Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Müslümovun Salynadakı adamı narazılıq yaradır

Müslümovun Salynadakı adamı narazılıq yaradır


5-04-2016, 11:07
Müslümovun Salynadakı adamı narazılıq yaradır
Təəssüflər olsun ki, bu gün əksər rayonlarda fəaliyyət göstərən ƏSMM-lərdə baş alıb gedən özbaşnalıqlar, bu mərkəzlərin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması halları hələ də dövlət islahatlarının tam gücü ilə həyata keçirilməsini əngəlləyən faktorlar kimi çıxış edirlər. Mütəmadi olaraq, redaksiyamıza daxil olan bir çox məlumatlarda ƏSMM-lərin bəzi rayonlardakı yarıtmaz fəaliyyətindən, yol verilən ciddi qanun pozuntularınadan konkret faktlar təqdim olunur. Xüsusən də bu mərkəzlərə rəhbərlik edən şəxslərin özbaşnalığı, aztəminatlı vətəndaşların problemlərinə biganəliyi yerlərdə əhalinin kəskin etrazlarına səbəb olur. Bu günlərdə Salyandan bizimdovr.az-a daxil olan məlumatlarda da göstərilir ki, rayonun Əhalinin Sosial Müdafiə Mərkəzinin yarıtmaz fəaliyyəti, mərkəzin direktoru Ramin Salmanovun öz işində yol verdiyi ciddi qanun pozuntuları vətəndaşların kütləvi şəkildə hüquqlarının pozulmasına yol açır. Rayon sakinləri tərəfindən təqdim olunmuş açıqlamalarda vurğulanır ki, sosial yardım kartlarının ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması üsulu bu gün də Ramin Salmanov tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Salyan ƏSMM-nin direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir. Həmçinin aldığımız məlumatlara görə, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərindən sığortalanmaq məqsədilə mərkəzin direktoru bəzi əks-tədbirlərə də əl atmalı olmuşdur. Belə ki, əvvəlki vaxtlardan fərqli olaraq, bu gün artıq ƏSMM direktoru özü bilavasitə heç bir maxinsiyanın həyata keçirilməsində iştirak etmir. Onun əvəzində bu işləri görən və ən əsası isə qeyri-qanuni pul, rüşvət yığımını həyata keçirən mərkəzin xüsusi seçilmiş bir neçə əməkdaşıdır. Bununla belə, məlumatlarda bildirilir ki, məhz Ramin Salmanov rayonun sosial müdafiə sahəsində baş verən bütün neqativ hallara birbaşa rəhbərlik edir. Yalnız onun göstərişi və təpkisi ilə ƏSMM-nin digər əməkdaşları da qanunsuz əməllərə sövq edilirlər. Bu xüsusda redaksiyamıza daxil olan açıqlamalarda qeyd edilir ki, Salyan ƏSMM-də yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur. Ramin Salmanovun rəhbərlik etdiyi bu mərkəzdə korrupsiya halları artıq kütləvi xarakter almışdır. Mənbələr bildirirlər ki, mərkəz rəhbərinin ünvanlı sosial yardım təyin etdiyi vətəndaşlarla korrupsiya sövdələşməsinə girərək, dövlətin verdiyi yardımı onlarla yarı bölməsi adi hala çevrilmişdir. Belə hallarda yardımdan yararlananlar isə, əslində buna ehtiyacı olmayan vətəndaşlar olur. Bu sahədə ədalət prinsiplərinin pozulması səbəbindəndir ki, Salyan ƏSMM-nin özünün, xüsusilə də ünvanlı sosial yardım sektorunun fəaliyyətində şəffaflıq təmin olunmur, yardımları təyin edən komissiyaların işində ictimaiyyətin iştirakına yol verilmir. Məlumatlarda vurğulanır ki, Ramin Salmanovun vətəndaşlara ayrılan sosial yardımın bir hissəsini mənimsəməyə yönəlmiş cəhdləri hətta dəfələrlə Salyan ƏSMM-də xoşagəlməz insidentlərin yaşanmasına da səbəb olub.
Əlbəttə, bu məlumatlar ciddi araşdırmaların aparılmasını tələb edir. Lakin bu da həqiqətdir ki, əksər rayon ƏSMM rəhbərlərnin analoji cinayət əməllərinə görə artıq məsuliyyətə cəlb olunduqları bir vaxtda, bəziləri hələ də vəzifə kreslosunda rahatca əyləşərək öz mənfur əməllərinə davam etməkdədr. Ümid edirik ki, ən qısa müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılacaq və bütün bu məsələlərə tam aydınlıq gətiriləcək. Çünki mövcud problemlər, ayrı-ayrı strukturlarda yol verilən neqativ hallar ifşa olunub aradan qaldırılmadıqca bu sahədə həyata keçirilən islahatların da tam effektivliyi ilə nəticələnməsi mümkün deyil.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt