Əsas Səhifə > Güney Press, foto, Araşdırma > Mikayıl Cabbarovun nazirliyində hərbi vətənpərvərlik qısırlığı...

Mikayıl Cabbarovun nazirliyində hərbi vətənpərvərlik qısırlığı...


22-04-2016, 10:07
Mikayıl Cabbarovun nazirliyində hərbi vətənpərvərlik qısırlığı...
DİA.AZ: - Şəhidlik ən uca zirvədir. Bu zirvəni yalnız mərd, igid, qorxmaz oğullarımız fəth edə bilərlər. Bu zirvənin sonu ölümdür, özü də şərəfli ölüm. Ona görə də bu zirvənin yüksəkliyinə qalxmaq hər oğulun işi deyil. Yalnız Vətənə, torpağa sonsuz sevgi şəhidləri əlçatmaz zirvələrə yüksəldir.

“Vətən yolunda şəhid olanların qəhrəmanlıq nümunələri heç vaxt unudulmayacaqdır. Onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar”. Heydər Əliyev şəhid anaları ilə görüşərkən səsləndirdiyi bu müdrik fikirlə şəhidlərimizin daim ürəklərdə yaşayacağını bildirmişdir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkərkən şəhid anaları ilə də görüşüb və deyib: “Mən bir daha sizə təşəkkürümü bildirmək istəyirəm ki, Vətən üçün belə övladlar böyütmüsünüz”.

Təəssüf ki, bu gün bəzi dövlət məmurları öz maddi maraqlarının təmin olunması üçün şəhid adına hörmətsizlik edir, şəhid adını aşağılayır və urvatdan salır. Təhsil Nazirliyinin şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəbi ləğv edib, yerində 6 nömrəli liseyin filialını yaratmaqla, kiməsə vəzifə verdi. Əslində, bu işdə nazirlikdə kiminsə maddi maraqları təmin olundu. Əvəzində isə, Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş, Prezident İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuş şəhid Rzayev Faiq Hüseynağa oğlunun adı yaddaşlardan slindi.

DİA.AZ xatırladır ki, şəhid Faiq Rzayev bu məktəbdə təhsil almışdı: birinci sinifdən on birinci sinfə qədər. Heydər Əliyevin fərmanı ilə 150 nömrəli məktəbə şəhidin-bu məktəbin məzununun adı verilmişdi. Təhsil naziri Mikayıl Cabbarov nə Heydər Əliyevin sərəncamını, nə nə Prezident İlham Əliyevin bu şəhidə “İgidliyə görə” medalı verilməsi barədə sərəncamını yadına salmadı. Kimisə vəzifəyə qoymaq üçün şəhidin adını ləğv etdi. İndi həmin məktəbin binasının qarşısında yalnız şəhidin formal olaraq büstü qalıb. Yəqin ki, bir azdan Təhsil Nazirliyinin rəhbərliyi bu büstü də götümək barədə qərar verəcək. Çünki şəhidin adını ləğv edənlər üçün büstü götürmək o qədər də çətin məsələ deyil.

Aprelin 2-dən 5-dək Milli Ordumuzun əsgər və zabitləri Erməni hərbiçilərinə divan tutdular və 23 il düşmən işğalında qalan ərazilərimizi azad etdilər. Şəhidlərimiz oldu. Hər birimiz bundan qürur duyduq. Vətən uğrunda döyüşlərdə şəhid olanlara Prezident İlham Əliyevin sərəncamı ilə ən yüksək dövlət mükafatları verildi. Axı belə bir mükafatın biri də şəhid Faiq Rzayevə verilmişdi. Bəs Təhsil Nazirliyi niyə bunu yadına salmadı? Demək, sabah bu şəhidlərin də adına hansısa təhsil müəssisəsi verilsə, Təhsil Nazirliyinin rəhbərliyi bunu asanlıqla ləvv edəcək? Kimisə vəzifəyə yerləşdirmək üçün Təhsil Nazirliyi mütləq ŞƏHİD ADINA HÖRMƏTSİZLİK etməlidirmi?

Aprelin əvvəlində baş verən döyüşlər zamanı ermənilər Tərtər rayonundan bir məktəblini yaralamışdılar. Təhsil naziri M.Cabbarov hansısa bir telekanalanın operatoru ilə Tərtər rayonuna-yaralı məktəbliyə baş çəkməyə getmişdi. Birdən yaralı məktəbli təhsil nazirindən soruşsaydı ki, cənab nazir, Vətən yolunda şəhid olmuş, Prezident İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuş şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəbi niyə ləğv etmisiniz? Görəsən o zaman təhsil naziri yaralı şagirdə nə cavab verərdi? Şəhidin adını ləğv edib burdan Tərtər rayonuna gedib yaralı məktəbliyə baş çəkməklə bunu reklam etməyə ehtiyac varmı. Əsil REKLAM olunası ŞƏHİD adına olan HÖRMƏTSİZLİKDİR. Özü də ikrah, nifrət doğuran reklam.

Bu gün uşaqdan böyüyə hamı Ali Baş Komandana müraciət edib cəbhəyə getmək, Milli Ordumuza kömək etmək arzusundadır. Xalq Vətəni qorumaq, düşmən işğalında olan torpaqlarımızı azad etmək üçün yüksək əhval-ruhiyyədə olduğu bir vaxtda, Təhsil Nazirliyi şəhidin adını daşıyan məktəbi ləğv edir. Nə var, nə var kimisə direktor qoymaq istəyir. Dövlət məmuruna yarşmayan, Prezidentin siyasi xəttinə tamamilə zidd olan belə hərəkətlərə nə ad verəsən? Bu, Vətən, torpaq yolunda canını qurban verməyə hazır olan gənclərimizə onların valideynlərinə, şəhid analarına necə təsir edər? Görünür, şəhid adına belə hörmətsizlik edən Təhsil Nazirliyinin cavabdeh şəxslərinin doğmaları şəhid olmayıb. Olsaydı, şəhidliyin nə olduğunu dərk edər və belə hörmətsizliyə yol verməzdilər.

Ölkəmizin müharıbə şəraitində olduğu bir vaxtda hansısa dövlət məmurunun öz maddi maraqları naminə Qarabağ döyüşlərində şəhid olmuş, Prezidentin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuş şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəbi ləğv etməsi gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsinə çox pis təsir edəcək. Axı, Faiq Rzayev canını Vətənimizin müdafiəsi, müstəqilliyimizin əbədiliyi, ərazi bütövlüyümüzün təmin olunması yolunda qurban verib. Şəhidə qarşı belə hörmətsizlik edənlər cəzalandırılmalıdırlar ki, digərlərinə də ibrət dərsi olsun.

Öz maddi maraqları naminə şəhid adına ləkə gətirən dövlət məmurlarına Ali Baş Komandan, Prezident İlham Əliyevin bir cümləsini xatırladırıq: “Vətən, torpaq uğrunda həlak olmuş şəhidlərin qarşısında baş əyirik. Onların qanı yerdə qalmayacaq və qalmır, şəhidlər ölmür. Onlar bizim qəlbimizdə əbədi yaşayır”.

Bunu Təhsil Nazirliyinin rəhbərliyi də unutmamalıdır!

Emin Quliyev,
DİA.AZ

Geri qayıt