Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Siyəzəndə icra başçısı ilə deputatın arasında sərin yellər əsir

Siyəzəndə icra başçısı ilə deputatın arasında sərin yellər əsir


22-05-2014, 13:39
Siyəzəndə icra başçısı ilə deputatın arasında sərin yellər əsir
Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovla 54 saylı Şabran-Siyəzən seçki dairəsini Milli Məclisə təmsil edən deputat Tahir Süleymanov arasında münasibətlərin gərgin olduğu iddia olunur. Editor.az-a daxil olan informasiyada qeyd olunur ki, icra başçısı Arif Qasımovla soyuq münasibətin nəticəsidir ki, millət vəkili Tahir Süleymanov rayonda keçirilən əksər tədbirlərə dəvət almır.

Siyəzən rayon İcra Hakimiyyətinin rəsmi saytında əksini tapan məlumatlardan da görünür ki, millət vəkili yaxın aylarda Siyəzəndə baş tutan rayon əhəmiyyətli tədbirlərdə iştirak etməyib.

Mənbəmiz bildirir ki, buna səbəb deputatın icra başçısının fəaliyyətindən narazı olması və seçicilərin problemləri ilə bağlı çoxsaylı şikayətləri olub.

Deputatı onun işinə qarışmamağa dəvət edən Arif Qasımov mənfi cavab alanda acığını onu baykot etmək, rayonda keçirilən tədbirlərə dəvət etməməklə çıxmağa çalışır.

Editor.az yayılan informasiyaya aydınlıq gətirmək üçün Milli Məclisin deputatı Tahir Süleymanovu axtarsa da, onunla əlaqə yarada və suala cavab ala bilməyib.

Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Eyvazovanın cavabı isə qısa olub: “Bu informasiyalar əsassızdır”.

Əməkdaşımızın “Tahir Süleymanov sonuncu dəfə rayonda keçirilən hansı tədbirdə iştirak edib” sualına isə İcra Hakimiyyəti rəsmisi “Yadımda deyil” şəklində cavab verib.

Geri qayıt