Əsas Səhifə > Partiya, Güney Press > "Hafiz Hacıyev zaman-zaman mənim haqqımda ən ağır sözlər işlədib"
"Hafiz Hacıyev zaman-zaman mənim haqqımda ən ağır sözlər işlədib"1-10-2015, 08:35 |
“Dünən bizim partiyanın siyası şurası yeni qərar qəbul etdi. Mən özüm səhhətimlə bağlı parlament seçkilərində namizəd kimi iştirak etməyəcəyəm”. Bunu hafta.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. MMP sədri bildirib ki, buna baxmayaraq, partiyanın üzvlərinə sərbəstlik verilib: “Onlar sərbəst şəkildə parlament seçkilərinə namizədliklərini irəli sürə biləcəklər. Xaricdəyəm, amma mənə çatan məlumatlara görə, bölgə təşkilatımız da seçkilərə hazırlaşır. Özüm partiya sədri olaraq parlament seçkilərinə qatılmasam da, partiya demək olar ki, seçkilərə hazırlaşır”. Hafiz Hacıyev həmçinin vurğulayıb ki, o, Qərbin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyaları ilə bağlı göstəriş də verib: “Bununla bağlı onların cavablarını vermək üçün planlarımız var. İki-üç günə geri qayıdacağam. Ölkə rəhbərinin müdafiəsi ilə bağlı müəyyən ideoloji qrupların yaradılmasına köklənəcəyik. İşimizi prezidentin müdafiəsi ilə bağlı qurmağa çalışacağıq. Bizim üçün dövlətçilik hər şeydən üstündür. Biz dövlətimizə zərbə vuranların cavabsız qoyulmasına imkan verməyəcəyik. Prezidentin müdafiəsi üçün daxildən və xaricdən olan qüvvələrə qarşı mübarizə planı hazırlayırıq”. H.Hacıyev onu da deyib ki, rəhbərlik etdiyi təşkilatın bu seçkilərdə tək qalmış Azərbaycan Demokrat Partiyası (ADP) ilə birgə blok yaratması məsələsinin müzakirəyə çıxarılması istisna deyil: “Sərdar Cəlaloğlu ilə blok yaratmaq məsələsinə gəlincə, onu deyə bilərəm ki, bizim Sərdar bəylə çox yaxşı münasibətlərimiz var. Blok yaratmaqla bağlı onunla mənim aramda söhbət olmayıb. Lazım olsa, bu barədə söhbəti müzakirəyə çıxaracağıq”. ADP sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Hafiz Hacıyevlə heç bir münasibəti yoxdur. Münasibət yoxdursa, Hafiz Hacıyevin nədən “çox yaxşı münasibətimiz var” deməsi təəccüblüdür:“Şəxsən mən onu sonuncu dəfə 2013-cü ilin prezident seçkisində İctimai Televiziyada prezidentliyə namizədlər efirə çıxdığı zaman görmüşəm. O vaxtdan bu günə qədər onu görməmişəm. Bizim aramızda bu günə qədər hər hansı yaxın münasibət, əməkdaşlıq olmayıb. Müavinlərimiz arasında da hər hansı bir təmas olmayıb. Bizim partiyalarımız arasında əməkdaşlıqla bağlı da söhbət olmayıb və olması da gözlənilmir. Hafiz Hacıyev zaman-zaman mənim haqqımda, ADP haqqında ən ağır sözlər işlədib. İndi isə deyir ki, Sərdarla yaxşı münasibətim var. Mən Hafiz Hacıyevin zaman-zaman bizə qarşı işlətdiyi sözlərə cavab verməmişəm. Hafiz Hacıyevlə mənim aramda nə düşmənçilik münasibəti var, nə də dostluq, yaxınlıq. Heç bir təmasımız yoxdur. Biz maraqlanmırıq və məlumatımız da yoxdur ki, Hafiz Hacıyev qalırmı, onun partiyası varmı. Bizim Müasir Müsavat Partiyası ilə hər hansı münasibətimizin olması mümkün deyil. Biz tək qalmamışıq, bizi heç kəs təkləməyib, biz özümüz indiki mövqeyə çəkilmişik. Bizimlə əməkdaşlığa hazır olan xeyli qüvvələr var. Biz sadəcə olaraq indi əməkdaşlıq məsələsinə baxmırıq. Seçkilər bitsin, münasibətlər aydınlaşsın. Seçkidən sonrakı dövrdə əməkdaşlıq məsələsi gündəmə gələrsə, biz müəyyən qüvvələrlə əməkdaşlıq edəcəyik. O da həmin qüvvələr ola bilər ki, onlarla uzun illər bir cəbhədə olmuşuq, demokratik müxalifətdirlər. Hafiz Hacıyev isə həmin kateqoriyaya daxil olmadığı üçün bizim onunla müttəfiqliyimiz mümkün olmayan məsələdir”. Geri qayıt |