Əsas Səhifə > Cəmiyyət, Manşet > Binəqədi sakinləri icra başçısından narazılıq edirlər

Binəqədi sakinləri icra başçısından narazılıq edirlər


15-01-2014, 11:31
Binəqədi sakinləri icra başçısından narazılıq edirlər
DİA.AZ: - Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun qanunsuz əməlləri barədə mətbuatda dəfələrlə yazılıb. Bu gün icra başçısı dövlət qurumlarının, məktəb və bağçaların ərazilərini satmaqda davam edir.

Bu barədə DİA.AZ-a Binəqədi sakinlər bildirib ki, bununla yanaşı icra başçısı onların da torpaqlarına göz dikib: "Xaləddin İsgəndərov müxtəlif vasitələrlə torpaqlarımızı əlimizdən almağa çalışır. Bu işdə onun əsas yardımçısı qəsəbə bələdiyyəsinin sədr müavini Zinyət Tağıyevadır. O, keçmiş icra başçısı Alı Qocayevdən sonra yeni icra başçısı Xaləddin İsgəndərova yol tapa bilib və artıq onun yaxın adamına çevrilib. Özü də bunu gizlətmir".

Sakinlərin sözlərinə görə, bələdiyyə sədrinin müavini icra başçısının tapşırığı əsasında torpaqları təftiş etməyə başlayıb. Yeri gəlmişkən, Zinyət Tağıyeva həm də 182 saylı məktəbin direktorudur. Sakinlər deyir ki, o direktor kimi kifayət qədər problemli şəxsdir: "Məktəbi şəxsi təsərrüfatı kimi idarə edir. Kollektiv ondan ciddi narazıdır. Lakin Xaləddin İsgəndərovdan ehtiyat edərək narazılıqlarını biruzə vermirlər".

Təbii ki, burada hansısa şəxsin deyil, birbaşa olaraq icra başçısının aparıcı fiqur olduğu hər kəsə məlumdur. Elə sakinlər də bunu deyir və onların iddialarına görə, dəfələrlə Xaləddin İsgəndərova şikayət etsələr də, xeyri olmayıb: «Hər şey başçıdan qaynaqlanır. Yəni torpaqlarımıza tamah salan da odur. Elə buna görə də biz artıq başçıya yox, birbaşa olaraq prezidentə müraciət edəcəyik. Hər halda, Xaləddin İsgəndərovu bu rayona təyin edən var»…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt