Əsas Səhifə > Cəmiyyət, Manşet > Qalmaqallı toy sahibi olan məşhur iş adamına şok ittiham

Qalmaqallı toy sahibi olan məşhur iş adamına şok ittiham


25-06-2014, 13:34
Qalmaqallı toy sahibi olan məşhur iş adamına şok ittiham
Keçən il oğluna «Galenvagen» karvanı ilə möhtəşəm toy edərək Bakını lərzəyə gətirən salyanlı iş adamı, özünü rayon camaatı arasında xeyriyyəçi kimi təqdim edən, realda isə heç bir kasıba əl tutmayan Hacı Qurban Abbasovla bağlı redaksiyamıza növbəti şok faktlar daxil olub. Mətləbə keçməmişdən öncə xatırladaq ki, qəzetimizin əvvəlki saylarında Salyanda ən varlı şəxsi, saysız-hesabsız ticarət obyektlərinə sahib olan biznesmenin fəaliyyətindəki boşluqlar və ən əsası külli miqdarda vəsaiti vergidən məharətlə yayındırması haqqında geniş məlumat vermişdik.

Bir daha qeyd edək ki, Hacı Qurban «XXI əsr», «CSM Nix», «Sevinc 96», «Nigar LTD», «Halal İnşaat MMC», «A+B OİL» Servis» şirkətlərinə rəhbərlik edir. Və bu şirkətlər vasitəsilə «Şirvan OİL», «Qarasu OİL», «Qobustan OİL», «Salyan OİL LTD» və «Binəqədi OİL»la böyük işbirliyi qurub. «O, qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara son 10-15 il ərzində böyük problemlər yaradıb və bu gün də yaradır. Belə ki, onlarla qeyri-sağlam rəqabət aparır. «Şirvan OİL», «Qarasu OİL», «Salyan OİL LTD» «Qobustan OİL» və «Binəqədi OİL» şirkətlərinin vasitəsilə milyonlar qazanan iş adamı Qarabağlı kəndi ərazisində ticarət mərkəzi açıb və digər sahibkarların satdığı malların topdan satış qiymətindən də ucuz məhsullar satır. Məsələn, çörəyin qiyməti hər yerdə 30 qəpikdirsə, Hacı Qurbana məxsus ticarət mərkəzində 25 qəpiyə satılır. Beləcə, biznesmen sağlam rəqabət mühitinin yaranmasına mane olur. Ticarət mərkəzinin adını «Dərələyəz» qoymaqla Qarabağlı kəndinin sakinləri arasında ayrıseçkilik yaradıb. Pulu çox olduğundan ürəyi istəyən bütün qanunsuzluqlara imza atır. Biznesmen Cinayət Məcəlləsinin 199-cu, yəni inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma maddəsinin tələblərini pozaraq sahibkarların sərbəst fəaliyyətinə zəmin yaratmır. Hacının rəhbərlik etdiyi şirkətlərin illik maliyyə dövriyyəsi təxminən 50-60 milyon manat civarındadır. Amma onun şirkətlərində vergidən yayınma halları mövcuddur. Qurban Abbasovun biznes şəbəkəsinə şirkətlərindən savayı Qarabağlı kəndində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi, Salyan rayonunda beton zavodu, Salyan rayonunun mərkəzində bazar, Qarabağlı kəndində ticarət mərkəzi, çörək zavodu, Qaradağ rayonundakı yeni Gəmi Qayırma Zavodunda beton zavodu, Lökbatanda Metal Konstruksiyalar Zavodu, Lənkəran rayonunda istirahət kompleksi, Biləsuvar rayonunda beton zavodu, Qırxçıraq kəndində balıq zavodu və fermer təsərrüfatı, rayonun 5-ci şöbə adlanan ərazisində 500 hektar torpaq sahəsində heyvandarlıq kompleksi, Qarabağlı kəndində 120 hektarlıq heyvandarlıq kompleksi, Qarabağlının şərqində 30 hektar heyvandarlıq təsərrüfatı və kimyəvi məhsulların dövriyyə etdiyi anbarlar, Qarabağlı kəndində 250-dən artıq texnikanın olduğu qaraj, həmin kəndin ərazisində 15 min kvm-lik «İlkin-N» firmasına məxsus bir neçə anbar və qaraj, Şirvan şəhərində «Qarasu» əməliyyat şirkətinin yanında qapı-pəncərə sexi və şirkətə xidmət göstərən qaraj daxildir», deyə keçən məqalədə vurğulamışdıq.

«Hacı Qurbanın biznes maraqları yüzlərlə insanı sanki ölümlə üz-üzə qoyub»

Etibarlı mənbələrdən aldığımız son məlumatlara görə, Hacı Qurban Abbasov öz yaxın qohumlarını Salyan rayonunda müxtəlif vəzifələrə yerləşdirərək əhali arasında qarışıqlıq yaradıb: «Rayondakı məktəblərin bir çoxuna iş adamının qohumları rəhbərlik edir. Biznesmen Salyan ərazisində bir-birindən dəbdəbəli obyektlər tikdirib. Camaat işsiz qalıb, amma o öz yaxınlarından və qohumlarından savayı heç kimi işlə təmin etmir. Həyata keçirdiyi özbaşına əməlləri ilə əhali arasında gərginlik yaradır. Hacı Qurban ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etdiyinə görə Cinayət Məcəlləsinin 233-cü maddəsi əsasında məsuliyyətə cəlb edilməlidir. Lakin yerli hüquq-mühafizə orqanlarının rəhbərləri onu cəzalandırmır. Sahibkar həyata keçirdiyi bütün qanundankənar işləri pul verib ört-basdır edir. Qarabağlı kəndinin şərqində 30 hektar əhaliyə məxsus olan örüş sahəsini qanunsuz şəkildə zəbt edib. Həmin ərazidə kimyəvi məhsulların saxlanması üçün anbarlar tikdirib ki, bu da ətrafda yaşayan insanlara böyük ziyan vurur. Kimyəvi məhsulların saxlandığı anbarların yaxınlığında yaşayan vətəndaşların həyatı təhlükə altındadır. Hacı Qurbanın biznes maraqları yüzlərlə insanı ölümlə üz-üzə qoyub. İş adamı Cinayət Məcəlləsinin 247-ci maddəsini, yəni işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını kobud şəkildə pozur. Ekoloji cəhətdən təhlükəli maddələrin və tullantıların dövriyyəsi qaydalarına əməl etməyərək kənd əhalisinə ağır zərbə vurur».

«Şirvan» Milli Parkında baş verən yanğının şok təfərrüatları...

Mənbənin sözlərinə görə, iş adamının qeyri-qanuni hərəkətlərinə etiraz edən kənd sakini Rauf Mustafayev şərlənərək həbs edilib: «Raufun həbsindən sonra heç kim qorxusundan səsini çıxarmır. O, kənd əhalisinə gələn su mənbələrini çirkləndirir. Belə ki, «Salyan OİL» şirkətinə məxsus quyulardan çıxan zərərli maddələri suyun mənbəyinə və kəndin ətrafına axıdaraq əhalini zəhərləyir. Qurban Abbasov həmçinin fəaliyyət göstərdiyi digər ərazilərdə də torpaqları korlayır. Məsələn, Qırxçıraq kəndinin ərazisində qanunsuz olaraq torpaqların təyinatını dəyişdirərək süni göllər yaradıb. Halbuki, həmin torpaq sahələrinin təyinatının dəyişdirilməsi qadağandır və torpaqları korlama maddəsinə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Salyanlı biznesmen meşə massivlərinə sanki qənim kəsilib. O, Təzəkənd ərazisində Kür qırağında adı «Qırmızı kitab»a düşmüş yulğun ağaclarını məhv edərək 70 hektarlıq ərazini 150 hektara çatdırıb. Kür çayının qanuni bəndinin daxilindən 2-ci bənd salaraq dövlətə və təbiətə böyük ziyan vurub. Kürün bənd daxilində xüsusi mühafizə olunan təbiət əraziləri korlanıb. İş adamı obyektlərin mühafizə rejimini pozmaqla məşğuldur. «Salyan OİL» şirkətinin fəaliyyət dairəsi olan «Şirvan» Milli Parkında bu yaxınlarda Qurban Abbasovun şirkətinə məxsus istifadəyə yararsız avtomaşından düşən qığılcım nəticəsində 400 hektar ərazidə yanğın baş verdi. Yanğın nəticəsində qoruğun fauna və florasına ziyan dəydi. Buna baxmayaraq, müvafiq qurumlar baş vermiş hadisə ilə bağlı heç bir tədbir görmədilər. Hadisənin qeydə alınma səbəbi kimi başqa amil göstərildi. Beləcə, Hacı Qurban bu işdə də pul verib yaxasını məsuliyyətdən kənara çəkməyi bacardı».

İş adamının şirkətlərində qeydə alınan ölüm hadisələri niyə araşdırılmır?

Məlumatda bildirilir ki, iş adamının səbəb olduğu qanunsuzluqlardan biri də nəqliyyat vasitələrinin keyfiyyətsiz təmiri ilə bağlıdır: «Qurban Abbasovun şirkətlərində işə yararsız və çoxunun sənədi olmayan, istismar müddətini başa vurmuş nəqliyyat vasitələri fəaliyyət göstərir. Yararsız nəqliyyat vasitələrinin istifadəsi zamanı baş verən, hətta ölümlə nəticələnən hadisələr isə ört-basdır edilir. Buna misal olaraq Qarabağlı kənd sakini Seyfullayev İlqar Ziyad oğlunun «Zil krokadil» adlanan istismara yararsız nəqliyyat vasitəsini göstərmək olar.

İlqar Seyfullayev istifadəyə yaramayan maşını ilə hərəkət edərək qəzaya uğrayaraq dünyasını dəyişib. «Maz» markalı su maşınını idarə edən Abbasov İlham Əliabbas oğlu isə su kanalına aşaraq ölüb. Kərimbəyli kənd sakini Cəfərov Elxas Ramiz oğlu nasaz vəziyyətdə olan avtobusla kollektora düşərək dünyasını dəyişib. Bir müddət əvvəl isə Qasımov Şamo Famil oğlu istifadəyə yararsız nəqliyyat vasitəsi ilə qəzəya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bütün bunlara və ölümlə nəticələnən qəzalara nəyə görə göz yumulduğunu başa düşə bilmirik. Hacı Qurbanın rəhbərlik etdiyi şirkətlərdə buna oxşar ölüm halları tez-tez qeydə alınır. Sadəcə, aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbərləri nəyinsə qarşılığında qeydə alınan hadisələri görməzdən gəlirlər». Qurban Abbasovla bağlı əldə etdiyimiz faktların yerdə qalan hissəsini gələn saylarımızda diqqətinizə çatdıracağıq. Növbəti yazılarda iş adamının Fransada kiminlə gəzintidə olması, «Atabank»ın Şirvan filialının direktoru Mahir Mikayılovla qohumluq münasibətləri, 5 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini işləyən dayısı oğlu Pənah Qurbanovla aralarının nəyə görə dəyməsi, Dubaydakı «offşor» şirkətlərinə köçürülən pullar, vergidən və Dövlət Sosial Müdafiə Fondundan yayındırılan vəsaitlərlə bağlı geniş məlumat verəcəyik. Bizi izləyin. \\ gundelik bakı \\

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

Geri qayıt