Şəmkir rayonu, Muxtariyyat kənd sakini Qəhrəmanova Şaxnaz Nurəddin qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:
“Mən, Qəhrəmanova Şaxnaz Nurəddin qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, qaynanam və qaynatamla yola gedə bilmirəm. Məni viruslu, infeksiyalı yerdə yaşadırlar. Ac, susuz yaşayıram.
Sosial yardım üçün müraciət etdim, lakin mənə imtina cavabı verildi. İmtinanın səbəbini bilmirəm. Çünki evim, maşınım, hətta gəlir yerim belə yoxdur.
Qeyd edim ki, üç övladım var. Uşaqları məktəbə göndərməyə imkanım yoxdur. Paltar almağa belə imkanımız çatmır. Hara müraciət edirəmsə, üzümə “soyuq su səpirlər”. Xahiş edirəm, mənə köməklik göstərin”.
Məsələ ilə bağlı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxladıq. O, şikayətçinin müraciətinin araşdırılacağını bildirdi.