Əsas Səhifə > Cəmiyyət, Manşet > Təbrizin imam-cüməsi xütbəsində Azərbaycanı da «vurdu»

Təbrizin imam-cüməsi xütbəsində Azərbaycanı da «vurdu»


15-07-2014, 12:05
Təbrizin imam-cüməsi xütbəsində Azərbaycanı da «vurdu»
DİA.AZ: - Deyəsən, İrandakı fars-molla rejimi Azərbaycanı mətbu təbliğatının hədəfində saxlamaqdan heç cürə vaz keçə bilmir. Az qala hər həftənin cümə günü İranın ayrı-ayrı məscidlərində ayrı-ayrı din xadimləri Azərbaycanla bağlı xütbələr oxuyurlar və Azərbaycanın indiki dövlət quruluşunu hədəfə alırlar.

DİA.AZ bildirir ki, elə keçən həftə Təbrizin imam cüməsi də Azərbaycanı «unutmayıb». Heç aidiyyatı olmadan Azərbaycan mövzusunu da xütbəsinə daxil edən təbrizli din xadiminin bu davranışını yalnız və yalnız fars-molla rejiminə göstərilən ayı xidməti kimi qəbul etmək olar…

Dia.az olaraq «arannyus» portalında yer alan həmin məlumatı diqqətinizə təqdim edirik:

«Redaksiyamızın verdiyi məlumata əsasən, Təbrizdə keçirilən keçən həftəki cümə namazında Ayətullah Möhsin Şəbüstəri Müctəhidi İslam dinində hicabın zəruriliyinə toxunaraq deyib: "Qadınların hicablı olması məsələsi İslamda adi bir mövzu deyil, bu İslamın çox zəruri məsələlərindəndir və hamı bunu qəbul etməlidir".

"Qurani-kərimin yeddi ayəsində hicabın zəruriliyi çatdırılır. Bundan əlavə qadınların hicab məsələsini bildirən yüzlərlə rəvayət vardır. İslam ölkələrində dinimizin mühüm təlimlərindən olan bu məsələyə xüsusi diqqət etməlidirlər"- deyə, cümə namazı xətibi artırıb.

Ailə başçılarının öz övladlarının hicab məsələsinə diqqətlə yanaşmalarının ölkə səviyyəsində müsbət nəticə verəcəyini bildirən xətib əlavə edib: "Qadınların hicaba əhəmiyyətsizliyi ölkədə bərpası mümkün olmayan acı ruhi və mədəni təsir qoya bilər".

Ayətullah Şəbüstəri hicabın İslamda əhəmiyyətini bir daha xatırladaraq deyib: "Bəzi ölkələrdə o cümlədən Azərbaycanda hicab üçün məhdudiyyət vardır. Bir çox dindar insanlar bu məhdudiyyətlərə son qoymaq üçün öz azadlığını qurban verib, həbsə düşməyə razı oldular".

Qəzzə zolağında baş verən hadisələrə və sionist rejim qoşunlarının bu regiona hücumuna toxunan xətib deyib: "Bu qondarma rejim cinayətkarlığı ilə bir daha öz vəhşiliyini dünyanya göstərdi".

Ayətullah Şəbüstəri Müctəhidi Beynəlxalq Qüds Günü astanasında Fələstin xalqının üçüncü qiyamının başlayacağına güman olunduğunu bildirib».

Geri qayıt