Əsas Səhifə > Cəmiyyət, Manşet > Hakimiyyət yeni dönəmdə hansı məmurları yola salır?

Hakimiyyət yeni dönəmdə hansı məmurları yola salır?


7-01-2014, 11:57
Hakimiyyət yeni dönəmdə hansı məmurları yola salır?
DİA.AZ: - «Hakimiyyət yeni dəyişikliklərə gedir. Artıq vaxt yetişib. Çox ciddi islahatlar olacaq. Bu günlərdə nazirlərdən biri ilə bağlı qərar verilə bilər. Halbuki əksəriyyət 22 oktyabrdan sonra hansısa nazirin vəzifəsindən alınmayacağı qənaətindədir. Bu, belə deyil. Hazırki hakimiyyətin təcrübəsində bu kimi hallar var. Prezident seçkilərindən sonra təsdiqlənən Nazirlər Kabineti heyətinə qısa müddət içində əl gəzdirilib». Bu fikirləri DİA.AZ-a açıqlamasında hökumət içindəki mötəbər mənbə bildirib.

Məlumatı verən qaynağın sözlərinə görə, iqtidar düşərgəsi yenidən silkələnmə ərəfəsindədir: «Məlumdur ki, hələ prezident seçkilərinə qədər hakimiyyət daxilində bir toqquşma atmosferi mövcud idi. İndi həmin qüvvələr arasında həlleidici döyüş baş tuta bilər. Təkcə NK-nın heyəti deyil, bir sıra dövlət qurumlarında da total kadr dəyişiklikləri nəzərdə tutulub».

Daxil olan informasiyalardan o da aydın olur ki, vəzifəsini itirəcəklərin kimliyi barədə iqtidar dəhlizlərində müəyyən danışıqlar gedir: «Hələlik müxtəlif şaxəli məlumatlar şaiyə şəklində yayılır. Amma bir məqam qətidir ki, dəyişiklik qaçılmazdır. Çox ciddi vəzifə sahiblərinin belə adları çəkilir. Məsələ ondadır ki, iqtidar öz daxilində yeniləşmə qərarını verib və bunun hansısa siyasi prosesə aidiyyatı yoxdur, daha çox iqtidarın özünü gücləndirməsi marağına xidmət edir».

Mənbəmiz onu da əlavə edib ki, baş verəcək dəyişikliklər özünü iqtisadi müstəvidə də göstərə bilər: «Benzinin qiyməti qalxanda bəzi dairələr öz nəzarət zonalarında anoloji qiymət artımı siyasətini həyata keçirməyə qalxdılar. Amma bu, alınmadı. Söhbət konkret olaraq nəqliyyat naziri Ziya Məmmədovdan gedir. Təsəvvür edin, hələ benzinin qiyməti qalxmamış NN-nin işçiləri mətbuata verdikləri açıqlamalarında sərnişindaşımadakı hazırki qiymətlərdən narazı olduqlarını bildirirdilər. Və qeyd edirdilər ki, sərnişindaşıma sektorundakı sahibkarlar gedişhaqqının bahalaşdırılması üçün nazirliyə dəfələrlə müraciət ediblər.

Amma onların istəyi baş tutmadı. Tarif Şurasından rədd cavabı gəldi. Əksinə, benzinin qiyməti qalxdı. Bu isə o demək idi ki, sözügedən sektordakı sahibkarların durumu daha da pisləşməli idi. Və bundan sonra da həmin sahibkarlardan bəziləri məhz nazirliyin nəzarəti altında pərakəndə şəkildə qiymət artımına getdilər. Lakin dərhal bu prosesə müdaxilə olundu. Başı ağrıyan isə Ziya Məmmədov oldu. Hətta Ziya Məmmədova yaxın olan «London taksiləri» xidməti belə bahalaşmaya gedə bilmədi. Halbuki benzinin qiyməti qalxan günün ertəsi sözügedən xidməti göstərən şirkətdən «qiymətləri qaldıracağıq» şəklində bir açıqlama gəlmişdi».

Mənbəmiz iddia edir ki, məhz bu kimi proseslər fonunda mövqeləri kifayət qədər zəifləyən nəqliyyat naziri Ziya Məmmədov potensial hədəflərdən biridir: «Onunla bağlı qəti qərar olmasa da, gümanlardan biri NN şefinin üzərindədir. Ziya Məmmədovla yanaşı, mövqeləri oynaq olan daha bir neçə nazir var».

Məlumata görə, qeyd olunan fiqurların iqtisadi müstəvidəki rıçaqları hesabına hər hansı təzyiqə əl atma ehtimallarının yüksək olması səbəbindən nəzərdə tutulan kadr islahatlarına fundamental yanaşma zərurəti də iqtidarın üst düzəyi üçün anlaşılandır: «Təbii ki, bu faktor nəzərə alınacaq. Elə buna görə də islahatların müəyyən zamanı alacağı istisna deyil».

Geri qayıt