Əsas Səhifə > Cəmiyyət, Manşet > Balaxanı sakini ÇARƏSİZ DURUMDA

Balaxanı sakini ÇARƏSİZ DURUMDA


5-10-2023, 00:13
Balaxanı sakini ÇARƏSİZ DURUMDA
“Bəziləri deyir ki, hə, “kaçalka”nın yanında yaşayırsan, varlı olarsan, pulun, dövlətin olar, ancaq elə bir şey yoxdur axı. Ancaq kirayədə qalırsan, fikirləşirsən ki, sabah nətər olar, birisi gün nətər olar? Günümüz ancaq belə keçir”.
DİA.AZ xəbər verir ki, İradə Cənnətova Balaxanı qəsəbəsi, 2-ci Mədən ərazisində, neft buruqlarının 5 addımlığında xəstə anası və iki azyaşlı övladı ilə birlikdə kirayədə yaşayır. Həyat yoldaşı öldükdən sonra evin yükünün tək onun çiyinlərində olduğunu deyən İradə Cənnətova bilmir aldığı maaşla hər ay ərzaq alsın, yoxsa digər xərcləri qarşılasın:
“Çatdıra bilmirəm, tək adamam. İşləyirəm, ancaq çatdıra bilmirəm. Xəstə anam var, iflicdir, yeriyə, gəzə bilmir. Bu, mənə çətinlik yaradır ki, bu yazığa da baxa bilmirəm. Dolandıra bimirəm uşaqları. Gedirəm işə, 180 manat alıram. İşıqdır, sudur, qazdır, hamısı çiynimdədir. Evin pulu bu yandan, hamısı çiynimdədir. Hər şey lazımdır, çatdırmaq da olmur. Bir az imkanım da yoxdur. Ərzaq alırsan, birini alırsan, biri çatmır. Hansını alasan ki, hansına da çatasan o pulla?”
İradə Cənnətovanın həm mətbəx, həm də dəhliz kimi istifadə etdiyi otağın divarı kartonla örtülüb. Deyir ki, bu, qışda soyuğun qarşısını bir az da olsa alır. Borcu olduğuna görə qazın verilmədiyini deyən qadın qaz balonundan istifadə edir, qış aylarında isə plitə ilə evi isitməyə çalışır. Paltarları və qabları həyətdə, evin divarına bitişik kranda yuyur.
İradə Cənnətova deyir ki, rəsmi nikahı olmadığına görə uşaqları onun soyadını daşıyır. Bir müddətdir məhkəmə qapılarında olduğunu deyən qadın onlara vəfat etmiş həyat yoldaşının soyadının verilməsi üçün çalışır. Deyir, həm bu məsələ, həm də maddi vəziyyəti ilə bağlı müraciət etmək istəsə də, heç yerə əli çatmır:
“Heç yerə əlim çatmır. Mehriban Əliyevaya da yazırsan, məktub qayıdır, qəbul olunmur. Heç bir şey alınmır, iki dəfə yazmışam məktub, göndərmişəm, gedib çıxmadı”.
İradə Cənnətova deyir, uşaqları böyüdükcə, istəkləri də çoxalır, lakin onun bunları qarşılamağa maddi imkanı çatmır. Onun gələcəklə bağlı əsas istəklərindən biri də uşaqları və anası ilə birlikdə yaşaya biləcəyi, özünə aid evinin olmasıdır:
“Bir daxmam olsun bir yerdə, çıxım gedim, başımı soxum, elə orada da qalım. Balalarımı da götürüm, anamı da götürüm, gedib qalım sakitcənə, başqa heç nə istəmirəm bu dünyada. Bircə dənə öz evimi arzulayıram, demirəm, mən villa istəyirəm, demirəm ki, var-dövlət istəyirəm. Yox, istəmirəm. Sadəcə bir çıqqılı daxmam olsun, başqa heç nə istəmirəm. Bilərəm ki, öz evimdir, dağılsa da, öz evimdir”.
Geri qayıt