Əsas Səhifə > Cəmiyyət > “ÇİNGİZ ABDULLAYEV MƏNDƏN ÇƏKİNDİYİ QƏDƏR KİMSƏDƏN ÇƏKİNMƏZ”
“ÇİNGİZ ABDULLAYEV MƏNDƏN ÇƏKİNDİYİ QƏDƏR KİMSƏDƏN ÇƏKİNMƏZ”14-09-2011, 18:06 |
NİZAMİ CƏFƏROV İTTİHAMLARA CAVAB VERDİ Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev “Qafqazinfo”ya müsahibəsində vaxtilə millət vəkili Nizami Cəfərovun “rusdilli yazıçıların Azərbaycan ədəbiyyatına dəxli yoxdur” fikrinə münasibət bildirərək “o zaman bizə Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov, İsmayıl bəy Qutqaşınlı da lazım deyil? Mən onunla razı deyiləm” deyib. Ç.Abdullayev müsahibəsi zamanı yazıcıya titulların verilməsinin tərəfdarı olduğunu da bildirib. “Mənə ad verildikdən sonra, bu ad mənim üçün çox yaxşı müdafiə rolunu oynadı. Bu ad mənim Nizami Cəfərovlardan müdafiəm oldu. Bu baxımdan ad olmalıdır”-fikrini səsləndirib. Modern.az saytı millət vəkili Nizami Cəfərovla əlaqə saxlayaraq ondan Çingiz Abdullayevin fikirlərinə münasibət öyrənib. “Ədəbiyyat tariximizdə müxtəlif dillərdə yazan yazıçılar olub. Nizami Gəncəvi müxtəlif dillərdə yazıb, amma onun yaradıçılığı bizə fars dilində gəlib çıxıb. Füzuli, Mirzə Fətəli Axundov üç dildə yazıb. Nəriman Nərimanovun adı qeyd olunur, amma Nəriman Nərimanovun bədii yaradıçılığında başqa dil yoxdur. Ancaq ictimai-siyasi yaradıçılığında rus dilində yazıb, yəni biz onu başqa dildə yazan yazıçı kimi tanımırıq”-deyən millət vəkili qeyd edib ki, belə məsələləri dolaşdırmaq olmaz. Deputat Nizami Gəncəvinin fars dilində yazmağının o dövrün bədii-mədəniyyəti ilə izah edildiyini diqqətə çatdırıb: “Bunu da yəqin ki, Çingiz Abdullayev yaxşı bilir. Ona görə belə hallardan sui-istifadə etmək lazım deyil. Mütəxəssislər çox yaxşı bilir ki, Füzulinin türkcə, azərbaycanca yazdığı çox böyük sənət əsərləridir. Amma heç kim ərəb ədəbiyyatı mütəxəssisi Füzulinin ərəb dilində yazdığını və yaxud heç bir fars ədəbiyyatı mütəxəssisi şairin farsca yazdığını böyük sənət əsəri hesab etmir. Və ya İsmayıl bəy Qutqaşınlıdan misal gətirir, İsmayıl bəy Qutqaşınlının fransız dilində yazdığı “Rəşid bəy və Səadət xanım”, yaxud “Şərq” hekayəsi bizim üçün bir növ dekarasiya kimi maraqlıdır. O, bizim ədəbiyyatın hadisəsi deyil, elə bil avropalılar üçün yazılmış bir əsərdir. Bu, bizim ədəbiyyatımızda böyük nailiyyət sayıla bilməz. Bunu da məncə Çingiz Abdullayev yaxşı bilir. O ki qaldı Çingiz Abdulayevin rus dilində yazmağını, özünün bu qəhrəmanlığını Nizamı, Füzuli, Mirzə Fətəli Axundovun qəhrəmanlığı ilə müqayisə etməsinə, mənə elə gəlir ki, yaxşı iş görmür”. N.Cəfərov Çingiz Abdullayevi həm başqa dillərdə yazan yazıçılar içərisində, həm də ana dilində yazan yazıçılarla müqayisə etdiyini və Çingiz Abdullayevin o yazıcılardan çox səmimi olduğunu söyləyib: “Bunu mən etiraf etməliyəm. Çingiz Abdullayev həqiqətən informasiyası, məlumatı, ziyalılığı və mədəniyyəti etibarilə həqiqətən hörmət etdiyim insanlardandır. Ünsiyyətcilliyinə görə ona xüsusi məhəbbətim var. Çingiz Abdullayevdə mən heç vaxt saxtakarlıq görməmişəm. Sözü deyəndə də birbaşa deyir. O, millətimizin dərin tarixi yolunu bilmir. Amma müasir mühitimizin şəxsiyyətidir. Çingiz Abdullayev istedatlı insandır, buna şübhə yoxdur”. N.Cəfərov burada söhbətin başqa məsələdən getdiyini bildirib: “Millətimizin tarixini yaxşı bilmədiklərinə görə, ana dilində təhsil almadıqlarına görə və başqa mühitlərə yaxın olmağa çan atdıqlarına görə bizim rusdilli yazıçılarımız çox zaman ciddi səhvlər edirlər. Bax söhbət bundan gedir, bunu da Çingiz Abdullayev çox yaxşı bilir. Amma indi niyə söz güləşdirir. Özünü Nizamidən niyə qorumalıdır?!”. Nizami Cəfərov Çingiz Abdullayevin məsələyə dəxli olmadan ciddi bir mübahisənin içərisinə gəldiyini qeyd edib: “Özü də bilmədi ki, söhbət nədən gedir və burda başladı öz problemlərini həll etməyə. Özü də narahat olmasın, Nizami Cəfərovun Çingiz Abdullayevə qarşı heç bir düşmənciliyi yoxdur. Amma başqa Nizamilərin ona düşmənciliyi varsa, onları axtarsın tapsın. Mən düşünmürəm ki, o, məndən çəkindiyi qədər hansısa bir Nizamidən çəkinər. Çünki o dəqiq bilir ki, mən düz deyirəm, kifayət qədər ağıllı adamdır. Amma biz hansı məsələni müzakirə edirdik, o bu mübahisələrə qoşulanda çoxları kimi özü də bilmirdi ki, nə üçün qoşulub. Məsələnin mahiyyətini bilmədən qoşulmuşdu, ona görə bir az yaxşı vəziyyətə düşmədi”. Geri qayıt |