Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Rəsmi Bakı ilə şərtlərlə danışmaq yolverilməzdir:

Rəsmi Bakı ilə şərtlərlə danışmaq yolverilməzdir:


28-05-2016, 12:18
Rəsmi Bakı ilə şərtlərlə danışmaq yolverilməzdir:
“Demokratiyanın inkişafı hər bir ölkə üçün böyük önəm daşıyır, o cümlədən Azərbaycan üçün. Hesab edirəm ki, biz bu istiqamətdə də böyük uğurlara nail olmuşuq. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur və olmayacaq. Bu da qarşıya bir vəzifə kimi qoyulur ki, biz gələcəkdə də demokratik inkişafa sadiq olmalıyıq”.

Avropa.info xəbər verir ki, bu sözləri Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib. Dövlət başçısı qeyd edib ki, əgər təhlükəsizlik və sabitlik olmasa, əlbəttə ki, demokratiyadan, iqtisadi və sosial inkişafdan söhbət belə gedə bilməz: “MDB məkanında, Avropada, Yaxın Şərqdə, həm də bizim qonşuluğumuzda çox təhlükəli proseslər gedir. Demokratik normalar pozulur, ayrı-seçkilik meyilləri güclənir, milli-dini zəmində qarşıdurmalar, anlaşılmazlıq və müharibələr başlayır. Televizordan görürük ki, inkişaf etmiş ölkələrdə nümayişçilərə qarşı necə zorakılıq tətbiq edilir. Bəziləri əvvəllər bizi ittiham etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur. Əlbəttə, hər kəs bilir ki, bunun hamısı yalandır. Azərbaycanda heç kim vəhşicəsinə döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur. Necə ola bilər ki, bizə gəldikdə bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə bu günlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya sayılır”.

Prezident İlham Əliyev deyib ki, bu, ikili standartlar siyasətinə son qoyulmalıdır: “Bu, artıq dözülməz hala gəlib çatıb. Əlbəttə ki, Azərbaycan xalqı hər şeyi çox yaxşı görür və bilir. Bilir ki, bizə qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi kimdir və hansı nəticə gözlənilir. Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik. Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır. Mübarizə üsullarına gəldikdə isə burada da heç bir innovasiya, yenilik yoxdur, köhnə, şablon, trafaret ittihamlar, əsassız iftiralar, uydurmalar, provokasiyalar, yalan, böhtan. Biz artıq bütün bunlara öyrəşmişik. Bunların heç biri bizim siyasətimizə və iradəmizə zərrə qədər təsir edə bilməz. Ancaq mən bir daha demək istəyirəm ki, demokratiya bizim şüurlu seçimimizdir, yolumuzdur. Azərbaycan bu istiqamətdə böyük uğurlara imza atıb, ancaq biz etiraf etməliyik, hələ ki, görüləsi işlər çoxdur. Heç bir cəmiyyət kamil deyil. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Dövlət başçısı xatırladıb ki, Azərbaycanda bu il “Multikulturalizm ili” elan edilib: “Bu da xüsusilə indiki şəraitdə dünyaya bir mesajdır. Azərbaycan cəmiyyəti əsrlər boyu multikulturalizm şəraitində yaşayır. Hələ bu ifadə yaranmadan biz milli barışıq, tolerantlıq, qarşılıqlı dəstək və hörmət şəraitində yaşayırdıq. Bu gün bizim nümunəmiz dünyada öyrənilir və dəstəklənir. Biz çalışacağıq və çalışmalıyıq, - bunu da qarşıya vəzifə kimi qoyuram, - həm Azərbaycan təcrübəsi dünyada daha da geniş şəkildə təbliğ edilsin, həm də biz bu təcrübəni digər ölkələrlə paylaşaq ki, dini, milli dözümlülük, tolerantlıq, multikulturalizm meyilləri güclənsin. Əks təqdirdə, bu, bizə də problemlər yarada bilər. Çünki biz adada yaşamırıq və istər-istəməz xarici təsir də mümkündür. Necə ki, biz təsir edirik, Azərbaycana da təbii olaraq, media və digər vasitələrlə təsir göstərilir. Ona görə biz əlbəttə, maraqlıyıq ki, bölgədə və dünyada multikulturalizm meyilləri güclənsin. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik”

Belə bir sual yaranır – dövlət başçısı sərt mesajları ilə nələri demək istədi? Nəzərə alsaq ki, hakimiyyət siyasi məhbus adlandırılan şəxslərin bir qismini əfv etdi, bir qismi məhkəmələr vasitəsi ilə azadlığa çıxdı və buna görə beynəlxalq təşilatlatın təşəkkürünü aldı, deməli, hədəfdə Qərb deyil, sadəcə olaraq, Azərbaycan diplomatiyasının kursunu dəyişmək istəyənlərdir. Ölkə rəhbəri konkret mesajlar verdi. Odur ki, bu suala cavab axtarmaq lazım gəlir – Bakını kim və niyə sıxmağa səy göstərə bilər?
Yaxın və uzaq qonşularımıza nəzər edək. Rusiya Cənubi Qafqazdakı proseslərdən narahatdır. Belə ki, Gürcüstan tam əldən çıxıb, NATO və Avropa İttifaqına daxil olacağını bəyan edib. Ermənistan da Rusiyadan ayrılıb Qərbə yönəlməklə bağlı ciddi hərəkətlərə başlayıb. Şimali Qafqazda da vəziyyət gərgindir. Moskva Bakıya Qəbələ RLS-ə, Azərbaycanın Qərblə güclü əlaqələrinə, Amerika ilə əsgəri əməkdaşlığına görə qəzəblidir. Buna görə də Rusiya bölgədə yeni oyun oynamaq istəyir. Amma məsələ bundadır ki, buna tək Rusiya yox, başqa böyük dövlətlər, Amerika və Türkiyə də hazırlaşır.

Bu gün Amerika və Türkiyənin planları birdir: Azərbaycanı Rusiyayönümlü dövlətə çevirməyə imkan verməmək və bu istiqamətdə Bakını dəstəkləmək. Ehtimal edə bilərik ki, Rusiya bu ərəfədə stabilliyi pozmağa çalışa bilər. Fakt budur ki, Azərbaycan-Ermənistan müharibəsi yeni mərhələyə qədəm basır və bununla Kreml Bakıya təzyiqlərini artırır. Moskvanın əsas niyyəti də Avrasiya İttifaqını gücləndirməkdir. Niyyət o qədər də xoşməramlı deyil. Çünki məqsəd keçmiş sovet respublikalarını bir daha Rusiyanın təsiri altında saxlamaqdır. Rusiya ən müxtəlif vasitələrdən istifadə edərək çalışır ki, MDB ölkələri üzərində öz təsirini saxlasın. Rusiya çalışır ki, Azərbaycan da tam mənada onun təsiri altında olsun. Ancaq Azərbaycan müstəqil siyasət aparır və prezident öz çıxışında da bu məsələyə toxundu.
Onu da vurğulamaq lazım gəlir ki, Azərbaycan Qərblə əməkdaşlıq anlaşmaları üzrə öhdəliklərini yerinə yetirir. Məsələn, Qərblə enerji layihələrinin icrasında problem yoxdur, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi prosesində iştirakı Qərbi qane edir. Qərb-Azərbaycan münasibətlərində diktə edən rolunda rəsmi Bakıdır və proses bu cür də davam edəcək.

Onu da unutmaq olmaz ki, ABŞ Azərbaycana çoxmilyonlu yatırımlar qoyub, ölkə Vaşinqtonun enerji layihələrində iştirak edir. Geosiyasi amillərlə yanaşı, bu iqtisadi faktor da təhlükəsizliyin zəmanətçisi olaraq NATO qoşunlarının sülhməramlılar kimi, Dağlıq Qarabağda mövcudluğunu zəruri edən amillər sırasındadır. Lakin Vaşinqton Moskva ilə açıq savaşa hazır deyil. Daha bir mühüm amil 2008-ci ilin avqustunda Gürcüstanda baş verən hadisələr idi. Rusların Gürcüstanı az qala işğal etməsi göstərdi ki, nə Tiflis, nə Bakı, nə də ki digər ölkə öz təhlükəsizliyini müstəqil şəkildə həyata keçirməyə qadir deyil. Bu baxımdan rəsmi Bakı və Tiflis bu məsələdə seçim etmək barədə düşünə bilər. Vaşinqton rəsmi Bakı ilə əməkdaşlıqda maraqlı görünür. Bakı da Vaşinqtonla əmədaşlıqda maraqldır. Lakin Azərbaycan müstəqil siyasət yürüdür və nə Moskvanın, nə də ki Vaşinqtonun diqtəsi ilə siyasi kursda dəyişşiklik etmək istəmir. Ölkədə demokratik institutların inkişafının yeni mərhələsi başlayıır. Siyasi məhbus kimi xarakterizə edilən şəxslərin azadlığa çıxması da buna bir sübutdur. Lakin bütün bunlar ölkənin maraqları naminə edilir. Özünə hörmət edən heç bir ölkə maronet olmaq istəməz. Bu baxımdan, prezident Əliyev konkret mesaj verdi – Azərbaycan əməkdaşlığa hazırdır, lakin Bakı ilə şərtlərlə danışmaq yolverilməzdir...

Avropa.info-nun ekspert qrupu

Geri qayıt