Əsas Səhifə > Cəmiyyət, Manşet > Oğuzun icra başçısı yol üstündədir

Oğuzun icra başçısı yol üstündədir


3-07-2014, 11:47
Oğuzun icra başçısı yol üstündədir
Səfalı təbiətə malik olan Oğuz rayonunun sakinləri müxtəlif problemlərin əlində aciz qalıblar. 50 min nəfərə yaxın əhalisi olan rayonda sosial problemlər bir-birini əvəz edir. Vətəndaşların sosial rifah halının aşağı düşməsinin səbəbkarı isə Oğuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Evyaz Qurbanovdur. 2011-ci ilin aprel ayından etibarən rayona rəhbərlik edən məmur üç il ərzində özünü doğrulda bilməyib.

Oğuzlular öz həmyerlilərinin icra başçısı təyin olunmasına sevinsələr də, Eyvaz müəllim onların bütün gözləntilərini puça çıxarıb. İcra başçısının idarəçilik qabiliyyətinin istənilən səviyyədə olmaması, yerli sahibkarları incitməsi, onları dövlət əhəmiyyətli layihələrə məcburi şəkildə cəlb etməsi, torpaqları qanunsuz olaraq satması və sair məsələlərlə bağlı çox danışmışıq. Buna rəğmən, RİH rəhbəri fəaliyyətindəki qüsurları aradan qaldırmayıb. Məlumatlı şəxslərin redaksiyamıza ötürdüyü informasiyaya görə, Oğuz rayonunda inkişaf birtərəfli gedir: «Eyvaz Qurbanov İcra Hakimiyyətinin başçısı keçdikdən sonra dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə külli miqdarda vəsait ayrıldı. Təəssüflər olsun ki, başçı bu vəsaitləri nəzərdə tutulan layihələrin icrasına sərf etmir. Rayonda abadlıq-quruculuq işləri çox aşağı səviyyədə aparılır. İcra hakimi bəzi yollara asfalt vurmaqla işini bitmiş hesab edir. Onun gördüyü əsas iş ancaq yollara asfalt çəkməkdir. İcra hakimi bunun səbəbini yol çəkilişində yaxşı yeyintinin olması ilə əlaqələndirir. Bu işi də yarımçıq həyata keçirir. Belə ki, asfalt zavodunun əməkdaşları asfaltı gətirib təyin olunan yerə töküb çıxıb gedirlər. Onun vurulması isə yerli idarə və təşkilatların rəhbərlərinin boynunda qalır. Yəni icra başçısı asfalt çəkilişini yerli qurumların rəhbər şəxslərinə gördürür, lazım olan vəsaiti onlardan alır. Oğuzun mərkəzi hissəsində heç bir abadlıq işləri aparılmır. Bazarın yanında 1-2 binada kosmetik təmir həyata keçirilib. Amma adam baxıb xəcalət çəkir. Bir vaxtlar qonşu rayonlara nümunə göstərilən Oğuz hazırda ağır günlər keçirir». Rayonda boş torpaqların başçı tərəfindən satılıb qurtardığını deyən mənbə bildirdi ki, Eyvaz Qurbanov qeyri-qanuni yollara baş vurmaqla böyük qazanc əldə edir: «Rayonun mərkəzi ərazilərində bir qarış da olsa, boş torpaq sahəsi qalmayıb. Başçı sağ olsun boş torpaqların hamısını müxtəlif iş adamlarına satıb. Bir hissəsini isə qohumlarının adına sənədləşdirərək özünə götürüb. Eyvaz Qurbanov ancaq özü və yaxın ətrafı üçün işləyir. Oğuzun və oğuzluların problemi onu qətiyyən maraqlandırmır. Baxmayaraq ki, özu əslən oğuzludur. Başçı hazırda Heydər Əliyev prospektində böyük ticarət mərkəzi tikdirir. Bu adam rayonun sosial-iqtisadi inkişafına ayrılan büdcə pullarını şəxsi maraqları üçün xərcləyir. Köhnə xəstəxananın binasını sökdürərək yerində obyekt tikdirir. Mərkəzdə boş yer qalmayıb. Şəki-Oğuz yolunun üstündə düzənlik yerdə, heç kimin yaşamadığı ərazidə uşaq bağçasının tikintisinə start verilib. Bağçanın tikildiyi ərazi nə rayon mərkəzinə, nə də kəndlərə yaxındır. Tutaq ki, bağça tikildi başa çatdı uşaqlar ora necə gedib-gələcək? Bunu fikirləşməyiblər. İcra Hakimiyyətinin rəhbəri bağça tikintisinə bütün yerli idarələri cəlb edib. Eyvaz Qurbanov idarə və müəssisələrin rəhbərlərinə deyir ki, bağçanı sizin köməyinizlə tikməliyəm yuxarıdan belə tapşırıq gəlib. Amma yalan danışır. Bağçanın tikintisinə dövlət büdcəsindən pul ayrılıb. Di gəl ki, icra başçısı həmin vəsaitləri başqa istiqamətlərə yönəltməklə məşğuldur. Prezident deyir ki, mən xalqın xidmətçisiyəm. Oğuzun başçısı isə bir məmur olaraq özünü xalqın xidmətçisi kimi aparmır. Vətəndaşlar onun qəbuluna düşə bilmirlər.

Düşəndə də başçı onları acılayıb yola salır. Özü kasıb ailədə anadan olub boya-başa çatsa da, kasıb insanların halına yanmır. Camaat ondan narazılıq edən kimi şayiə yayır ki, guya Mingəçevirə, ya da Şəkiyə icra başçısı gedəcək. Bu üsuldan istifadə edib narazı kütlənin diqqətini özündən yayındırır. Yerli idarə müdirləri və sahibkarlar onun əlindən cana doyublar.

Eyvaz Qurbanov vəzifədən azad edilsə, əhali bunu bayram əhval-ruhiyyəsində qarşılayacaq». Səsləndirilən fikirlərə münasibət öyrənmək məqsədilə Oğuz Rayon İcra Hakimiyyətinə zəng vurduq. Dəstəyi qaldıran köməkçi Anar İbrahimov icra başçısının ezamiyyətdə olduğunu bildirdi. Başçı ezamiyyətdən qayıdandan sonra onun da mövqeyini dərc edə bilərik. Gələn saylarımızda isə Oğuzun meşəlik sahəsində icra başçısının özü üçün düzəltdirdiyi xüsusi yerin sirrini açacağıq. Bizi izləməyi unutmayın.
\\ gundelik-baki \\
Geri qayıt