Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Valideynlər bu tibb ocağına müraciət etməzdən əvvəl fikirləşsinlər...

Valideynlər bu tibb ocağına müraciət etməzdən əvvəl fikirləşsinlər...


1-04-2016, 11:29
Valideynlər bu tibb ocağına müraciət etməzdən əvvəl fikirləşsinlər...
Qəzetimizin 30.12.2015-ci il tarixli sayında dərc olunmuş “İki otağa sığan “Anay” uşaq tibb mərkəzi” sərlövhəli tənqidi materialda biz növbəti dəfə ölkəmizdə fəaliyyət göstərən bəzi özəl tibb müəssisələrinin işində müşahidə olunan nöqsanlardan söz açmışdıq. Əvvəllər də dərc etdiyimiz yazılarda biz qeyd etmişik ki, bu gün ölkəmizin səhiyyə sistemində mövcud olan bir çox problemlər məhz özəl tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müşahidə olunmaqdadır. İlk növbədə diqqətə çarpan məqam bundan ibarətdir ki, bu tibb müəssisələrində xəstələrə təklif olunan xidmətlərin qiyməti özünü doğrultmayacaq qədər yüksək olur. Bunun müqabilində isə, göstərilən tibbi xidmətlər mahiyyət etibarı ilə aşağı səviyyədə, bəzən isə hətta sağlamlıq üçün ziyan doğura biləcək bir həddə olur. Lakin ötən ilin sonlarında bizimdovr.az-a daxil olmuş məlumatda məhz uşaq səhiyyəsi üzrə ixtisaslaşmış konkret bir müəssisənin, “Anay” uşaq tibb mərkəzinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülmüşdü. Aldığımız açıqlamalar əsasında hazırladığımız materialda biz göstərmişdik ki, paytaxtın Bakıxanov qəsəbəsində yerləşən bu tibb müəssisəsinə həkim-pediatr Asif Seyfullayev rəhbərlik edir. “Anay” MMC kimi dövlət qeydiyyatından keçmiş bu müəssisə “uşaq tibb mərkəzi” kimi pafoslu ada sahib olmaqla, böyük iddialarını ortaya qoysa da, əslində bu mərkəzin indiyədək iki nəfərdən artıq əməkdaşını görən olmayıb. Bu əməkdaşlardan da biri Asif həkimin özü, digəri isə tibb bacısıdır. Həmçinin biz göstərmişdik ki, “Anay” MMC-nin yerləşdiyi tikili də xüsusi maraq doğurur. Belə ki, şəxsi həyətyanı sahədə inşa olunmuş bu birmərtəbəli bina cəmi 1 dəhliz və 2 otaqdan ibarətdir. Bunun müqabilində isə, müəssisəyə gələn pasientlərdən elə əsil tibbi mərkəzlərdə təyin olunmuş məbləğlərdə ödəniş alınır. Həm də həkimin qəbul haqqından başqa, uşaqlara vurulan hər iynəyə görə də tibb bacısı valideynlərdən 5 manat pul alır. Yeri gəlmişkən, bizə müraciət edən vətəndaş burada uşaqlara vurulan preparatların da tərkibi, istifadə müddəti və saxlanma şəraitinə dair müəyyən şübhələri ilə bölüşmüşdü. Onun deməyinə görə, Asif həkim bu və ya digər uşağa təcili inyeksiya olunması zərurəti barədə qərara gəldikdə, telefon vasitəsilə Anar adlı gənc bir şəxslə əlaqə saxlayır. Bundan sonra, Anar bir neçə dəqiqə ərzində həkimin tələb etdiyi preparatı onun otağına gətirir. Anarın həkim otağına ikinci, arxa qapıdan girdiyi və bu qapının da həyətə açıldığı nəzərə alınarsa, çox güman ki, bu dərmanlar da xüsusi yaradılmış şəraitdə deyil, məhz evdə, ən yaxşı halda soyuducuda saxlanılır. Təbii ki, bütün bu deyilənlər ilk növbədə “Anay” MMC-yə uşaqlarının səhhətində yaranmış müəyyən problemlərlə bağlı müraciət edən valideynlərin seçimlərini ciddi şübhə altına almış olur. Bizə müraciət etmiş vətəndaş isə, təqdim etdiyi faktları ictimailəşdirmək yolu ilə, yaranmış vəziyyətə Səhiyyə Nazirliyinin diqqətini cəlb etmək istəmişdi.
Bununla bağlı demək lazımdır ki, məlumatları bizimdovr.az-a təqdim edən mənbə öz istəyinə nail ola bilib. Belə ki, bu günlərdə redaksiyamıza Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Analitik Ekspertiza Mərkəzi MMC-nin direktoru Murad Süleymanov tərəfindən imzalanmış, 08/640 saylı məktub daxil olub. Qeyd edək ki, bu məktubu yeni almağımıza rəğmən, blankın üzərində 04.02.2016-cı il tarixi göstərilib. Məktubda deyilir: “Bakı şəhəri, Sabunçu rayonu, Ramiz Qəmbərov küçəsi, 3a ünvanında özəl tibb fəaliyyəti ilə məşğul olan “Anay-M” MMC-nin lisenziyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müvafiq sərəncamı əsasında dayandırılmışdır”.
Belə çıxır ki, Asif Seyfullayevin rəhbərlik etdiyi bu müəssisə ilə artıq Səhiyyə Nazirliyi deyil, müvafiq hüquq-mühafizə orqanları maraqlanmalıdırlar. Hələlik isə, uşaqlarının səhhətində yaranmış müəyyən problemlərlə bağlı “Anay” uşaq tibb mərkəzinə müraciət edən valideynlərin bu məqamı diqqətə almalarını istərdik.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt