Əsas Səhifə > Cəmiyyət, Manşet > Bu istirahət mərkəzində kimin havası çalınır....

Bu istirahət mərkəzində kimin havası çalınır....


26-08-2015, 11:52
Bu istirahət mərkəzində kimin havası çalınır....
Ölkəmizdə gedən sürətli iqtisadi inkişaf, xüsusilə də turizm sahəsinin inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı, respublikamızın rayon və bölgələrində əyləncə və istirahət mərkəzlərinin də getdikcə artmasını stimullaşdırır. O cümlədən bu gün Qusar rayonu da turizmin sürətlə inkişaf etdiyi rayonlar sırasındadır. İlin bütün fəsillərində ölkəmizin şimal bölgəsində turistlərlə rastlaşmaq mümkündür. Qusar rayonu təkcə təbii gözəllikləri ilə yox, həm də qədim tarix-mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə də məşhurdur. Sıx meşələrlə örtülü dağların qoynunda yerləşən, şəlaləli çayları, soyuq bulaqları, güzgü kimi bərq vuran gölləri olan Qusar rayonu səyahət həvəskarlarının, təbiət vurğunlarının, turistlərin ən çox xoşladıqları məkanlar sırasındadır. Əzəmətli Şahdağın ətəklərində qərar tutan bu rayon, təkcə Azərbaycanın deyil, eləcə də bütün Qafqazın ən gözəl guşələrindən biridir. Əbəs yerə deyilıdir ki, dövlət tərəfindən də bu rayonda turizmin potensialının gücləndirilməsinə böyük diqqət göstərilir. Qusar şəhərindən 30 kilometr şimalda, dəniz səviyyəsindən 1.300-3.200 metr hündürlükdə, Şahdağ Milli Parkının ərazisində inşa edilən “Şahdağ” Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsindən sonra, bölgəyə yerli və xarici turistlərin axını daha da artmışdır.Lakin təəssüflər olsun ki, bütün bu imkanlardan yalnız şəxsi mənafeləri naminə, həm də heç bir hüquqi və əxlaqi normaları gözləmədən yararlanmağa çalışan bəzi işbazlar burada da əldə olunan nailiyyətlərə kölgə salmağa çalışırlar. Qeyd etdiyimiz kimi, bu gün Qusarda müxtəlif turizm və istirahət məkanlarının çoxalması həm təbii, həm də təqdirəlayiq bir haldır. Bu şərtlə ki, həmin müəssisələr qanun çərçivəsində və öz nizamnamələri əsasında fəaliyyət göstərsinlər. Amma bu heç də hər zaman belə olmur. Bəzi hallarda biz istirahət mərkəzi və ya hər hansı digər iaşə müəssisəsi adı altında pərdələnmiş obyektlərin əslində priton və ya əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi kimi halların da şahidi oluruq. Redaksiyamıza daxil olmuş növbəti məlumatda paytaxtın Qusar rayonunda, Sağ sahil ərazisində fəaliyyət göstərən “Qayı Bulaq” ailəvi istirahət mərkəzinin də məhz bu tip müəssisələrə aid olduğu bildirilir. Qəzetimizin ötən saylarında biz dəfələrlə şəhər və rayonlarımızda müxtəlif adlar altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının ketdikcə çoxalmasından və bu artımın səbəblərindən bəhs edən tənqidi materiallar dərc etmişik. Təbii ki, bu problem ölkə ictimaiyyətini ciddi narahat edən məsələlərdən biri kimi hər zaman öz aktuallığını saxlamaqla bir çox informasiya vasitələrinin də daimi diqqət mərkəzində durur. Acınacaqlı haldır ki, məhz son illər ərzində həm paytaxtda, həm də bölgələrimizdə müxtəlif yeni pritonların yaranmasında xüsusi dinamika müşahidə olunur. O cümlədən “Qayı Bulaq” istirahət mərkəzi də bu tendensiyanın təzahürlərindən biri kimi çıxış edir. Biz hər zaman xüsusi olaraq qeyd etmişdik ki, bu gün istənilən inzibati ərazi vahidinin hüdudları daxilində hər hansı qeyri-qanuni fəaliyyət növü ilə məşğul olmaq və eyni zamanda bu fəaliyyəti həmin ərazinin hüquq-mühafizə orqanlarından gizlin saxlaya bilmək prinsip etibarı ilə mümkün deyil. İstər əxlaqsızlıq yuvası olsun, istər narkopriton, istərsə də qumarxana - əgər belə bir obyekt davamlı fəaliyyət göstərirsə deməli, istənilən halda əraziyə nəzarət edən hər hansı polis orqanının bu işdən xəbəri var və bu fəaliyyət üçün həmin orqanın rəhbərliyindən qeyri-rəsmi icazə də alınıb. Elə “Qayıbulaq” istirahət mərkəzinin sahibi Hacı Şövkət də iddia edir ki, o, obyektinin “rahat” fəaliyyət göstərə bilməsi üçün hər ay rayonun hüquq-mühafizə orqanlarının bəzi yüksək çinli əməkdaşlarına külli-miqdarda pul ödəyir. Bu barədə aldığımız məlumatlarda xəbər verilir. Həmçinin açıqlamalarda belə bir məqam da qeyd olunur ki, bir müddət əvvəl “Qayı Bbulaq” istirahət mərkəzinin Əhməd və Zaur adlı iki əməkdaşı DİN-in İnsan Alveri ilə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdılar. Məlumata görə, bu şəxslər vətəndaşları cinsi istismara məruz qoymaqda ittiham edilirdilər. Lakin təəssüflər olsun ki, Şövkət Əbdürəhmanov malik olduğu əlaqələri vasitəsilə həmin şəxslərin də sərbəst buraxılmalarına nail ola bilmişdir...Ümid edirik ki, Qusar Rayon Polis Şöbəsi, eləcə də problemə aidiyyatı olan digər qurumlar bu obyektin fəaliyyətinin ciddi şəkildə araşdırılmasını və burada baş verən qanun pozuntularına son qoyulmasını təmin edəcəklər.\\bizimdovr.az\\

Materialda adı keçən bütün müəssisə və qurum rəhbərlərinin mövqeyini dinləməyə hazırıq.

Geri qayıt