Əsas Səhifə > Cəmiyyət, Manşet > Nazir Neftçaladakı kadrını araşdırtdırır...

Nazir Neftçaladakı kadrını araşdırtdırır...


27-10-2015, 10:43
Nazir Neftçaladakı kadrını araşdırtdırır...
Bir müddət bundan əvvəl redaksiyamıza daxil olmuş məlumatlarda Neftçala Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin müdiri Əjdər Kərimovun öz işində yol verdiyi ciddi qanun pozuntularına dair açıqlamalar təqdim olunmuşdu. Həmin məlumatlar əsasında dərc etdiyimiz materialda biz artıq qeyd etmişdik ki, yerli mənbələr məhz RTŞ müdirinin yarıtmaz fəaliyyəti ucbatından son bir ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşdüyünü vurğulayırlar. Səbəb isə, yenə də bu gün ölkənin təhsil sisteminin əsas neqativ göstəricilərindən biri olan repititorluq fəaliyyətilə bağlıdır. Belə ki, açıqlamalara görə hazırda Neftçala rayonunda da əksər müəllimlər bu fəaliyyətlə məşğul olduqları üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq, onların məktəbdən yayınmalarına göz yumurlar. Təbii ki, rayonun təhsil sistemində yaranmış bu neqativ durumun mövcudluğu RTŞ rəhbərliyinin nəzərindən heç bir halda yayına bilməz. Elə aldığımız məlumatlarda da birmənalı olaraq vurğulanır ki, Əjdər Kərimov Nefçalanın orta məktəblərdə yaşanan bütün bu öznaşınalıqlardan xəbərdardır. Lakin bu məsələlərdə onun da öz marağı olduğu üçün, RTŞ müdiri vəziyyətə müdaxilə etmir. Bir çox mənbələr isə iddia edirlər ki, Əjdər Kərimov demək olar ki, məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır. İddialara görə bu gün Neftçalanın rayon və kənd məktəblərində il boyu işə gəlməyən müəllimlər var. Amma onların dərs saatları davamlı surətdə yazılır və maaşları məktəb direktorları tərəfindən götürülürərək, təhsil şöbəsinin müdiri ilə bölüşdürülür.

Bundan başqa isə, aldığımız açıqlamalarda bəzi mənbələr Əjdər Kərimov tərəfindən rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin davamlı olaraq mənimsənildiyini xəbər verirlər. Bildirilir ki, bu məqsədlərlə Neftçalanın təhsil müəssisələrinin təmiri və inventarların alınması üçün təşkil olunan tenderlərin keçirilməsində mütəmadi olaraq müxtəlif maxinasiyalara yol verilir. Belə ki, adətən həmin tenderləri əslində heç bir maddi-texniki bazaya malik olmayan şirkət və MMC-lər qazanırlar. Bundan sonra, ayrılmış vəsaitlər həmin şirkətlərin bank hesablarına köçürülür. Lakin bunun müqabilində şirkət tərəfindən heç bir iş və ya alqı-satqı əməliyyatı həyata keçirilmir. Daha doğrusu bu işlər şirkətə aid blanklar üzərində sənədləşdirilir, həm də real dəyərindən bir neçə dəfə artıq qiymətlərlə. Reallıqda isə, işlər muzdla tutulmuş briqadalar tərəfindən ucuz qiymətə görülür. Vəsaitlər də nağdlaşdırılaraq hesabdan çıxarılır və maxinasiyanın iştirakçıları arasında müəyyən nisbətdə bölüşdürülür. Həmçinin ötən materiallarda qeyd olunmuşdu ki, Əjdər Kərimov taarifləşmə cədvəllərində müxtəlif maxinasiyalar aparmaqla, yolla da büdcədən ayrılan dövlət vəsaitlərini mənimsənilməsinə şərait yaradır. Belə maxinasiyalarını daha rahat həyata keçirə bilmək üçün isə, RTŞ müdiri rayon məktəblərinə öz adamlarını direktor təyin edir. Öz növbələrində bu direktorlar da, rəhbərlik etdikləri təhsil müəssisələrində bir çox fəsadların yaşanmasına səbəb olurlar. Həmin məktəblərə məqsədyönlü şəkildə təyin olunmuş direktorların tətbiq etdikləri qaydalar bir sıra qanunauzluqlarla müşayiət olunur, şagird və valideyn hüquqlarının mütəmadi olaraq pozulması halları məktəb həyatının ayrılmaz hissəsinə çevrilir.
Bununla belə, redaksiyamıza son daxil olan məlumatlarda Neftçala RTŞ-nin fəaliyyətində müşahidə olunan ciddi qanun pozuntularının artıq Təhsil Nazirliyinin rəhbərliyinin diqqətini cəlb etdiyi bildirilir. Bu xüsusda aldığımız açıqlamada qeyd olunur ki, yaxın vaxtlarda TN-tərəfindən Neftçala RTŞ-nin fəaliyyətinin əsaslı şəkildə təftiş ediləcəyi gözlənilir. Həmçinin mənbə bu yoxlamanın böyük ehtimalla, Əjdər Kərimovun vəzifədən kənarlaşdırılması ilə nəticələnəcəyini də vurğulayır.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt