Əsas Səhifə > Cəmiyyət, Manşet > Sabirabadın icra başçısına ilginc ittiham...

Sabirabadın icra başçısına ilginc ittiham...


26-06-2015, 12:22
Sabirabadın icra başçısına ilginc ittiham...
Sabirabad rayonu, Həşimxanlı kənd bələdiyyəsinin sədr müavini Fikrət Əmrahovun iş adamı Aqif Nəcəfovun başını partlatması barədə xəbər vermişdik. Qısaca xatırladaq ki, bələdiyyə sədrinin müavini ilə sahibkar arasındakı mübahisə pul üstündə düşüb. Belə ki, Fikrət Əmrahov işlətdiyi çayxananın ərazisinin bələdiyyənin mülkiyyətinə aid olduğunu bəhanə gətirərək iş adamından pul tələb edib.

Qarşı tərəf bir neçə dəfə ona hörmət etsə də, sədr müavini sonradan məbləği artırıb və nəticədə tərəflər arasında insident yaşanıb. Baş vermiş dava nəticəsində sahibkar müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda baş vermiş hadisə ilə bağlı Sabirabad Rayon Polis Şöbəsində və rayon prokurorluğunda araşdırma aparılır. Redaksiyamıza Həşimxanlı kənd bələdiyyəsinin sədr müavini haqqında ilginc məlumatlar daxil olub. Adının gizli qalmasını xahiş edən kənd sakininin verdiyi məlumatda deyilir ki, Fikrət Əmrahov əvvəllər bələdiyyənin sədri vəzifəsində işləyib və həmin vaxt saysız-hesabsız qanun pozuntularına imza atıb: "Keçən bələdiyyə seçkilərində bir nəfər xanım sədr seçildi. Fikrət müəllim isə onun müavini oldu. Əslində, bu, formal xarakter daşıyır. Çünki bələdiyyə indi də keçmiş sədrin diqtəsi altında idarə olunur. Bu adam nə əvvəl, nə də indi xidməti vəzifəsini lazımi səviyyədə icra edib. Kənd sakinləri onun fəaliyyətindən razı deyil. Ona görə ki, bələdiyyə sədrinin müavini camaatın istifadəsində olan torpaq sahələrinin bir hissəsinin təyinatını qeyri-qanuni şəkildə dəyişərək ayrı-ayrı iş adamlarına satıb. Proses hazırda da davam edir. Vətəndaşlara bələdiyyədən hansısa sənəd lazım olanda nəysə verməmiş ala bilmirlər. Həşimxanlı Sabirabad rayonunun ən bərbad kəndlərindən biri hesab edilir. Kəndin yolları sanki birinci dünya müharibəsi dövründən qalıb. Yayda toz-torpaqdan, qışda isə palçıqdan yollar keçilməz olur. Kəndin daxili yollarının təmir edilməsi üçün bələdiyyəyə dəfələrlə müraciət etmişik. Fikrət müəllim hər dəfə bizə deyib ki, büdcədə pul yoxdur. Həşimxanlı bələdiyyəsinin büdcəsi kənddəki bir sıra problemlərin həllinə imkan verir, amma sədr müavini iş görən adam deyil. Sədrin üzünü indiyə kimi görməmişik. Deyəsən, o işə çıxmır. Bələdiyyənin bütün işlərini və maliyyə əməliyyatlarını sədrin müavini həyata keçirir. Kənddə xırda sahibkarlıqla məşğul olan insanlar bu adamın əlindən hara üz tutacaqlarını bilmirlər. O kimin bir balaca imkanı varsa, dərhal həmin adamın başının üstünü alır və bildirir ki, filan qədər verməlisən. Bələdiyyəyə aidiyyəti olmayan torpaq sahələrində yerləşən ticarət obyektlərinin fəaliyyət göstərməsinə imkan vermir. Bəzi savadsız şəxslər onun hədələrinə aldanıb ayda müəyyən məbləğdə "şirinlik" verirlər. Ancaq qanunlardan anlayışı olan insanlar sədr müavininin özbaşına əməllərinə etirazlarını bildirirlər. Haqqını tələb edənlərə qarşı onun münasibəti çox pisdir. Belə şəxsləri əsassız olaraq incidir, onların barəsində yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına yalan məlumatlar ötürür. Artıq neçə illərdir bələdiyyədə rəhbər vəzifədə işləyən Fikrət Əmrahov özünə yaxşı şərait qurub. Deyilənə görə, onun rayonun mərkəzində bir neçə dükanı, Həşimxanlı kəndində hektarlarla torpaq sahəsi və şəxsi təsərrüfatı var. Kənd sakinlərinin bir çoxu ondan çəkinir. Bunun səbəbi var. Sədr müavini harda oturur deyir ki, mən icra başçısı Nazim İsmayılovun adamıyam və onun tapşırıqları əsasında iş görürəm. Yəni özünün icra etdiyi qeyri-qanuni işləri rayon rəhbərinin adı ilə bağlamağa çalışır. Hər dəfə bildirir ki, bələdiyyəyə ayrılan dotasiyalar və yerli özünüidarə orqanının büdcəsinə yığılan digər vəsaitlər icra hakiminin sərəncamına verilir. Bu isə heç bir məntiqə sığmır. Hamıya məlumdur ki, bələdiyyələr icra orqanlarına tabe olmayan müstəqil qurumdur. Başqa sözlə desək, icra hakiminin bələdiyyənin fəaliyyətinə müdaxilə etməyə haqqı yoxdur. Belə çıxır ki, ya sədr müavini başçının adından istifadə edir, ya da Nazim İsmayılov qanunların tələbini pozaraq bələdiyyənin fəaliyyətinə maneçilik törədir". Kənd sakini onu da əlavə etdi ki, Həşimxanlı bələdiyyəsinin rəhbərliyi əhali ilə səmərəli əlaqə qura bilmir: "Sakinlərin qanunvericiliyə uyğun olaraq seçdikləri bələdiyyənin fəaliyyətini daim nəzarətdə saxlamağa, ondan gördüyü işlər barədə hesabat tələb etməyə, məlumat almağa, yerli özünüidarəetmə orqanlarının işini canlandırmaq üçün əsaslı təkliflər verməyə, nöqsanları doğuran səbəbləri aradan qaldırmaq üçün birgə tədbirlər görməyə haqqı çatır. Lakin bələdiyyə rəhbərliyi buna şərait yaratmır. Elə bu səbəbdən bələdiyyə rəsmiləri işə məsuliyyətsiz yanaşır, öz fəaliyyətlərində aşkarlığı, şəffaflığı təmin edə bilmirlər". Məsələyə aydınlıq gətirmək istəsək də, sədr müavini ilə əlaqə yaratmaq cəhdlərimiz bir nəticə vermədi. Yəqin ki, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbər işçiləri Həşimxanlı bələdiyyəsində mövcud olan problemlərin izinə düşüb müvafiq ölçü götürəcəklər.
\\gundelik-baku\\
Geri qayıt