Əsas Səhifə > Partiya, Güney Press > "Cəmiyyət ictimai sərxoşluqdan ayılır"

"Cəmiyyət ictimai sərxoşluqdan ayılır"


27-11-2015, 08:29
"Cəmiyyət ictimai sərxoşluqdan ayılır"
ADP sədri Sərdar Cəlaloğlu azpolitika.info saytında “Azərbaycanda inqilab olacaqmı?” adlı geniş məqaləsində Azərbaycanda inqilabın mümkün olub-olmadığı barədə təhlillər aparıb. O qeyd edib ki, inqilablar zorla siyasətdən kənar saxlanılmış insanların (əyyaşların) kütləvi şəkildə eyni zamanda müəyyən dövr ərzində siyasətdə iştirak etməsidir. İnqilabçı özündə dağıdıcılıq ruhu daşıyan heç bir qanun tanımayan, tabeçilik nümayiş etdirməyən və anarxist meylli adamlardan ibarətdir.

S.Cəlaloğlu qeyd edib ki, aşağı keyfiyyətli idarəetmədə kütləvi narazılıq başlanğıcda hamıda narazılıq yaradır, narazılığın xüsusi formaya keçməsi ilə narazılığın təşkil olunması meydana çıxır ki, buradan müxalifət meydana çıxır. Müxalifətin antidemokratik cəmiyyətlərdə hakimiyyət dəyişikliyini həyata keçirə bilməməsindən və iqtidarın öz hakimiyyətini qorumaq üçün repressiyalar həyata keçirməsi, hakimiyyətin tədrici dəyişilmələrinin qarşısını alması narazılarda nailiyyətsizlik sindromu meydana çıxarır. Nailiyyətsizlik sindromu dəyişilmələrin baş verməməsinin səbəbini özündə axtarmağa səbəb olur. Nəticədə narazılar iki yerə-ittiham edənlərə və ittiham olunanlara ayrılır. İttiham olunanlar - leqal, ittiham edənlər - gizli müxalifət kimi formalaşır.

S.Cəlaloğlu təhlil apardıqdan sonra bu nəticəyə gəlib ki, Azərbaycanda narazı kütlənin çox az bir hissəsi leqal müxalifətdədir, narazı kütlənin nəhəng bir hissəsi iqtidardan heç bir gözləntisini ifadə etmədən zahirən onun yanındadır. S.Cəlaloğlu bu durumu ictimai əyyaşlıq adlandırır: “Bu, ictimai əyyaşlığın əhalinin nəhəng çoxluğuna sirayət etdiyini sübut edir. Son 20 ildə bu hakimiyyətə qarşı bir neçə dövlət çevrilişi cəhdləri heç bir nəticə verməmişdir. Ölkədə həqiqi islahatlar da aparılmır. Bu, Azərbaycanda hakimiyyətə sığınmış öz narazılığını gizlədən və hakimiyyətin əmrlərini sözsüz yerinə yetirən yüz minlərlə inqilabçının olmasından xəbər verir”.

ADP sədri yazısında vurğulayıb ki, kiçik bir hadisə Azərbaycanda inqilabı başladacaq: “Artıq növbəti çevrilişin də qarşısı alınıb. Qubada, İsmayıllıda, Mingəçevirdə bir-birinin ardınca baş verən iğtişaşlar yatırılıb. İndi xalqın və şəxsiyyətin hakimiyyətinin yenidən daraldılması ilə hakimiyyəti saxlamağa cəhd edilir. Seçkilər tam şəkildə siyahı əsasında keçirildi, hakimiyyət xalqı yenidən rus əsarətinə salmaq istiqamətində cəhd edir. Ölkədə inqilabi kütləni daha da narazı salan proseslər-hakimiyyəti müdafiə edənlərin işdən çıxarılması, əmək haqlarının azaldılması, sosial imtiyazların ləğv edilməsi prosesi başlayıb. Bu müəyyən sayda insanı əhatə etdiyi andan kiçik bir hadisə Azərbaycanda inqilabı başladacaq”.

S.Cəlaloğlunun məqaləsində “ictimai əyyaş” ifadəsinin işlədilməsini bəzi oxucular ictimaiyyətin aşağılanması kimi başa düşüblər və sosial şəbəkədə narazılıq ediblər. ADP sədri isə “Yeni Müsavat”a açıqlamasında izah edib ki, burada ictimaiyyətin aşağılanmasından söhbət gedə bilməz: “”Əyyaş" sözü sosiologiyada “qaragüruh” adlanır, hansı ki, istənilən inqilab qaragüruhun əl işi kimi meydana çıxır. Qaragüruh emosiyalarla idarə olunan aşağı intellektuallığa malik adamlardan təşkil olunur. Qurani-Kərimdə “əyyaş” sözünün ictimai sərxoşluq vəziyyətinə düşən adamlara işarə etdiyi aydın olur. Sosiologiyada belə vəziyyət “inqilabi ruh” adlanır. İnqilabi ruh cəmiyyətin çoxluğunun ictimai sərxoşluğa keçməsidir, hansı ki, sağlam mühakimə öz yerini ictimai halsunasiyalara buraxır. İnqilabi ruh təhtəlşüur işi olduğundan, bu ruhun əmələ gəlməsini, inkişaf etməsini və təzahürünü zahirən izləmək və aşkarlamaq çətindir.

İnqilabi ruhun yeganə funksiyası dağıtmaqdan ibarətdir, hansı ki, quruculuğa keciddə inqilabi ruh yarandığı kimi də yox olur. Cəmiyyət ictimai sərxoşluqdan ayılır və dağılmış köhnənin əsasında yenini qurmağa cəhd edir. Əgər inqilablar qələbə çaldıqdan sonra inqilabi ruh saxlanılırsa, onda inqilab öz dağıdıcılığını davam etdirir və xalq inqilablardan qazanmaq əvəzinə, itirir. Mən bunu əsaslandırmaq üçün həmin termindən istifadə etmişəm".

Geri qayıt