Əsas Səhifə > Partiya, Güney Press > "Prezident yeni dövrün şərtlərini elan etdi"

"Prezident yeni dövrün şərtlərini elan etdi"


13-01-2016, 09:10
"Prezident yeni dövrün şərtlərini elan etdi"
Hazırkı dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin hökumət üzvlərinə verdiyi zaman və son sınaq müddəti həddindən artıq qısadır. Çünki dünya maliyyə bazarlarında situasiya anbaan dəyişir.

Bu barədə Axar.az-a millət vəkili Zahid Oruc danışıb. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirəsindəki çıxışını şərh edən deputat bildirib ki, neftin dünya bazarında ucuzlaşması idarəetmə sistemində və hökumətin fəaliyyətində ciddi dəyişiliklər həyata keçirməyi tələb edir:

“Prezident yeni dövrün şərtlərini elan etdi. Müşavirədə irəli sürülən tələblər qısa müddət ərzində gerçəkləşdirilməlidir. Söhbət manatın məzənnəsini sabitləşdirmək üçün köklü struktur dəyişiliklərinə getmək, prezidentin dediyi kimi, bölgələri sənaye zonalarına çevirmək və daxili istehsal genişlənənə qədər ixrac və idxalda dəqiq hesablanmış rüsum dəyişikliklərini tətbiq etməkdən gedir. Broker qurumlarından xilas olmaq hələ idxalın heç bir maneəsiz ölkəyə daxil olması anlamına gəlmir. Çünki qanunların sərt üzünü sahibkara tətbiq edəndə, üstəlik, daxildə müxtəlif inhisarçı şirkətlərin mövqeyini saxlayanda avtomatik olaraq maliyyə sabitliyi üçün zamanı bir az da uzadırıq. Ona görə də ölkə başçısının verdiyi mesajlardan biri “hamı bundan nəticə çıxarsın” şəklində oldu. Qənat rejiminə keçmək, yaxud investisiya xərclərini ixtisar etməklə tam sabitliyi və əvvəlki iqtisadi fəallığı qaytarmaq çətin olacaq. Gecikmədən yeni texnoloji sistemlərə keçmək, aparıcı innovativ proqramları tətbiq etmək və kadrları yeniləmək gərəkdir. Hazırkı dövrdə Prezident İlham Əliyevin hökumət üzvlərinə verdiyi zaman və son sınaq müddəti həddindən artıq qısadır. Çünki dünya maliyyə bazarlarında situasiya anbaan dəyişir”.

Geri qayıt