Əsas Səhifə > Cəmiyyət, Manşet > Şamaxının icra başçısı 300 hektarlıq plantasiyaya yürüş etdi

Şamaxının icra başçısı 300 hektarlıq plantasiyaya yürüş etdi


17-01-2014, 13:05
Şamaxının icra başçısı 300 hektarlıq plantasiyaya yürüş etdi
DİA.AZ: - Keçən ilin fevral ayından Şamaxıya icra başçısı göndərilən Asif Ağayevin ciddi problemi yaranıb. Bildirək ki, Şamaxı rayonunda ayrı-ayrı məmurların üzüm plantasiyalarının, fermalarının, villalarının və digər obyektlərinin olması barədə faktlar çoxdan ictimaiyyətə məlumdur.

DİA.AZ-a rayondan verilən xəbərdə isə qeyd olunur ki, bu günlərdə Asif Ağayev rayon ərazisində çox nüfuzlu məmurlarımızdan birinə aid olan 300 hektarlıq ərazidəki üzüm plantasiyaları ilə bağlı tədbir görməyə girişib və bunun peşmançılığını hələ də çəkməkdədir.

Mənbənin söylədikləri: «Başçı da yaxşı bilirdi ki, həmin ərazilər kimə məxsusdur. Amma yerli icra nümayəndəsini şəxsən əraziləri təftiş üçün yollayıb və məmurun ordakı adamından torpağın icarəsi ilə bağlı müvafiq rüsumların, vergilərin ödənilməsini tələb etdirib. Bundan sonra həmin məmurun Rizvan adlı nümayəndəsi icra başçısının qəbulunda olub və bildirib ki, vəziyyət tamam fərqlidir. Bu vaxta qədər də 300 hektarla bağlı kiməsə pul ödənməyib, bundan sonra da ödənməyəcək».

Mənbəmiz iddia edir ki, bundan sonra başçı daha da əsəbiləşib və əraziyə polisi dəvət edib: «İş bu həddə çatdıqdan sonra icra başçısına Bakıdan gözlənilən zəng gəlib. O da təkrarən «əvvəlki mövqeyinə» qayıdıb. Amma onun bu mövqeyində çox oturacağı şübhəlidir. Çünki başçı çox ciddi şəkildə həmin məmuru əsəbiləşdirib».

Bildirək ki, Asif Ağayev də təsadüfi adam deyil və onun Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə güvəndiyi söylənilir. Çox güman elə buna görədir ki, ARDNŞ şefinin himayəsini arxasında hiss edən başçı məmurun da torpağından haqq almaq fikrinə düşüb…

Qeyd edək ki, hadisə bu günlərdə baş verdiyindən, hələlik hər hansı «fəsad» müşahidə olunmayıb. Amma gözlənilir…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt