Əsas Səhifə > Cəmiyyət, Manşet > Şəhidlər heç vaxt ölmürlər... bəzi harınlamış məmurlar “öldürməsələr

Şəhidlər heç vaxt ölmürlər... bəzi harınlamış məmurlar “öldürməsələr


11-06-2016, 13:31
Şəhidlər heç vaxt ölmürlər... bəzi harınlamış məmurlar “öldürməsələr
Hörmətli DİA.AZ! Biz eşidəndə ki, Vətən yolunda canını qurban verərək, ŞƏHİD olmuş, Bölgə komandiri, sinif yoldaşımız Faiq Rzayevin adını daşıyan, məzunu olduğumuz 150 nömrəli tam orta məktəb Təhsil Nazirliyi tərəfindən ləğv olunub və yerində 6 saylı liseyin filialı yaradılıb, sarsıldıq. Şəhidə qarşı belə hörmətsizlik azərbaycanlı adını daşıyanlara yaraşmır. Axı, Faiq Rzayev canını Dövlətin, Vətənin yolunda qurban verib. Biz bu təhqirə dözə bilmədik və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət etdik. Xahiş edirik bizim müraciətimizi siz də dərc edin. Qoy xalqımıza bəlli olsun ki, bəzi dövlət məmurları öz məqsədlərinə çatmaq və maddi maraqlarının təmin olunması üçün ŞƏHİD adına hörmətsizlik edir, bu adı daşıyan məktəbi ləğv etməklə ŞƏHİDLƏRİMİZİN ruhunu təhqir edirlər.



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Bakıdakı 150 nömrəli məktəbin 1993-cü il məzunları tərəfindən

ƏRİZƏ

Möhtərəm cənab Prezident! Biz, 1993-cü ildə Bakıdakı 150 nömrəli tam orta məktəbi bitirmişik. Sizin əmrinizlə hər an Vətənin müdafiəsi uğrunda silaha sarılmağa hazırıq!
Diqqətinizə çatdıraq ki, həmin il bizimlə məzun olmuş, sinif yoldaşımız Rzayev Faiq Hüseynağa oğlu orta məktəbi bitirdikdən bir il sonra hərbi xidmətə yollanmış, bölgə komandiri olmuş və ilk gündən cəbhə bölgəsinə getmişdir. Həmin vaxt sərhədyanı ərazilərdə ağır döyüşlər gedirdi. Sonra eşitdik ki, sinif yoldaşımız Faiq Rzayev Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. 2015-ci ildə Sizin sərəncamınıza Rzayev Faiq Hüseynağa oğlunun “İgidliyə görə” medalı ilə təltif olunması bizi xeyli sevindirdi. Bu, dövlətimizin başçısının torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara verdiyi yüksək qiymətdir.

Cənab Prezident! Təhsil aldığımız 150 nömrəli məktəbə 1994-cü ildə sinif yoldaşımız, 1-ci sinifdən 11-ci sinfə qədər bu məktəbdə təhsil almış Faiq Rzayevin adının verilməsi hər birimizi sevindirdi. Həmin məktəbin qarşısında Faiq Rzayevin büstü də qoyuldu. Sevindik ki, şəhidlər heç vaxt ölmür, onlar həyat durduqca yaşayırlar. Təəssüf ki, bəzi dövlət məmurları öz maddi maraqlarının təmin olunması üçün ŞƏHİD adına hörmətsizlik edir. Bu da biz gənclərə çox pis təsir edir. Belə bir hal şəhid Faiq Rzayevlə əlaqədar da baş verdi.

Biz, şəhid Faiq Rzayevin sinif yoldaşları hər il onun doğum günündə və şəhid olduğu gündə 150 tam orta məktəbə toplaşır, onun büstünü ziyarət edir, sonra isə İKİNCİ ŞƏHİDLƏR Xiyabanındakı məzarını ziyarət edir, Vətən yolunda canını qurban vermiş şəhid qardaşımızı xatırlayır, ruhuna dualar oxutdururuq.

2015-ci ildə də ŞƏHİD qardaşamızın büstünü ziyarət etmək üçün 150 nömrəli tam orta məktəbin qarşısına toplaşdıq və eşitdiyimiz xəbərdən şoka düşdük: Yasamal rayonu ərazisində yerləşən Şəhidin adını daşıyan 150 nömrəli məktəb heç bir səbəb göstərilmədən Təhsil Nazirliyi tərəfindən ləğv edilərək, əvəzində Səbail rayonunda yerləşən 6 saylı liseyin filialı yaradılıb. Sonrdadan öyrəndik ki, Təhsil Nazirliyi kimisə direktor yerləşdirmək üçün bu biabırçılığa, Vətənimizin, Millətimizin, Xalqımızın adına ləkə gətirən, xəcalət verən bu rüsvayçılığa əl atıb.

Cənab Prezident! Şəhidə qarşı belə hörmətsizlikdən sonra biz gənclər hansı həvəslə, hansı ruh yüksəkliyi ilə döyüş bölgələrinə gedək? Fikirləşirik ki, biz gedib cəbhədə canımızı qurban verəcəyik, ancaq Bakıda oturmuş Sizin dediyiniz kimi, bəzi harınlaşmış dövlət məmurları bizim adımızla, qanımızla alver edəcək, Şəhid adını ləğv edərək, kimlərisə vəzifəyə qoyub pul qazanacaqlar.

Cənab Prezident! Bu, Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə, Müstəqilliyə və Prezidentə XƏYANƏTDİR. Bu SATQINLIQDIR!

Cənab Prezident Sizə böyük ümidimiz, inamımız və etimadımız var! İnanırıq ki, Şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəbin bərpası üçün müvafiq təşkilatlara göstəriş verəcəksiniz və bununla da hansısa dövlət məmurunun gəncərin VƏTƏNPƏRVƏRLİK hissləri ilə oynamasının qarşısını alacaqsınız.

İmza,
Bakıdakı 150 nömrəli tam orta məktıbin 1993-cü il məzunlar,
Şəhid Faiq Rzayevin sinif yoldaşlar.

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt