Əsas Səhifə > Cəmiyyət, Manşet > Prezidentin tənqidini rəsmən qulaqardına vuran AZAL şefi hədəfdə

Prezidentin tənqidini rəsmən qulaqardına vuran AZAL şefi hədəfdə


15-07-2015, 12:35
Prezidentin tənqidini rəsmən qulaqardına vuran AZAL şefi hədəfdə
Son günlər Azərbaycan Hava Yollarındakı (AZAL) qiymətlərin baha olması ilə bağlı vətəndaşların şikayətləri artıb. Sosial şəbəkələrdə Cahangir Əsgərovun rəhbəri olduğu şirkəti boykot etmək çağırışları səslənməkdədir. Məlumata görə, artıq xeyli adam bu şirkətin xidmətlərindən imtina etmələri barədə statuslar paylaşıb.

Onlar əlavə əziyyət olsa da, səyahət etmək istədiyi ölkəyə bundan sonra Gürcüstandan uçacaqlarını bildiriblər. Bunun üçün vətəndaşlar qatarla Tiflisə gedib oradan üçüncü ölkəyə üz tuturlar. Bu, xaricə getmək istəyən vətəndaşlara daha ucuz başa gəlir. Məsələn, Almaniyaya Bakıdan uçuş qiyməti 730 manatdan bahadır. Gürcüstandan isə təxminən 400 manat. Almaniyaya səfər etmək istəyən şəxs qatarla (28 manat) gedib Tiflisdən bilet alsa, bu ona 302 manat daha ucuz başa gələcək.

Təkcə bu müqayisə AZAL-dakı qiymətlərin nə qədər yüksək olduğunu göstərir. Bundan əlavə, vətəndaşlar qiymətlərin yüksək olmasına baxmayaraq, təyyarədə verilən yeməklərin də keyfiyyətindən narazıdırlar. Bunlarla yanaşı bir neçə gündür ki, AZAL online bilet satışını da dayandırıb. Sərnişinlər artıq bir müddət əvvəl start verilən bu xidmətdən istifadə edə bilmir. Şirkət isə xidməti dayandırması ilə bağlı xəbərdarlıq etməməsindən əlavə, niyə dayandırmasının səbəbləri barədə hələ də susur. Qurumun rəsmiləri çox qınaqdan sonra biletlərin qiymətinin baha olmasını Birinci Avropa Oyunları ilə əlaqələndirdilər. Ki, guya AZAL oyunlar zamanı ölkəmizə gələn turistlərin geri qayıtmasının bilet qiymətlərində endirim edib və indi büdcədə yaranmış boşluğu vətəndaşların hesabına doldurmağa çalışır. Cahangir Əsgərovun yaratdığı bahalıq ictimaiyyət nümayəndələri və deputatları da hərəkətə gətirib. Millət vəkili Elmira Axundova münasibətini belə bildirib: "Düşünürəm ki, AZAL dünyanın ən rahat və təhlükəsiz xidmətlərindən biridir. Mən və ailəm xaricə gedərkən əsasən AZAL-a üstünlük veririk. Ancaq bəzi istiqamətlərə qiymətlər bahadır. Hesab edirəm ki, adi insanların da büdcəsini nəzərə alıb qiymətləri tənzimləməlidirlər. Əgər bir insanın aylıq gəliri 400-500 manatdırsa o, bir biletə 600-700 manat necə versin? Hər kəsin istirahət etmək haqqı var. Əgər hər hansı aviaşirkət biletləri 200-300 manata satırsa, bu zaman AZAL 600 manata bilet verirsə bu düzgün siyasət deyil. Hesab edirəm ki, insanlar yay aylarında daha çox istirahətə üz tutduqları üçün AZAL və digər aviaşirkətlər qiymətlərə güzəştlər etməlidirlər". Azərbaycan Hava Yollarının qiymət siyasətinə ən sərt tənqid isə cənab prezident İlham Əliyevdən gəldi. Ölkə başçısı Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun çıxışı zamanı sözügedən şirkətin ünvanına çox ciddi tənqidlər səsləndirib: "Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da, bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır. AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır". Prezidentin bu məsələyə toxunması vətəndaşların əksəriyyətinin ürəyincə oldu. Çünki insanlar indiyə kimi xaricə səyahət edəndə aviabiletlərə görə böyük xərc çəkirdilər. Ölkə başçısının tənqidlərindən sonra AZAL-ın qiymət siyasətində böyük dəyişikliklərin ediləcəyi gözlənilir. Özəl mənbələr isə iddia edir ki, prezidentin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlər AZAL-ın şefi Cahangir Əsgərovun karyerasının sonu ola bilər: "Cənab prezident bu vaxta qədər AZAL-ın fəaliyyətini belə tənqid etməmişdi. Son vaxtlar aviabiletlərin baha olması ilə bağlı edilən etirazlar öz nəticəsini verməkdədir. Çox güman ki, Cahangir Əsgərov çoxdandır gözlənilən böyük kadr islahatının ilk qurbanı olacaq. Artıq onun işdən çıxarılacağı haqda şirkət daxilində söz-söhbət gəzməyə başlayıb. Bundan başqa, şirkət rəhbərinin həbsi məsələsi də gündəmə gələ bilər". Hesab edirik ki, 20 ildən çoxdur vəzifədə çalışan Cahangir Əsgərov görəvdən alınsa, ölkəmizin hava nəqliyyatı sistemində yeni mərhələ başlaya və insanlar xarici ölkələrə daha ucuz qiymətə səyahət edə bilərlər.
\\gundelik-baku.com\\
Geri qayıt