Əsas Səhifə > Cəmiyyət, Manşet > Astaranın narazı sakinləri Milli Məclisin qarşısına yığışacaq

Astaranın narazı sakinləri Milli Məclisin qarşısına yığışacaq


21-01-2014, 12:52
Astaranın narazı sakinləri Milli Məclisin qarşısına yığışacaq
DİA.AZ: - Astaranın icra başçısı Qəzənfər Ağayev rayonda özünə qarşı gərgin bir atmofser formalaşdırmağa «müvəffəq olub».. Bu barədə DİA.AZ-a rayon sakinləri məlumat verib.

Sakinlər redaksiyamıza yazır: «İcra başçısının adamları rayonda qoçuluq edirlər. Kasıb-kusub ayaq altına alınır. Keçən ilin sonlarına yaxın icra başçısının təyin etdiyi bütün kəndlərin icra nümayəndələri başçının adından iri təsərrüfat sahibi olanlardan pul yığdı. Bu da etirazla qarşılandı. Etiraz edənlər isə başçının qoluzorluları tərəfindən döyüldü».

Sakinlər bildirir ki, hər kəsi pul gücünə və yaxud da Bakıdakı himayədarlarının hesabına susduran Qəzənfər Ağayevin əlindən yerli hüquq-mühafizə orqanlarına şikayət etsələr də, baxan yoxdur: «Dəfələrlə şikayət etsək də, baxan yoxdur. İndi hansı zəmanədə yaşayırıq. Kisə haqqını tələb edə bilmir. Sanki biz başçının qullarıyıq. O da bizimlə istədiyi kimi rəftar edə bilər».

Sakinlərin sözlərinə görə, gələn ay onlar Milli Məclisin qarşısında toplaşacaqlar: «Artıq camaatımızı Milli Məclisin qarşısına çıxarmaq barədə razılığa gəlmişik. Çünki burada toplaşsaq, başçının qoçularının təpikləri altında qalacağıq. Orda heç olmasa, mətbuat var, qəzetlərə görə, sözümüzü rahat deyə bilərik».

Onu da bildirək ki, sakinlər eyni zamanda Qəzənfər Ağayevin qəbuluna düşə bilməmələrindən, yerlərdə məmur özbaşınalıqlarının artmasından da narazılıq edirlər.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt