Əsas Səhifə > Partiya, Güney Press > “Birləşmək niyyətimiz yoxdur”

“Birləşmək niyyətimiz yoxdur”


26-11-2015, 13:23
“Birləşmək niyyətimiz yoxdur”
Müxalif partiyaların daxilindəki narazılıqlar nəinki səngimir, hətta məsələlər artıq məhkəmə müstəvisində həll olunur. Məsələn, bu günlərdə Binəqədi rayon Məhkəməsində Müsavat Partiyasının son qurultayının nəticələrindən narazı qalan bir qrup şəxsin müraciəti ilə bağlı hazırlıq iclası keçirilib. Narazılar Qubad İbadoğlu tərəfdarları olduğuna görə Müsavat bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) partiyaya qarşı fəaliyyəti hesab etdiyini gizlətməyib. Oxşar proses AXCP-də də yaşanır. Belə ki, onların da məsələsinin məhkəmə müstəvisində həll olunacağı qaçılmaz olub. Əsil AXCP adına iddialı olan Razi Nurullayevin Ədliyyə Nazirliyinə müraciəti cavabsız qalıb. Belə ki, qurum həm R.Nurullayevin, həm də Əli Kərimlinin sənədlərini geri qaytarıb və onlara məsələnin həllini tapması üçün məhkəməyə müraciət etməyi tövsiyə edib.

Sənədləri təsdiqlənməsə də, faktiki olaraq, R.Nurullayev də, ADR də ayrıca təşkilat kimi fəaliyyət göstərməkdədirlər. Bu fonda isə başqa bir mövzu gündəmə gəlib. Belə fikirlər var ki, hər iki partiyanın fəaliyyətindən narazı qalaraq ayrılan təşkilatlar – ADR və R.Nurullayev AXCP-si birləşə bilər. Çünki onların siyasi baxışları və açıqladıqları gələcək fəaliyyət planları uyğundur və bu yolla onlar ölkə müxalifətinin konstruktiv güc mərkəzinə çevrilə bilərlər. Məsələnin nə dərəcədə real olması ilə maraqlandıq. Mövzu haqda fikirlərini “Kaspi”yə açıqlayan R.Nurullayev dedi ki, bu məsələ bir müddət öncə də gündəmə gəlmişdi və AXCP-nin ADR-lə birləşəcəyi deyilirdi: “Təəssüf ki, yanlış anlaşılma olmuşdu. Jurnalist mənə sual vermişdi ki, bizim təşkilat ADR-lə birləşə bilərmi. Mən hazırda belə bir mövzunun gündəmdə olmadığını, müraciət olunacağı təqdirdə isə müzakirəyə çıxarılacağını demişdim. Amma fikirlər bir qədər fərqli yazılmışdı və ideya müəllifi kimi mənim adım qeyd olunmuşdu. Açıq desəm, bu, jurnalistin səhvindən yaranan mövzu idi. Halbuki biz o mövzu haqda heç düşünməmişdik də. Mən siyasi təşkilatların birləşmə meyllərinə, inteqrasiyasına, müxalif cəbhənin daha da güclənmək üçün atdığı addımlara pis baxmıram. ADR hərəkatına da təbii ki, hörmətimiz, izzətimiz var. Əgər onlar gələcəkdə belə bir təşəbbüs irəli sürsələr, sözsüz ki, biz onu müzakirə edəcəyik. Ümumiyyətlə, təşkilatımız ehtiyac yaranacağı təqdirdə mövzunun müzakirə olunmasına, müsbət və mənfi tərəflərinin aydınlaşdırılmasına hər zaman hazırdır. Amma hazırda gündəmimizdə belə bir məsələ yoxdur”.

R.Nurullayevin fikrincə, mövzunun hələ də müzakirə olunması onu göstərir ki, sözügedən təşkilatların birləşməsini istəyənlər var: “Amma hələ ki, bu iki qurumun arasında belə bir mövzu müzakirə olunmayıb. Nə biz buna təşəbbüs göstərmişik, nə də onlar bu məsələ ilə bağlı bizə müraciət ediblər. Yaxın gələcəkdə də belə bir mövzu bizim gündəmimizdə yoxdur. Amma qarşı tərəfdən təklif gəlsə, bunu müzakirə edəcəyimiz mütləqdir. Əgər bu istiqamətdə hansısa qərar verilsə, məlumatlar mətbuata veriləcək. Amma bu gün üçün nə belə bir təklif, nə də onun müzakirəsivar”.

ADR-in sədr müavini Vurğun Əyyub da belə bir məsələnin gündəmdə olmadığını açıqladı: “İlk olaraq, Müsavat Partiyasının bizə qarşı qərəzli mövqeyi haqda fikirlərimi bildirmək istəyirəm. Partiya rəhbərliyindən narazı qalan insanlar məhkəməyə müraciət ediblərsə, bu, onların hüququdur. ADR həmin şəxslərin bu hüququnu məhdudlaşdıra bilməz. Mən özüm də qurultayın nəticələrindən narazı qalan biriyəm, amma mən məhkəməyə müraciət etmədim. Həmin şəxslərin başqa yolu qalmayıb və məhkəməyə müraciət etməyi qərara alıblarsa, bu, sırf onların öz seçimidir. ADR-in bura nə qarışacağı var ki, durub bizi ittiham edirlər, adımızı hallandırırlar. O ki qaldı Razi Nurullayevin AXCP-si ilə birləşməyimizə, hazırda bizim gündəliyimizdə belə bir mövzu yoxdur. Ümumiyyətlə, hərəkatımız ilə Razi Nurullayev AXCP-sini eyni tutmaq düz deyil. Çünki bu iki təşkilat tamamilə fərqli motivlər və yollarla yaranıb. Biz partiyadan narazı qalıb ayrılmışıq və hərəkat kimi fəaliyyət göstəririk. Burada təkcə Müsavat yox, digər siyasi təşkilatların da təmsilçiləri var. Həmçinin biz Müsavat Partiyası adına iddia etmirik. Hərəkat olaraq da heç bir siyasi təşkilatla və ya ictimai hərəkatla birləşmək fikrində deyilik. Çünki qarşımıza belə bir məqsəd qoymamışıq. Yarananda da belə fikirlərimiz, hədəflərimiz yox idi. Təbii ki, birləşib birgə fəaliyyət qurmaqda qəbahət bir şey yoxdur. Belə hallar həmişə olub. Amma bizim bu kimi bir niyyətimiz yoxdur. Hərəkatımıza da bu istiqamətdə müraciətlər daxil olmayıb. Bu barədə fikir söyləyənlər havadan və heç bir əsas olmadan danışırlar”.

V.Əyyub hərəkata belə müraciət daxil olacağı təqdirdə məsələnin müzakirə ediləcəyini bildirdi: “Siyasət şərtlər daxilində danışmağı sevmir. Təbii ki, təklif gəlsə, biz bu haqda qurum daxilində söhbətlər aparacağıq. Amma mən ADR rəhbərlərindən biri kimi sizə açıq deyəcəyəm - ADR-in heç kimlə birləşmək niyyəti yoxdur. Ona görə də belə bir təklif gələrsə belə, düşünürəm ki, onun müsbət cavablandırılması şansı çox azdır”.

Onu da deyək ki, bir müddət öncə ADR sədri Qubad İbadoğlu da ictimai təşkilat olaraq siyasi partiyalarla birləşə bilməyəcəklərini açıqlamışdı: “Bu, bizim nizamnamə öhdəliklərimizə ziddir. Lakin demokratik təsisatlarla əməkdaşlıq şəbəkələnmə fəaliyyətimizin tərkib hissəsi olduğundan, onunla bağlı ayrıca müavinlik institutu yaradılıb. Demokratik təsisatlarla iş üzrə müavinlik institutuna Məlahət Mürşüdova rəhbərlik edir. Bizimlə əməkdaşlıq etmək istəyən təşkilatlardan daxil olan müraciətlər əvvəlcə müavinlikdə, sonra isə ADR Hərəkatının İdarə Heyətində müzakirə olunur”.

Geri qayıt