Əsas Səhifə > Cəmiyyət, Ana xəbərlər > Banklara yeni qazanc yolu görünür
Banklara yeni qazanc yolu görünür2-09-2019, 10:19 |
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2019-cu ilin payız sessiyası üçün bir sıra məsələləri müzakirəyə çıxarmaq istəyir. Müzakirələr zamanı bank sistemindəki müəyyən problemlərə toxunulacağı da gözlənilir. Bildirilir ki, bank sistemindəki problemlər, həmçinin faiz dərəcələri yüksək olaraq qalmaqdadır. Çünki komitə bank sistemində faiz dərəcələrinin aşağı salınmasını ciddi şəkildə hiss etmir. Buna görə də çalışıb bank rəhbərləri ilə görüşlər keçirməyi qarşıya məqsəd qoyublar. Görüşdə bank sisteminin sağlamlaşdırılması üçün hansı addımların atılmalı olduğunu da müzakirə etmək niyyətindədirlər. Maliyyə Bazarlarına Nəzarət Palatası problemlərin həlli istiqamətində müəyyən işlər görsə də, hesab edilir ki, bu, kifayət etmir. Maraqlıdır, banklar kredit faizlərini aşağı salmaqla daha çox gəlir qazana bilərmi? Ümumiyyətlə, deputatlarla bankirlərin görüşünün effekti olacaqmı? Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, kredit riski yüksək olduğu üçün faizləri də yüksəkdir: “Kredit riski - kreditin qaytarılmama ehtimalının çox olmasıdır, yaxud da kreditin qaytarılması üçün bank tərəfindən çəkilən rəsmi və qeyri-rəsmi xərclərdir. Bəlli məsələdir ki, bu tipli risklər Azərbaycanda yüksəkdir. Bu da ölkənin məhkəmə-hüquq sisteminin problemləri ilə bağlıdır. Təsadüfi deyil ki, ölkə başçısı aprelin 3-də məhkəmə-hüquq sistemində islahatların aparılması ilə bağlı sərəncam verdi. Təəssüf ki, islahatlar istədiyimiz sürətlə getmir. Banklar bilir ki, verdiyi kreditlərin bir hissəsini ya müştəri qaytarmayacaq, ya da tamamilə itirə bilər. Hətta bank verdiyi krediti qaytara bilsə belə, onu uzun illər məhkəmə prosesləri gözləyir. Burada rəsmi və qeyri-rəsmi xərclər, korrupsiya və sair var. Bank məhkəməni udsa belə, qərarların icrası zamanı icra məmurları arasında korrupsiyanı görməzlikdən gəlmək olmaz. Bunlar qeyri-rəsmi xərclərdir. Rəsmi xərclərdə isə, bank işçi, vəkil və.s tutmalıdır ki, bu da əlavə xərclər yaradır. Yaxud da bank verdiyi kredit üzrə yüksək ehtiyat saxlamalıdır ki, bu da əlavə xərc hesab olunur. Bu xərclər olduğu üçün banklar da faizi yüksək saxlayır. Hesab edirəm ki, bank rəhbərləri görüşə gələn deputatlara cavab olaraq deyəcəklər ki, “siz nə vaxt Azərbaycanda normal hüquq sistemini təmin etsəniz, biz də bilərik ki, qaytarılmayan kreditləri tez və effektiv qaytara biləcəyik və hüquq sistemi də bunda hamıya kömək edəcək, o zaman biz də faizləri aşağı salarıq”. Amma inanmıram ki, bankirlər bu görüşdə açıq-aşkar bu fikirləri desinlər. Ümumiyyətlə, Milli Məclisin kredit faizlərini aşağı salmaqda effektiv addım atması inandırıcı deyil”. Ekspert onu da əlavə edib ki, bankların əsas gəliri kredit üzrə faiz dərəcələrindəndir: “Normal şərait yaranarsa, banklar aşağı faizlə kredit verərlər. Təbii ki, aşağı faizli kreditləri çox verəndə gəlirləri də artacaq. Bu gün isə banklar, ümumiyyətlə, kredit verə bilmir. Çünki yüksək faizlə heç bir müştəri banklardan kredit götürmür, yaxud da götürmək istəyənlərin bir xeyli hissəsinin ödəniş qabiliyyəti yoxdur”. Geri qayıt |