bir təsirinin olmayacağı əvvəldən gözlənilən idi. Ən azından ona görə ki, indiyədək Masallı RTŞ-nin keçmiş rəhbərliyi tərəfindən yol verilən qanun pozuntularından əksəriyyətində Tariyel Əkbərovun da yaxından iştirakı hamıya məlum idi. Bu isə, rayon ictimaiyyətinin növbəti tədris ilində də Masallının təhsil sistemində hər hansı irəliləyişlərin olacağına dair ümidlərinin boşa çıxması deməkdir.

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.

Geri qayıt