Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Masallıda elmin dalınca getmək nə qədər doğrudur...

Masallıda elmin dalınca getmək nə qədər doğrudur...


6-07-2016, 11:32
Masallıda elmin dalınca getmək nə qədər doğrudur...
Artıq uzun müddətdir ki, redaksiyamıza Masallı Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbə rəhbərliyinin öz işində yol verdiyi ciddi qanun pozuntuları və məhz bu səbəbdən rayonun orta təhsil müəssisələrinin işlərində müşahidə olunan çox saylı nöqsanlar barədə məlumatlar daxil olmaqdadır. Həmin məlumatlar əsasında bundan əvvəl dərc etdiyimiz yazılarda da biz qeyd etmişdik ki, redaksiyamıza müraciət edən Masallı sakinləri rayonun təhsil sistemində dərin kök salmış korrupsiya hallarından narazılıqlarını ifadə edirlər. Aldığımız məlumatlarda iddia olunur ki, Masallı RTŞ-nin rəhbərliyi tərəfindən hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əmək haqqlarına əl qoyulması, rayonda fəaliyyət göstərən məktəblərin işinə yersiz müdaxilələr bir çox xoşagəlməz nəticələrə səbəb olur. Tədris prosesinin təşkili məsələlərində səriştəsizlik nümayiş etdirən RTŞ rəhbərliyinin tətbiq etməyə çalışdığı üsullar isə, nəticə etibarı ilə tədris proqramının şagirdlər tərəfindən mənimsənilməsində, tətbiq olunan pedaqoji metodikaların səmərəliliyinin artırılmasında problemlər yaradır. Təbii ki, bütün bu nöqsanlar ilk növbədə Masallının orta məktəblərinin fəaliyyətində də öz təzahürlərini büruzə verir. Xüsusi olaraq vurğulamaq istərdik ki, bu yaxınlara qədər redaksiyamıza daxil olan məlumatlarda Masallı təhsilinin hazırki arzuolunmaz duruma gəlməsinə görə, Rayon Təhsil Şöbəsinin keçmiş müdiri ilə yanaşı onun müavini, Tariyel Əkbərova qarşı da ciddi ittihamlar irəli sürülürdü. Lakin az bir müddət bundan əvvəl RTŞ müdirinin müavininə ünvanlanan ittihamlar qəfildən aradan götürüldü. Səbəb isə bu oldu ki, 2015-2016-cı tədris ilinin sonlarında Masallı Rayon Təhsil Şöbəsinin rəhbərliyində müəyyən dəyişiklik edildi və bu dəyişiklik nəticəsində RTŞ-nin keçmiş müdiri Astan İbişov vəzifəsindən kənarlaşdırılaraq, şöbəyə müvəqqəti rəhbərlik müavin Tariyel Əkbərova həvalə edildi. Bundan sonra Tariyel Əkbərov artıq şöbənin yeganə və tam hüquqlu rəhbəri kimi bütün qanun pozuntularını da şəxsən öz adından həyata keçirməyə başladı. Mənbənin verdiyi xəbərə görə, Masallı rayonu İ.Zülalov adına İskəndərli tam orta məktəbin direktoru Yeganə İsmayılova bir çox digərlərindən fərqli olaraq, Tariyel Əkbərovun RTŞ müdiri postuna təyinatına müəyyən etirazlarını bildirmişdi. Buna görə də, indi Tariyel Əkbərov Yeganə xanımdan öz ərizəsilə işdən çıxmasını tələb edir.

Daha sonra, redaksiyamıza təqdim olunan açıqlamalarda Tariyel Əkbərovun Masallı məktəblərində müqavilə üzrə işləyən müəllimlərə qarşı irəli sürdüyü ultimatumdan bəhs edilir. Bildirilir ki, RTŞ-nin müdir əvəzi əmək müqavilələrini yeniləmək niyyətində olan müəllimlərdən 1000-2000 manat arası (tədris etdikləri dərs saatlarının sayına müvafiq olaraq) ödəniş etmələtini tələb edib. Bundan başqa, təqaüd yaşına çatmış müəllimlərin və məktəb direktorlarının da diqqətinə çatdırılıb ki, onlar hər növbəti bir il üçün 1000 manat ödəməklə əmək fəaliyyətlərinin müddətini uzada bilərlər. Və nəhayət, daha bir yenilik də yalnız direktorlar üçün tətbiq olunub. Belə ki, bundan sonra hər bir məkəb direktoru hər ay RTŞ müdirinə əlavə olaraq 100 (yüz) manat məbləğində aylıq haqq ödəməlidir ki, bu ödənişlərin də Tariyel Əkbərovun katibəsi Pəri xanım tərəfindən yığılacağı elan edilib. Qeyd edək ki, rəsmi məlumatlara görə, bu gün Masallı rayonunda 98 orta məktəb fəaliyyət göstərir. RTŞ müdiri isə, yay tətili ilə əlaqədar məktəb direktorlarına qarşı növbəti üç ayın “haqqını” bir dəfəyə ödəmələri tələbini irəli sürüb.

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.

Geri qayıt