Əsas Səhifə > Cəmiyyət, Manşet > Saatlıda bir kənddən başlayan etiraz rayonu bürüyə bilər: Təhsil sistemi biabırçı həddədir

Saatlıda bir kənddən başlayan etiraz rayonu bürüyə bilər: Təhsil sistemi biabırçı həddədir


23-01-2015, 12:31
Saatlıda bir kənddən başlayan etiraz rayonu bürüyə bilər: Təhsil sistemi biabırçı həddədir
DİA.AZ: - Saatlının Məzrəli kəndindəki tam orta məktəbdə etiraz aksiyasının keçirilməsi barədə artıq kütləvi informasiya vasitələrində məlumat yayılıb.Yayılan məlumatda etirazın səbəbləri də aydınlaşıb. Aksiyanın baş verməsinə səbəb bir müddət öncə işdən çıxarılan Nəzakət adlı məktəb direktorunun əvəzinə Saatlı Rayon Təhsil Şöbəsi tərəfindən Zakir adlı şəxsin təyin edilməsinin olduğu bildirilir.

DİA.AZ xatırladır ki, kənd sakinləri Saatlı Rayon Təhsil Şöbəsinin inspektoru Zakir Əmişovun məktəbə direktor təyin olunmasına etiraz edərək orta məktəbi mühasirəyə almış və yeni təyin olunmuş məktəb direktorunu qovublar. Etirazçılar təhsilin aşağı səviyyədə olduğunu əsas gətirərək, layiqli bir şəxsin məktəb direktoru təyin olunmasını tələb ediblər.

Saatlı rayonunda təhsilin aşağı səviyyədə olması həm rayon, həm də Təhsil Nazirliyinin rəhbərliyinə çox yaxşı məlumdur. Ötən ilin yekununda rayonun ayrı-ayrı kəndlərində keçirilən buraxılış imtahanlarının nəticələri ilə tanış olduqda bunu açıq- aydın hiss etmək olar. Elə məktəblər var idi ki, bir dənə də şagird imtahanlardan müvəffəq qiymət ala bilmədi. Bəs nəticəsi nə oldu? Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyev həmin direktorları bir – bir çağırıb dedi ki, 1000 manat verməsən, səni işdən çıxaracağam. Guya həmin məktəbdə təhsilin aşağı səviyyədə olmasının günahkarı elə direktor imiş. Daha təhsil şöbəsinin müdirinə deyən olmadı ki, rayonun elə məktəbləri var ki, orada pedaqoji təhsili olmayanlar müəllimlik edir. Sonra isə bir vaxtlar elə Şamil Nurəliyevin vasitəçiliyi ilə yüzlərlə müəllim saxta diplom alaraq guya “yenidən hazırlanaraq” ixtisaslarını dəyişiblər. İndi rayonun əksər məktəblərində rus dili müəllimləri dönüb olub ingilis dili, azərbaycan dili, tarix müəllimi. Bir sıra kənd məktəblərində isə ixtisas müəllimi olmadığından həmin fənləri geyri-ixtisas müəllimləri “tədris edirlər”.

Müəllimlərin adına əlavə dərslər yazıb pullarını mənimsəmə faktları isə həddini aşıb. Belə hallar Saatlı təhsilində adi hal alıb. Rayon Təhsil Şöbəsinin inspektorları qabaqcıl müəllimlərdən deyil, dələduzluqla məşğul olan, banklardan kredit götürüb sonra müxtəlif bəhanələrlə ödəməkdən yayınan, hörməti, nüfuzu olmayan, pullu, imkanlı şəxslərin övladlarıdır. İnspektor Zakir Əmişov da hörməti-nüfuzu olmayan, məktəb direktorlarını təngə gətirən bir adamdır.

Bir neçə ay əvvəl rayonun Genişkənd natamam orta məktəbində bədən tərbiyəsi dərsləri əvəzetmə yolu ilə rayon təhsil şöbəsinin inspektorlarının birinin adına yazılmışdı. Bunun da təşkilatçısı Zakir Əmişov idi. Rayon mərkəzindən 40 kilometr kənarda yerləşən kənddə rayon təhsil şöbəsinin inspektorunun bədən tərbiyəsi dərsi keçib yenidən rayona qayıtması qeyri-mümkündür. Dərslərin boş keçməsi nəticəsində şagirdlərdən birinin qolu sındı. Ancaq bu iş Zakir Əmişovun səyi nəticəsində ört-basdır edildi. Z.Əmişovun kurasiyasında olan məktəblərin direktorları müxtəlif yerlərdə olan yeməkxanalara borc ödəməkdən təngə gəliblər. Bir də görürsən ki, Zakir müəllim hansısa yeməkxanada yeyib-içdikdən sonra direktorlardan birinə zəng vurub deyir ki, get həmin yeməkxanaya mənim yeməyimin pulunu ödə. Ö, direktorları yemək-içməyin pulunu ödəmə növbəsinə yazıb. Bu barədə rayon təhsil şöbəsinin müdiri Ş.Nurəliyevə dəfələrlə məlumat verilsə də, heç bir tədbir görülməyib.

Z.Əmişovun məktəbdən qovulması birinci hal deyil. O, bundan əvvəl inspektor kimi şəhər məktəblərinin birinə yoxlamağa gedərkən təcrübəli direktor onu məktəbə buraxmayıb və deyib ki, sənin bu məktəbi yoxlamağa gəlməyin pedaqoji kollektivə təhqirdir. Axı, səni rayonda hamı tanıyır. Heç olmasa, ucqar kəndlərə get. Çünki səni orada yaxından tanımırlar. O vaxtdan da ucqar kəndlərin məktəb direktorlarının günü göy əskiyə bükülüb. Elə məktəb direktoru var ki, Z.Əmişovun yeyib-içdiklərinin borcundan hələ də çıxa bilməyib. Bütün bunlardan sonra Məzrəli kəndin sakinləri Zakir Əmişovun onların kəndlərində direktor işləməsinə heş vaxt razı ola bilməzdilər. Ona görə də Z.Əmişovu kənddən qovdular.

Saatlı Rayon Təhsil Şöbəsindəki rüsvayçılıq getdikcə daha da artacaq. Çünki bu rayonda təhsil şöbəsinin müdirini təhsilin inkişafından çox özünün maddi maraqları və hər gün yeyib-içməsi önəmlidir. Ona görə də rayon məktəblərində təhsilin səviyyəsi çox aşağı vəziyyətdədir. Nə vaxta qədər pedaqoji təhsili olmayanlar, qeyri-ixtisas sahibləri və “yenidənhazırlanma müəllimlər” məlktəblərdə müəllmilik edəcəklərsə, Saatlıda təhsil acınacaqlı böhrandan xilas ola bilməyəcək.

Elxan Kərimov,
Saatlı - DİA.AZ

Geri qayıt