Əsas Səhifə > Cəmiyyət, Manşet > Binəqədidə yaşıllıqlara qənim kəsilən kimdir?

Binəqədidə yaşıllıqlara qənim kəsilən kimdir?


26-02-2014, 13:37
Binəqədidə yaşıllıqlara qənim kəsilən kimdir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaşıllıqları məhv edən şəxslərə qarşı ən sərt tədbirləri həyata keçirsə də, bəzi tikinti şirkətlərinin rəhbərləri, eləcə də müxtəlif məmurlar ağacları qırmaqda israrlıdır. Son vaxtlar paytaxt rayonlarının ərazisində «yaşıl soyqırım» daha geniş vüsət alıb desək, yəqin səhv etmərik. Bəzi hallarda yerli icra hakimiyyəti orqanları ilə «razılaşan» iş adamları böyük yaşıllıq sahələrini hasara alaraq burda öz məqsədlərini həyata keçirirlər. Ağacların kəsilməsi hesabına göydələnlər, müxtəlif ticarət obyektləri və əyləncə mərkəzləri tikilir. Ölkə prezidenti İlham Əliyev yaşıllıqlara qarşı amansız münasibət bəsləyən şəxslərin ağır formada cəzalanması üçün lazımi instansiyalara öz göstərişlərini verib.

Dünən Binəqədi rayonu ərazisində üzləşdiyimiz mənzərələr isə bizi sözün əsl mənasında şoka saldı. «Ceyhun» şadlıq sarayının arxa tərəfində təxminən iki hektara yaxın yaşıllıq sahəsi «Orbita» Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən daş hasara alınıb. Ərazidə çəkiliş apardığımızı görən yaxınlıqdakı binada yaşayan sakinlərdən biri bizə tərəf gələrək ağacları gözləyən acı aqibət və ərazidə göydələn tikən şirkətlə bağlı maraqlı məlumatları dilə gətirdi. Firudin İsayev bildirdi ki, zeytun ağacları ilə bol olan sahə təxminən üç ay əvvəl «Orbita» MTK-nın rəhbərliyi tərəfindən satın alınaraq daş hasara çəkilib: «Sizdən xahiş edirəm ki, hər şeyi çəkib ictimaiyyətə və aidiyyəti qurumların nəzərinə çatdırasınız. Burda gördüyünüz ağacları şəxsən öz əllərimlə sulayıb qulluq göstərmişəm. Tikinti şirkətinin nümayəndələri isə ağacları məhv etmək üçün bir sıra üsullardan istifadə edir. Onlar ağacların dibinə beton qatışıqlı palçıq tökürlər ki, kökü qurusun. Artıq bir neçə ağacı bu yolla məhv ediblər. MTK rəsmilərinin niyyəti ərazidə gözə dəyən bütün ağacları qırıb yerində hündürmərtəbəli bina tikməkdir. Qarşıda yerləşən göydələn məhz bu şirkət tərəfindən inşa olunub. Qonşularla birlikdə neçə dəfə müvafiq qurumlara şikayət etmişik, amma bizə qulaq asan yoxdur. Ömrümün çox hissəsini burdakı ağacların böyüməsinə həsr etmişəm ki, indi hansısa şirkət gəlib onları kəssin? Yalan danışmaqla qətiyyən aramyoxdur. Nə qədər imkanım var, yaşıllıqların məhvinə qarşı mübarizə aparacam. Mənə təzyiqlər edilsə də, geri addım atan deyiləm». Qeyd edək ki, hasara alınan ərazidə yaxınlıqdakı binalarda yaşayan sakinlərin bağı var. Firudin müəllim bildirdi ki, yay vaxtı məhəllə sakinləri - qocalar, cavanlar, uşaqlar həmin ağacların kölgəsində oturaraq istirahət edir: «Qoca adamam. Yay aylarında burda başımı qatıb ağaclara qulluq etməklə vaxtımı keçirirəm. Ağacları qırıb yerində bina tiksələr, biz harda istirahət edəcəyik? Bunu niyə nəzərə almırlar? Ərazidə yüzlərlə ağac var.

Onların kəsilməsinə heç vaxt icazə vermərik. Sakinlərin inadını görən şirkət işçiləri bilərəkdən ağacların dibinə kimyəvi maddələr və beton töküb qurudurlar. Qəzet vasitəsilə əlaqədar dövlət orqanlarından xahiş edirəm ki, bu biabırçılığa son qoysunlar». Biz isə öz növbəmizdə bəzi məsələləri qabartmaq istəyirik. Bildirək ki, qanunların kifayət qədər sərt olmaması meşə sahələrinin, yaşıllıq zolaqlarının qorunmasını çətinləşdirir. Belə ki, ağac kəsən şəxslər cərimə ödəməklə canlarını həbs cəzasından qurtarırlar. Mövcud qanunda qeyd edilir ki, ağac kəsən şəxsi 850-1000 manat məbləğində cərimə gözləyir. Ağacın yaşı, cinsi və digər faktları da nəzərə alanda məbləğ 2000 manata qədər artır. Vaxtilə bu məbləğ çox cüzi idi. ETSN-in təşəbbüsü, təklifləri ilə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi və cərimələr bir qədər artırıldı. Sözügedən ərazidə yaşıllıqları məhv etməyi planlaşdıran «Orbita» MTK-nın rəhbərliyi ən ağır formada cəzalandırılmalıdır. Şirkətin sahibi məgər bilmirmi ki, ölkə başçısı ağacları kəsən şəxslərə qarşı hansı münasibəti bəsləyir? MTK-nın başında dayanan şəxs bilmirmi ki, rəhmətlik Heydər Əliyev vaxtilə «bir ağac kəsəndə, sanki mənim qolumu kəsirlər» deyib? Yəqin ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun və ETSN rəsmilərinin ərazidə aparılan «yaşıl vandalizm»dən xəbərləri yoxdur. Biz hər iki qurumun rəhbər şəxslərinə məsləhət görürük ki, elə günü bu gün «Orbita» MTK tərəfindən hasarlanan əraziyə baş çəkib ağacların başına gətirilən dəhşətləri canlı şəkildə izləsinlər. Onu da qeyd edək ki, artıq «Orbita» MTK ilə bağlı araşdırmalara başlamışıq. Gələn saylarımızda şirkətin kimə məxsus olması, arxasında hansı məmurun dayanması, MTK-da çalışan fəhlələrin əmək müqavilələrinin olub-olmaması, təhlükəsizlik qaydalarına əməl edilib-edilməməsi və digər ilginc məqamlarla bağlı geniş yazı dərc edəcəyik. Bizi izləyin.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var. \\ «Gündəlik Bakı» \\

Geri qayıt