Əsas Səhifə > Partiya, Güney Press > “Nəticəsi ləğv edilən dairədən namizəd ola bilərəm”

“Nəticəsi ləğv edilən dairədən namizəd ola bilərəm”


31-10-2015, 13:36
“Nəticəsi ləğv edilən dairədən namizəd ola bilərəm”
Noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. 125 dairə üzrə 767 nəfərin mandat uğrunda mübarizə aparacağı seçkilərə maraq olduqca böyükdür. Mərkəzi Seçki Komissiyasında ölkə üzrə səsvermənin müşahidə edilməsi ilə bağlı 2619, dairə seçki komissiyalarında 63 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib.

Beynəlxalq müşahidəçilərin sayına gəldikdə, 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi səsvermə prosesini izləyəcək.

Məsələ burasındadır ki, seçki prosesində hər hansı dairənin nəticələrinin ləğv edilərək təkrar seçki keçirilməsi istisna deyil. Belə olan halda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sabiq sədr müavini Razi Nurullayev həmin dairədən namizədliyini irəli sürə bilərmi?

Məsələ ilə bağlı Modern.az saytına danışan Razi Nurullayev deyib ki, nəticələrdən asılı olmayaraq seçkilərdə iştirak etməyəcək:

“Əslində, belə bir imkan və şansın ola biləcəyini ağlıma gətirməmişdim. Bunu siz xatırlatdınız. Açığı, seçkidə iştirak etmədim, bundan sonra da nəticələrinə inanmadığım seçkiyə çətin ki, qatılam”.

Razi Nurullayev bildirib ki, vəziyyət dəyişərsə, bəlkə də bu haqda düşünmək olar:

“Noyabrın 1-də parlamentin tərkibinin necə formalaşması və seçkilərin necə keçirilməsi bundan sonra atılacaq addımlar üçün bir stimul verə bilər. Amma hələ ki stimulverici bir addım olmadığına görə bu barədə danışmaq çox tezdir. Normal seçki, qeydiyyata alınan namizədlər arasında sağlam mübarizə şəraiti yaranarsa, o zaman bəlkə bu barədə düşünmək olar. Əks halda, hansısa boş yer uğrunda mübarizə aparmaq düzgün olmaz”.

Geri qayıt