Əsas Səhifə > Partiya > “Çəkim qan verməyə imkan vermir”

“Çəkim qan verməyə imkan vermir”


23-10-2015, 09:32
“Çəkim qan verməyə imkan vermir”
Oktyabrın 24-ü Məhərrəmliyin onuncu günü, Aşura günüdür. Bir çox müsəlman dövlətlərində olduğu kimi, Azərbaycanda da bu gün qeyd olunur. Hicri-qəməri təqvimlə 1373 il bundan əvvəl - Məhərrəm ayının 10-da Həzrət Mühəmməd Peyğəmbərin (s) əziz nəvəsi, Həzrət Əli (ə) ilə Fatimeyi-Zəhranın oğlu Imam Hüseyn (ə) azsaylı qohumları və silahdaşları ilə birlikdə Kərbəla səhrasında şəhid olmuşdur. Onlar Yezid ibn Müaviyənin ordusu tərəfindən qətlə yetirilib.

O vaxtdan indiyədək həmin gün, Məhərrəm ayının 10-u Aşura mərasimi qeyd olunur və 40 gün yas saxlanılır. Həmin hadisədən 1400 ilə yaxın vaxt keçməsinə baxmayaraq, dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir. Minlərlə insan bu faciəli, lakin şərəfli günü anmaq üçün məscidlərə gedib, Allah naminə nəzir verir və ehsan paylayır.

Həmçinin bu gündə xeyriyyə məqsədi ilə qan vermə aksiyası da keçirilir. Respublika üzrə qanvermə aksiyalarının keçiriləcəyi məscid və ziyarətgahlar isə bunlardır: Yasamal rayonu Təzəpir məscidi; Yasamal rayonu «Hacı Soltanəli» məscidi; Səbail rayonu Bibiheybət məscidi; Səbayel rayonu İçərişəhər «Cümə» məscidi; Suraxanı rayonu «Qaraçuxur» məscidi; Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi; Nizami rayonu Keşlə qəsəbə məscidi; Sumqayıt şəhər “Cümə” məscidi; Gəncə şəhər “İmamzadə” məscidi; Mingəçevir şəhər “Heydər” məscidi; Şəki şəhəri “Cümə” məscidi; Lənkəran şəhəri «Böyükbazar» məscidi; Bərdə şəhəri “Cümə” məscidi; Nəsimi rayonu «Əjdərbəy» məscidi. Qeyd edək ki, Lənkəran şəhəri «Böyükbazar» məscidində qanvermə aksiyası Aşura günündən bir gün əvvəl, yəni 23 oktyabr tarixində Tasua günündən başlayacaq.

Bəs bu qanvermə aksiyasında deputatlığa namizəd olan siyasətçilərimiz iştirak edəcəklərmi? Ümumiyyətlə, qanvermə aksiyası haqqındakı düşüncələri necədir?

“AĞ blok”un təsisçilərindən biri, deputatlığa namizəd Tural Abbaslı çəkisinin qanvermə aksiyasında iştirak etməyə imkan vermədiyini dedi: “Düşünürəm ki, qanvermə aksiyası yalnız hansısa xüsusi günlərdə olmamalıdır. Bu, il ərzində olmalıdır Çünki qana təcili ehtiyacı olan insanlar var. Mənim ətrafımdakı böyük əksəriyyət bu prosesdə iştirak edir.

Hətta mütəmadi qan verən dostlarımız var. Bəzi qan xəstəliyi olan insanlar var ki, dostlarımız 3-4 aydan bir mütəmadi olaraq qan verirlər. Qanvermənin tibbi şərtləri var. Nə vaxtsa infeksion xəstəlik keçirmiş, çəkisi az olan insanların qan verməsi qadağandır. Ona görə də məndə də bir zamanlar bəzi xəstəliklər olduğuna görə məndən qan götürmürlər. Həm də çəkim qan verməyə imkan vermir. Yoxsa böyük məmnuniyyətlə qan verərdim. Hansısa insanlara yardım etmək insanlıq borcumuzdur”.

Ümid Partiyasının sədri, deputatlığa namizəd İqbal Ağazadə bu aksiyada iştirak etməyə çalışacağını dedi: “Azərbaycanda istər talassemiya, istərsə də qan azlığında, istərsə də xüsusi əməliyyatlarda qanla bağlı əziyyət çəkən çox sayda vətəndaşlarımız var. Çalışacağıq ki, biz də bu aksiyada iştirak edək”.

Deputat Fazil Mustafa bildirdi ki, qanvermə cahil insanların öz bədənlərinə xəsarət yetirməməsi üçün təşkil olunmuş bir aksiyadır: “Aşura günü ilə bağlı qanvermə aksiyası əslində müsəlman üçün nəzərdə tutulan bir forma deyil. Qafqaz Müsəlmanları İdarəsi haqlı olaraq bəzi dini bilməyən, nadan insanların öz başlarını yarmaması üçün mədəni, sivil bir forma təklif edir. Bu formanı da mən təlqin edirəm. Çünki cahillərə izah etmək olmur ki, İslam dini qan tökmək, baş yarmaq dini deyil. Bu adət haradan gəlibsə, bu, Azərbaycan xalqının ümumi dəyərlərinə uyğun deyil. Bu, mürtəce ənənə olsa da, təəssüf ki, Azərbaycanda yaşamaqdadır. Bu baxımdan da məsələnin mahiyyəti ilə bağlı çox dərinə varmaq istəmirəm. Amma bütövlükdə qanvermə aksiyası daha çox o insanları nəzərdə tutur ki, bu insanlar dinin mahiyyətini anlamırlar və gedib özlərinə, uşaqlarına xəsarət yetirirlər. Bədənlərindən qan çıxarırlar ki, bu da yol verilən hal deyil. Ona görə də bizdə o məsələdə daha sərt bir mövqe tərcih etmənin qarşısını almaq üçün tədbirlə yanaşırıq. Qanvermə aksiyası normal bir prosedurdu və mən bu aksiyanı dəstəkləyirəm. Konkret olaraq özümüz adi vaxtlarda qan veririk. Dinlə, hansısa bir mərasimlə bunu əlaqələndirməyi yanlış hesab edirəm. Hər bir müsəlmanın borcudur ki, başqa insanlara kömək məqsədi ilə qan versin. Cəmiyyət daha çox sağlam dini bilgilərə sahib olandan sonra artıq bu aksiyaya da ehtiyac qalmayacaq. Ağlı başında olan adama deyərlərmi ki, sən başını yarma, gəl qan ver. Ona görə də mən şeyxin bu addımını dəstəkləyirəm. Bilirəm ki, ən azından özünə, bədəninə xəsarət yetirən o insan obrazını dəyişməyə çalışırlar. Bu da müsbət bir haldır”.

Deputat Zahid Oruc Aşura günlərində bilavasitə qanvermə aksiyasında iştirak etmədiyini dedi: “Aşura günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən zamanında verilən qərar bu hadisənin ölkəmizdə düzgün istiqamətdə qeyd olunmasına, cəmiyyətdə kədər hissi ilə bərabər eyni zamanda birlik, bərabərlik, yardım əlinin uzadılması, humanizm duyğularının gücləndirilməsinə xidmət etməsi çox düzgün addımdır və böyük rəğbətlə qarşılanır. Aşura gününə bağlı qanvermə aksiyasında bilavasitə iştirak etməmişəm. Çevrəmdən olan insanlar iştirak ediblər. Mənə elə gəlir ki, bu, şəxsi bir seçimdir. Burada bir dövləti yanaşma, yaxud da İslam təşkilatı adına bir qurumun məcburi qərarı və inzibati mövqe yoxdur. Ona görə də özüm şəxsən qan verməmişəm. Qan verməməyimin də xüsusi bir özəl səbəbi yoxdur. Bu bir mənəvi seçimdir. Zərurət olduğu təqdirdə bunu edəcəyik. Ən başlıcası bunu mənən düzgün qəbul etməkdir. Mən hesab edirəm ki, sadəcə olaraq Azərbaycanda donor qan probleminin olması deyil, qan bankının yaranmasına xidmət etmək amilindən yox, daha çox bu hadisənin bəlli səviyyədə ayrı-ayrı yerlərdə qeyd olunmasının alternativi kimi meydana çıxmağına görə bizim tərəfimizdən alqışlanır”.

Geri qayıt