Əsas Səhifə > Cəmiyyət, Manşet > Samir Şərifovla Elman Rüstəmov arasında səlahiyyət savaşının təfərrüatları

Samir Şərifovla Elman Rüstəmov arasında səlahiyyət savaşının təfərrüatları


20-05-2016, 09:48
Samir Şərifovla Elman Rüstəmov arasında səlahiyyət savaşının təfərrüatları
Mərkəzi Banka rəhbərlik etmək həm kommersiya banklarının kreditləşməsini, həm də maliyyə sektorunda həyata keçirilən əməliyyatlara nəzarət etmək imkanı qazanmaq deməkdir. Baş bankirlik bunun sayəsində oliqarxlar üçün həmişə cəlbedici görünüb. Baxmayaraq ki, Mərkəzi Bankın sədrinin adı da oliqarxların siyahısında rəğbətə layiq yerlərdən birini tutur. Lakin son zamanlar maliyyə naziri Samir Şərifov operativ "gedişləri" ilə baş bankirin statusunu bir qədər aşağı salmağa müvəffəq olub. Bu məqam Elman Rüstəmovun problemlərini artırıb desək, yanılmarıq. Lakin baş bankir də öz mövqelərini asanlıqla təhvil vermək fikrində deyil. Gundelik-baku.com xəbər verir ki, Elman Rüstəmov ən uzunömürlü məmurlardan sayılır. Onun Azərbaycan gerçəkliyi baxımından son dərəcə geniş maliyyə mkanları var. Məhz bu imkanları sayəsində opponentləri Elman Rüstəmovla hesablaşmaq zorundadır. Qeyri-rəsmi ekspert hesablamalarına görə, Elman Rüstəmovun sərvətlərini Səudiyyə Ərəbistanı şahzadəsinin varidatı ilə müqayisə etmək olar. Ekspertlər Elman Rüstəmovun xarici banklarda oturdulmuş varidatının illik artımını 25-30% civarında qiymətləndirirlər. Üstəlik, bu artım faizi son iki onillikdə ölkənin monetar siyasətinə, başqa sözlə desək, pulun kəmiyyəti, kredit və faiz dərəcələri, mübadilə kursu ilə bağlı dövlət siyasətinə nəzarət edən şəxs üçün Azərbaycan şəraitində demək olar ki, normal qəbul edilir. Lakin son zamanlar neftin qiymətinin xeyli aşağı düşməsi sanki Elman Rüstəmovun da ovqatına mənfi təsirsiz ötüşməyib. Bu prosesin nə qədər davam edəcəyi qaranlıq olaraq qalır. Bu səbəbdən də Elman Rüstəmov yaxın ətrafının maliyyə-bank sektorundakı strateji postlara yerləşdirilməsi qayğısına da qalır. Milli Bankın nəzdində fəaliyyət göstərən İpoteka Fondu Elman Rüstəmovun nəzarətindədir. Fondun rəhbəri Fəxri Kazımov 2008-ci ilin yanvarından bu vəzifəyə gətirilib, tanınmış partiya yetkilisi Xanhüseyn Kazımovun oğludur. Bundan əvvəl Mərkəzi Bankın İcra Aparatının rəhbəri vəzifəsində çalışıb. Bir müddət Milli Bankın baş direktoru olmuş Rüfət Aslanlının Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilməsinə də Elman Rüstəmov-Samir Şərifov savaşının prizmasından yanaşmaq olar. Hər halda unutmaq lazım deyil ki, Rüfət bəy çox zaman məhz elə Elman Rüstəmovun kadrı kmi qələmə verilir. Baş bankirin maliyyə naziri Samir Şərifovla münasibətləri fonunda bu ehtimallar özünü daha qabarıq göstərir. Məlumata görə, Maliyyə Nazirliyi Mərkəzi Bankdakı büdcə vəsaitlərinin bir qisminini nəzarətə götürüb. Buna səbəb həmin vəsaitlərin kommersiya banklarına borc əvəzinə ötürülməsi olub. Məlum olub ki, bu məsələ Prezident Administrasiyası səviyyəsində Samir Şərifovun şəxsi təşəbbüsü ilə ortaya atılıb. Eyni zamanda, Samir Şərifovla Elman Rüstəmov arasında səlahiyyətlərin bölüşdürülməsi məsələsində müəyyən problemlərin yaşandığı sirr deyil. Bu mübahisələrin hələ də davam etməsi isə Elman Rüstəmova qarşı təzyiq rıçaqlarından biri kimi dəyərləndirilə bilər. Qarşı tərəfləri də dinləməyə hazırıq.

Geri qayıt