Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sahibkar vergilər nazirliyindən şikayətçidir

Sahibkar vergilər nazirliyindən şikayətçidir


5-07-2016, 12:48
Sahibkar vergilər nazirliyindən şikayətçidir
Bu günlərdə bizimdovr.az-a daxil olmuş daha bir şikayət ərizəsində Vergi orqanlarının bəzi əməkdaşları tərəfindən sahibkarlıq fəaliyyətilə məşğul olan iş adamlarının sıxışdırılması, onlara qeyri-qanuni sanksiyaların tətbiqinə cəhd olunması, iş adamına qarşı pul tələblərinin irəli sürüləməsi və digər ciddi qanun pozuntularına dair konkret açıqlamalar təqdim olunub. Belə ki, paytaxtın 1-ci Zabrat qəsəbəsi, Nərimanov küçəsi ev 23, mənzil 62 ünvanında yaşayan İsiyev Məhəbbət İmaməli oğlu tərəfindən redaksiyamıza ünvanlanmış şikayət ərizəsində bütün bu hallara dair iddialar ortaya qoyulub. Vətəndaş Məhəbbət İsiyev öz ərizəsində yazır: “Hal-hazırda mən, paytaxtın Nərimanov rayonu ərazisində, Fətəli xan Xoyski küçəsində yerləşən “45 club” adlı çay evinin inzibatçısı vəzifəsində çalışıram. 2016-cı il, may ayının 20-dən bizim obyekti Vergi Audit Departamentinin əməkdaşları yoxlamağa başladılar. Özünü departamentin inspektoru kimi təqdim edən Feyzi adlı əməkdaşın dediyinə görə, “səyyar yoxlama”nın nəticələri mənim üçün yaxşı heç nə vəd etmirdi. Bilirəm nə səbəbə...

Amma mən hər halda, Feyzinin məsləhəti ilə, şöbə müdiri Fuad müəllimlə və onun müavini Elçin müəllimlə görüşdüm. Elə ilk görüşdə məndən 8 min manat pul tələb etdilər. Təbii ki, verməkdən imtina etdim. Həm də iki səbəbdən. Birincisi, axı mən niyə rüşvət verməliyəm? Sənədlərim qaydasında, vergilərimi ödəyirəm, hələ bir möhtərəm prezidentimiz də iki il ərzində bütün yoxlamaları dayandırmaq barədə göstəriş verib. İkinci səbəb də budur ki, mənim ümumiyyətlə o qədər pulum yoxdur. Amma mən bu dəlilləri sadaladıqca, Fuad müəllimlə Elçin müəllim məbləği bir qədər də artırmağa başladılar. Əvvəlcə 8 min oldu 16 min, sonra da oldu 22 min...

“Səyyar yoxlama”nın nəticələri barədə hələ konkret bir qərar almadığım halda, 01 iyun 2016-cı il tarixində obyektimizdə “xronometraj” yoxlaması başladı. Həm də, başladı – nə başladı! Əvvəlcə Bakı Şəhəri Vergilər Departamentinin iki əməkdaşı gəldilər və mülki geyimdə olmalarına rəğmən, özlərini təqdim edib, zalda əyləşdilər. Bundan bir qədər sonra isə, Departamentin operativ şöbəsinin rəisi Vüsal (özünün təqdimatına görə) müəllim “təşrif buyurdu”. Əsil mərəkə də elə bundan sonra başladı. İlk növbədə kassaya baxan Vüsal qışqıra-qışqıra mənə iradını bildirdi ki, niyə kassaya heç bir məbləğ vurulmayıb. Cavab verdim ki, əməkdaşlarınız da burada oturublar və onlar da şahiddirlər ki, hələ heç “siftə” etməmişik. Təzəlikcə bir neçə müştərimiz gəlib ki, onlar da hesabı yalnız qalxıb-gedəndə ödəyəcəklər. Bundan sonra Vüsalın nə oyunlar çıxartdığını gərək öz gözlərinizlə görəydiniz. Məni və işçilərimizi küçə söyüşlərilə təhqir etmək, müştəriləri masalarından qaldırıb, obyektdən qovmaq hələ tamaşanın birinci hissəsi idi. Bundan sonra, yenidən kassaya yaxınlaşan Vüsal aparata qəfildən böyük məbləğ vurdu. Təbii ki, pul qoymamaq şərtilə. Bu hərəkətindən sonra, qarşısına keçib, öz iradımı bildirdikdə isə, Vüsal əvvəlcə məni itələyib yerə yıxdı. Sonra da ayağı ilə bədənimə bir neçə zərbə endirdi. Eyni zamanda da psixikası pozulmuş insanlar kimi bağıraraq, təkrar-təkrar deyirdi ki, sən hələ məni tanımırsan, mən bu rayonun ağasıyam və nə istəyirəm, onu da edirəm...

Bundan sonra, bir qədər əvvəl gəlmiş və Vüsalın bütün bu qanunsuz əməllərini sakitcə, çay içə-içə seyr edən həmin iki əməkdaş da (təbii ki, çayın da pulunu vermədilər), Vüsal özü də çıxıb getdilər. Mən isə, bi məsələni mətbuat vasitəsilə ictimailəşdirmək qərarına gəldim. Çox xahiş edirəm ki, bu insidentin araşdırılması ilə Korrupsiya ilə Mübarizə Baş İdarəsi məşğul olsun. Qabaqcadan öz təşəkkürümü bildirirəm”.

Qarşı tərəfin də mövqeyini əks etdirə bilərik.

Geri qayıt