Əsas Səhifə > Cəmiyyət, Manşet > Nazirin üzünü qaraldan ali təhsil ocağı...

Nazirin üzünü qaraldan ali təhsil ocağı...


18-11-2016, 11:44
Nazirin üzünü qaraldan ali təhsil ocağı...
Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Gəncə Dövlət Universitetinin (GDU) fəaliyyətində müşahidə olunan çeşidli neqativ hallardan bəhs edilir. Bu məlumatlarda diqqət mərkəzinə çəkilən əsas fikir bundan ibarətdir ki, bu gün GDU-da gedən arzuolunmaz proseslər heç də digər ali məktəblərdə müşahidə olunan problemlərə bənzəmir. İlk növbədə redaksiyamıza bu universitetin daxilində olan mənbələrin verdikləri açıqlamalarda vurğulanır ki, Gəncə Dövlət Universitetinin rektoru Yusf Yusibovun öz işində yol verdiyi çox ciddi nöqsanlar hal-hazırda bu ali təhsil müəssisəsinin fəaliyyətini son dərəcə bərbad bir duruma gətirmişdir. İddialara görə, məhz rektorun yaratdığı şərait universitetdə əksər vəzifə sahiblərinin sui-istifadə və mənimsəmə hallarına yol vermələrinə zəmin yaradıb. Bir daha qeyd edək ki, nə bu universitetdən müxtəlif instansiyalara davamlı olaraq ünvanlanan həyəcan siqnalları, nə də orada yaşanan neqativ hallara dair çeşidli faktların mətbuat tərəfindən ictimailəşdirilməsi nəticə etibarı ilə GDU-da baş verənlərin qarşısının alınması üçün hələ də yetərli əsas ola bilmir. Əlaqədar qurumların bu yolverilməz loyallığı isə, universitet rəhbərliyini yeni özbaşınalıqlar törətməyə stimullaşdırır. Bir müddət əvvəl bu barədə aldığımız məlumatlardan birində deyilir: “Bu gün universitetimizdə xoşagəlməz hallar yaşanmaqdadır. Məsələn, universitetin əməkdaşı olan Misir Fərhadov artıq çoxdan təqaüd yaşına çatmış olsa da, rektor onun hələ işləməsini təmin edir. Bir çoxları bunu həmin əməkdaşın Yusif Yusibovla yaxınlığı ilə izah edirlər. Lakin əslində bu məsələnin arxasında tamamilə başqa müəmmalar durur. Həmçinin bu müəmmadan xəbərdar olanlar rektorun əməllərini qətiyyətlə pisləsələr də, heç kim bu məsələnin aşkara çıxmasında təşəbbüskar qismində çıxış etmək istəmir. Digər tərəfdən isə, Yusif Yusibovun əməlləri universitetin həyatına da təsirsiz ötüşmür. Belə ki, bir müddət əvvəl rektorun digər bir müəmması olan “laborant məsələsi” barədə yayılan məlumatlar, nəticədə universitetdə həqiqətən də rüsvayçı bir insidentin yaşanmasına səbəb olmuşdu. Aydındır ki, Yusif Yusibovun bu əməllərinə son qoyulmayacağı təqdirdə, onsuz da gərgin olan vəziyyət tezliklə ümumiyyətlə nəzarətdən çıxa bilər...” Həmçinin açıqlama verən mənbələr vurğulayırlar ki, müəllimlərin maaşlarının çox az olmasına baxmayaraq, ödənişli əsasla təhsil alan tələbələrin keçirdikləri təhsil haqqından müəllimlərə çox az miqdarda, ayda təqribən 50-70 manat əmək haqqı verilir. Halbuki, bir çox ixtisaslar üzrə ödənişli təhsil üçün müəyyən olunmuş qiymətlər GDU-da hətta əksər paytaxt universitetlərində olduğundan da yüksəkdir. Mənbələr iddia edirlər ki, əldə olunan bu yüksək məbləğlər ilbəil GDU-nun rəhbərliyi tərəfindən təmir işləri, mebel və avadanlıqların alınması və digər adlar altında “silinərək” mənimsənilir. Məhz belə bir talançı yanaşma tərzinin nəticəsidir ki, bu gün 32 laboratoriyası olan universitetdə, hələ indiyədək bir dənə də olsun ciddi elmi nəticə əldə olunmayıb. Təqdim olunan açıqlamalarda vurğulanır ki, bu laboratoriyaların əksəriyyəti bütün tədris ili boyunca qapısı bağlı vəziyyətdə qalır. Bundan başqa, mənbələr Yusif Yusibovun müxtəlif maxinasiyalar sayəsində əldə etdiyi var-dövlətini qətiyyən gizlətməyə çalışmadığını da vurğulayırlar. Bildirilir ki, qiyməti 140 min ABŞ dolları olan ağ rəngli “Lexus-570” avtomobili və 10 min dollarlıq “Vertu” telefonu GDU rektorunun elm adamı deyil, daha çox uğurlu bir biznesmen olması təəssüratını yaradır. Aldığımız digər bir açıqlamaya görə, bu gün GDU rəhbərliyinin əsas gəlir mənbələrindən biri kimi də “müddətsiz tətil”ə buraxılan tələbələrdən yığılan pullar çıxış edir. Mənbə bildirir ki, bu səbəbdən hazırda Gəncə Dövlət Universitetində davamiyyət indiyədək qeydə alınan ən aşağı həddə düşüb. Daxil olan digər bir məlumatda isə, tələbə yataqxanasının yararsız vəziyyətindən şikayətlər öz əksini tapıb. Mənbələr iddia edirlər ki, yataqxananın təmirini GDU-nun daxili imkanları hesabına da həyata keçirmək olardı: “Universitetimizin kifayət qədər böyük yataqxanası olsa da, biz tələbələr hələ də kirayədə qalmağa məcburuq. Fəxrəddin Həsənov hələ ötən il söz vermişdi ki, bu problem həll olunacaq. Amma sonradan başladılar bəhanə gətirməyə ki, təmirə pul yoxdur. Təmirə pul yoxdur, amma rektorun da, digərlərinin də bahalı maşınlar almağa, villalar tikdirməyə pulları var. Əlbəttə ki, yeyinti, korrupsiya olan yerdə təmirə pul qalmaz. Eyni vəziyyət kitabxana ilə də bağlı hökm sürür. Gəncə Dövlət Universiteti kimi bir ali təhsil müəssisəsinin hələ indiyə qədər elektron kitabxanası yoxdur. İnan ki, biz tələbə ola-ola bu vəziyyətdən utanırıq, amma rəhbərliyin bu heç vecinə də deyil. Əlbəttə, onlara belə sərf edir. Tələbə nə qədər savadsız qalsa, ondan pul qoparmaq şansı da bir o qədər yüksək olacaq. Pul qoparmaqda isə, “bizimkilərə” çatan olmaz...”

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

Geri qayıt