Əsas Səhifə > Cəmiyyət, Manşet > "Bu günə qədər nə pulumu qaytarır, nə də anbarların yerini dəyişdirir..."

"Bu günə qədər nə pulumu qaytarır, nə də anbarların yerini dəyişdirir..."


14-08-2019, 11:20
"Bu günə qədər nə pulumu qaytarır, nə də anbarların yerini dəyişdirir..."
“Tanınmış iş adamı Kəbirə Məmmədova məndən aldığı 60.000 dolları qaytarmır”.
Bu haqda “Yeni Sabah”a müraciət edən iş adamı Elsevər Abdullayev bildirib ki, məsələ ilə bağlı ölkə prezidentinə də şikayət edib.

“Yaxınlarımdan borc alıb bir yerə topladığım 60.000 Amerika dollarını Kəbirə Məmmədovaya verib onunla müddətsiz müqavilə imzalayaraq hər biri 23 kvadratmetr sahəni əhatə edən 2 anbar almışdım.

Lakin Kəbirə Məmmədova mənə elə yerdən anbar vermişdi ki, ora ildə bir dəfə insan ayağı dəymirdi. Mən elə ilk günlərdən buna öz ciddi etirazımı bildirərək ya anbarların yerlərini dəyişdirməyi ya da pulumun qaytarılmasını tələb etməyə başladım. Lakin Kəbirə Məmmədova bu günə qədər nə pulumu qaytarır, nə də anbarların yerini dəyişdirir”.

E. Abdullayev deyir ki, o Kəbirə Məmmədovanın qəbulunda olub və ona bildirib ki, 60.000 dolların yarısını, yəni 30.000 dollarını hər ay 500 manat verməklə hissə-hissə qaytaracaq: “Təbii ki, onun bu gülünc doğuran şərti məni razı salmadığından onunla görüşmək üçün dəfələrlə qəbuluna getmək məcburiyyətində qalmışam. Amma ya qəbul etmir, ya da qəbul edib ən nalayiq söyüşlərlə təhqir edir, həbslə hədələyir və respublikanın ən zəhmli, nüfuzlu rəhbərləri ilə dost, qohum olduğunu dilə gətirir.

Yoxsulluq, rəzalət, üstəgəl külli miqdarda borclarım, anamın, həyat yoldaşımın onkoloji xəstəlikləri, digər sosial problemlər bu yandan da Kəbirə Məmmədova”.

Ölkə rəhbərliyinə müraciət edən şikayətçi müraciətinin xüsusi nəzarətə götürülməsini, 60.000 dolları pulunun geri qaytarılmasını xahiş edib.

Məsələ ilə bağlı Binə Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov “Yeni Sabah”a açıqlama verib. O, bildirib ki, həmin şikayətçi şəxsin probleminin həlli ilə bağlı hazırda iş aparılır: “Orada məbləğ bir qədər çox göstərilir, həmin 60 min dolları kimə verdiyi bəlli deyil. Hazırda bununla bağlı iş gedir və ona kömək etməyə çalışırıq. Yerinin dəyişdirilməsi və həmçinin pulunun geri qaytarılması təklif olunub. Yəqin ki, yaxın zamanda bu məsələ həll olunacaq”.

Geri qayıt