Əsas Səhifə > Cəmiyyət, Manşet > "Yeni Yasamal" MTK sakinlərin başına oyun açır...

"Yeni Yasamal" MTK sakinlərin başına oyun açır...


17-07-2015, 11:51
"Yeni Yasamal" MTK sakinlərin başına oyun açır...
Danılmaz faktdır ki, bu gün həm paytaxt Bakıda, həm də bölgələrimizdə fırıldaqçılıqla məşğul olan sahibkarlar, şirkətlər kifayət qədər çoxdur. Hətta günü-gündən də, artmaqda davam edir. Məsələn, eyni mənzilin bir neçə nəfərə satılması hallarının olmasına dair vaxtaşırı yetərincə məlumatlar verilib. Bunlara misal olaraq, "GEN" MMC, "Fuad LTD" MMC, "Muray" MMC, "Əzizbəyov-KM" MMC, "Oskar" MMC, "Şakir" MMC ,"İnşaatçı GM", "Qolden", "Azərtikinti AQF", "İdeal-İnşaat", "Şahbulaq", "Abşeron-1", "A.E.K", "Xəmsə inşaat", "Qaraçay", "Bios", "Bəyaz", "Dərəçiçək", "Meqa-Siti Holdinq", "Elita-R", "Gənc", "R+R", "Birlik inşaat", "Ulduz", "Folklor", "Ələsgəroğlu", "ABC". "KamranB.Ə", "Safari-N", "Yeni Yasamal", "Effekt inşaat", "AENT-L", "Hayan-E", "Klass Azko", "Badi-Kubə", "Olimpus-AZ", "Cənnət", "Xəmsə" və sairə göstərmək olar. Əslində, bu cür şirkətləri saymaqla bitirmək olmaz. Ən acınacaqlısı isə belə şirkətlərin sayının günü-gündən artdığı da, göz qabağındadır. Və təbii ki, belə olan halda tikinti şirkətləri tərəfindən aldadılanların da sayı artır. Belə ki, həmin şirkətlər bir mənzilləri bir neçə nəfərə satmaqla pul qazanırlar, insanların illərlə ev almaq üçün yığdıqları pulları mənimsəyib, küçələrə salırlar. Fırıldaqçı şirkət sahibləri saxta müqavilələr tərtib edərək vətəndaşları aldadır və pullarını mənimsəyirlər. Çox təəssüflə də olsa qeyd etmək lazımdır ki, hər gün onlarla vətəndaş adlarını çəkdiyimiz fırıldaqçı şirkətlərin qurbanına çevrilirlər. İlkin hesablamalara görə, belə adamların sayı 6 mini ötüb. Və fırıldaqçılıqla məşğul olan tikinti şirkətlərinin sayının həddən artıq çox olduğu söylənilir. Qeyd edək ki, artıq bu şirkətlərin bəziləri fəaliyyətini dayandırsa da, bəziləri hələ də, fəaliyyət göstərməkdə davam edir. Bu gün sözügedən mövzu ətrafında söhbət açmağımız da əbəs deyil.

"Yeni Yasamal" MTK sakinlərin başına oyun açır...

Belə ki, bu günlərdə artıq doqquz ildir nəğd pulla aldıqları mənzillərə köçə bilməyən sakinlər "Yeni Yasamal" MTK-nın binası qarşısında etiraz aksiyası keçiriblər. "Gündəlik Bakı" xəbər verir ki, "Yeni Yasamal" MTK-dan aldıqları Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabanı küçəsi 5 ünvanındakı 16 mərtəbəli yaşayış binasına köçə bilməyən sakinlər binanın qarşısına toplaşaraq aldıqları evlərin MTK tərəfindən təhvil verilməsini tələb ediblər. Mənzillərin eyni anda bir neçə şəxsə satılmasından da narazı olan sakinlərə MTK sədri Cahangir Alışov noyabr ayında binanın təhvil verilməsinə söz verib. Onun sözlərinə görə, mənzillərin 15-nin mübahisəlidir və bununla bağlı hazırda məhkəmə prosesi davam edir. Problemin dəfələrlə mediada işıqlanmasına baxmayaraq, sakinlər hələ də, 2006-cı ildə nəğd ödənişlə aldıqları mənzillərini təhvil ala bilmirlər ki, bilmirlər. Qeyd edək ki, hələ illər öncə də sakinlərin şikayəti əsasında mövcud problemlə bağlı məqalə dərc etmiş və məsələni gündəmə gətirmişdik. Lakin illər keçməsinə baxmayaraq, bu gün də vətəndaşlar pul ödədikləri halda mənzillərə yiyələnə bilmirlər. Bu gün yaşananlar bir daha onu deməyə əsas verir ki, bu sahədə nəzarət olduqca zəifdir. Bu səbəbdən də, bəzi sahibkarlar istədikləri kimi davranır və vətəndaşları aldadaraq öz mənfəətlərini güdürlər. Ekspertlər hesab edirlər ki, fırıldaqçı tikinti şirkətlərinin yaratdığı problemin birdəfəlik həlli üçün təkcə cinayət işlərinin başlanması kifayət etmir və daha sərt addımlara əl atılmalıdır. Çox acınacaqlıdır ki, inşa etdiyi mənzilləri kifayət qədər yüksək qiymətə satan və əslində bununla da gəlirlərini təmin edən tikinti şirkətləri, hətta bu pul ilə kifayətlənməyərək, vətəndaşları aldadıb onların qənaət edərək illərlə yığdığı pulları əllərindən alırlar. Aydındır ki, vətəndaşları aldatmış tikinti şirkətlərinin sahiblərinin həbs olunması mənzil üçün pul ödəyənlər üçün ciddi heç nəyi dəyişmir. Onlar onsuz da mənzilə sahib olmurlar. Çünki nə bina inşa edilib, nə də onların pullarını geri qaytaracaq kimsə var.

Geri qayıt