Əsas Səhifə > Partiya, Güney Press > "Bütövlükdə bu koalisiya vəziyyətə bir reaksiyadır"

"Bütövlükdə bu koalisiya vəziyyətə bir reaksiyadır"


5-02-2016, 10:26
"Bütövlükdə bu koalisiya vəziyyətə bir reaksiyadır"
Fevralın 3-də bir qrup aparıcı müxalif partiyaların sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Antiböhran koalisiyası”nın yaranması barədə razılaşma əldə edilib.

Koalisiyaya Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası, Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Ümid Partiyası, Dünyəvi Bozqurd Partiyası, Vətəndaş və İnkişaf Partiyası (VİP), bir sıra hərəkat və təşkilatlar daxil olublar.

Azərbaycan Demokrat Partiyası (ADP) isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak edəcək.

Koalisiyanın nələri həyata keçirməyi nəzərdə tutduğu, gündəmində mitinq keçirmək kimi addımların olub-olmadığını Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə söhbətimizdə öyrənməyə çalışdıq.

Pənah Hüseyn bildirdi ki, koalisiya böhrandan çıxmaq üçün cəmiyyətin potensialının hərəkətə gəlməsi, ictimai rəyin müqavimət gücünün təşkil olunması və bu məsələlərin pozitiv hədəflərə yönəlməsinə nail olunması niyyəti daşıyır: “Bu istiqamətdə təsəvvürlər ondan ibarətdir ki, şübhəsiz, cəmiyyətin də kəskin rəyi ifadə olunmalıdır. İstər hakimiyyət, istər müxalifət üçün bu faydalı ola bilər. Bütövlükdə bu koalisiya vəziyyətə bir reaksiyadır. Hazırda bunun konkret konturları mövcud deyil. Prosesə yeni qüvvələr cəlb olunur. Mövcud siyasi partiyalar, başqa digər ictimai qurumlar bu vəziyyəti ümumiyyətlə tam təmin etmir. Ona görə də hərəkat tipli proseslərin gedəcəyi müşahidə olunur. Ola bilər ki, antiböhran koalisiyası dediyimiz ideya da bu istiqamətdə cəhdlərdən biridir. Prinsip etibarilə indiki situasiyada cəmiyyətin toparlanması ictimai rəyin təsir imkanlarının artmasına səbəb ola bilər. Bu proses özü-özünü tənzimləyən proses kimi görünür”.

Koalisiya yaratmaq razılaşması əldə edən qüvvələrin mitinqlər keçirib-keçirməyəcəyinə gəlincə, P.Hüseyn dedi ki, siyasi müxalifətin mitinq məsələsində mövqeyi son günlərdə ifadə olunub: “Etiraz aksiyaları məsələsinə çox ehtiyatla yanaşılıb və yanaşılır. Diqqət etdinizsə, yanvarın 10-15-də bölgələrdə əhalinin etiraz aksiyalarının müxalifət partiyaları ilə əlaqələndirilməsinə cəhdlər edildi. Siyasi müxalifət hələ proseslərin miqyası məsələsini götür-qoy edir. Eyni zamanda prosesin bir ümumi ictimai-siyasi proses kimi getməsi məqsədəuyğun hesab edilir. Siyasi müxalifət indi önə çıxarsa, prosesi siyasiləşdirmək və hakimiyyət uğrunda mübarizə kimi qələmə vermək imkanı qazanır iqtidar. Müxalifətdə belə hesab olunur ki, buna yol vermək olmaz. Ona görə də etiraz aksiyaları məsələsində çox ehtiyatlı yanaşma, taktika ifadə olunur.

Onsuz da getdikcə, belə görünür ki, ölkədə müşahidə olunan böhrandan çıxmaq mümkün olmayacaq. Əhalinin vəziyyətinin getdikcə ağırlaşmaqda olduğu da göz qabağındadır. Odur ki, bu gedişlə etirazların ifadə olunacağı labüddür. Müxalifət hələ ki ehtiyatlı yanaşmanı davam etdirmək, prosesi izləmək taktikasına üstünlük verir. Müxalifətin təkliflərlə çıxış etməsi, hələlik mitinqlərə gedilməməsi doğru taktikadır".

Geri qayıt