Əsas Səhifə > Partiya, Güney Press > Etibar Məmmədov AMİP-ə yenidən sədr ola bilər

Etibar Məmmədov AMİP-ə yenidən sədr ola bilər


28-01-2016, 12:13
Etibar Məmmədov AMİP-ə yenidən sədr ola bilər
Ötən ilin oktyabrında keçmiş Azərbayacan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə istefa verdi. Artıq 4 aydır ki, AMİP-in birinci postu sahibsiz qalıb. Partiya isə yaxın zamanlarda sədrsizlik dönəminə son qoymaq qərarı alıb. Belə ki, qurultay hazırlıqlarına başlanılıb.

Bəs yeni başqan kim olacaq? Qurultayda baş tutacaq sədr seçimlərinə neçə namizəd iddialıdır? Hazırda AMİP-də durum nə yerdədir? Bu müddət ərzində partiya sədrsizlik baxımından hansı problemləri yaşayıb.

Bütün bu suallara Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov hafta.az-a verdiyi müsahibədə cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- AMİP-in yeni qurultayının vaxtı nə zamandır?

- Qurultayın konkret olaraq vaxtı məlum deyil. Sadəcə olaraq nəzərdə tutumuşuq ki, ümumpartiya yığıncağını cari ilin birinci rübündə keçirək. Artıq bu prosesi yekunlaşdırmaq niyyətindəyik. Qurultayda AMİP-ə yeni sədr də seçiləcək. Hələlik qurultayın vaxtı dəqiqləşmədiyi üçün bəzi məsələləri konkret söyləmək olmur.

- Partiya sədrliyinə namizədlərin adı bəllidirmi? Nə qədər iddialı funksioner bu postu tutmağa can atacaq?

- Partiyada AMİP sədrliyinə layiqli namizədlər kifayət qədərdir. İddialı şəxslər, bu yükü daşıyacaq insanlar da çoxdur. Onlar rəsmi olaraq iddialarını qoymadıqları üçün konkret ad çəkə bilməyəcəyəm. Bildiyim qədəri ilə belə şəxslər bizdə yetərincədir. Buna partiyanın potensialı çatır.

- Qurultaya keçmiş partiya sədri Yusif Bağırzadə və AMİP-in qurucusu Etibar Məmmədovun da qatılması gözlənilirmi?

- Keçmiş partiya sədri Yusif Bağırzadə artıq AMİP-in üzvü deyil. Daxili nizamnaməyə görə, kənar şəxslər partiyanın qurultayında iştirak edə bilməz. Etibar Məmmədov isə partiyanın qurucusudur. Onun qurultayda iştirak etməsinə heç bir əngəl yoxdur və edə bilər. Qurultaya qatılıb – qatılmaması Etibar Məmmədovun öz istəyindən asılı olacaq.

- Siz öz namizədliyinizi irəli sürəcəksinizmi?

- Düşünmək üçün kifayət qədər vaxt var. Seçkilər bu ilin birinci rübündə olacaq. Təxminən iki aya kimi qurultayı keçirməyi düşünürük. Ona görə də, götür-qoy edib namizədlik üçün qərarımızı verəcəyik.

- Bəs sədrsizlik dönəmində partiyanın yükünü kim çəkir?

- Bizdə fərqli idarəçilik mexanizmi var. Partiyanın əsas yükünü katiblik insitutu çəkir. Bu insitut da hazırda tam tərkibdə fəaliyyət göstərir. Cari və funksional fəaliyyəti onlar nizamlayır və həyata keçirirlər. AMİP-də sədrin olmaması elə də ciddi itki sayılmır. Digər partiyalardan fərqli olaraq bizdə rəhbərlik sədrdən asılı deyil. Kollegial qərarlar qəbul olunur. Qəbul edilən qərarları da partiyanın müvafiq qurumları, yaxud da icra strukturu olan katiblik icra edir.

- Bu il qarşınıza hansı məqsədləri qoymusunuz?

- Azərbaycan Milli İstiqlal Partiyası yenə də ictimai-siyasi proseslərin episentrində olacaq. Çalışacağıq ki, vəziyyəti öz xeyrimizə dəyişə bilək. Eyni zamanda, qarşımıza qoyduğumuz məqsədlər üçün imkanlarımızı bir qədər də genişləndirməyi düşünürük. Partiyanın cəmiyyətimizdəki yeri və nüfuzunu daha da möhkəmləndirmək üçün fəaliyyətimizi daha da artıracağıq.

Geri qayıt